Cümə axşamı , Sentyabr 20 2018
Ana səhifə / Sosial / İranda nə baş verir? – TƏHLİL

İranda nə baş verir? – TƏHLİL

İran yenə də çalxalanır. Dekabrın 29-da Məşhəd şəhərində sosial-iqtisadi şüarlarla başlayan etirzlar bir gün sonra – Cümə günü Tehran, Şiraz, İsfahan kimi böyük şəhərlərə, o cümlədən ölkənin dini-ideoloji mərkəzi olan Quma da yayılıb. 

Ümumiyyətlə, son 100 ilin İran tarixi ilə tanış olanlara bəllidir ki, İranda etirazlar bir şəhərdə başlayır və inanılmaz sürətlə yayılır. İranlılar etiraz “üzlərini” nə Qacarlardan, nə pəhləvilərdən, nə də indiki hakimiyyətdən əsirgəməyiblər. Adətən sosial tələblərlə başlayan kiçik etirazlar tezliklə iqtidarları silkələyən nəhəng mitinqlərə çevrilir. Bu dəfə də fərqli olmadı.

Dekabrın 29-da ölkənin ikinci böyük şəhəri, eyni zamanda ikinci dini mərkəzi hesab olunan Məşhəddə bir qrup insan ölkədəki infliyasiya, bahalaşma və işsizliyə etiraz edib. Şüarlardan biri də hökumətin Yaxın Şərqdəki münaqişələrə xərcləri ayırmağı dayandırması, “İranın pullarını xalqa xərcləməsi” və korrupsiya olub. Aksiyada “sərt şüarlar səsləndirən” 52 nəfər saxlanılıb.

Ancaq səhərisi, yəni cümə günü Kirmanşah, Rəşt, İsfahan, Əhvaz, Qum və Lorestan əyalətlərində, eləcə də sonrakı gün Tehranda da aksiyalar baş verib. Tehranda ənənəvi olaraq Tehran Universitetində tələbələrlə polis arasında toqquşma baş verib. Ancaq ilk dəfə Tehranda küçələrdə toqquşmalar, mağaza və iaşə obyektlərinə hücumlar qeydə alınıb.

Əvvəlcə hadisələr iqtidardaxili mübarizə kimi xarakterizə edilib. Daha doğrusu, hələ də elə düşünənlər var. Hazırkı hökumət üstüörtülü şəkildə də olsa bu versiyanı qəbul etmiş kimi görünür. Belə ki, Məşhəddəki etirazların 2017-ci il prezident seçkilərində Ruhaninin əsas rəqibi olmuş Məşhəd İmam Rza (ə) ziyarətgahının rəhbəri Rəisinin və tərəfdarlarının təşkil etdiyi iddia olunub. Ancaq sonrakı gün aksiyalar İranın 7 şəhərinə yayılıb və şüarlar daha çox siyasiləşib. Ehtimal ki, proses bu axşam və sonrakı günlərdə də davam edəcək. Ancaq bundan sonra iki seçənək var: Ya etirazlar genişlənib ölkədə xaosa çevriləcək. Ya da güc strukturları aksiyaları daha da böyümədən yatıracaq. Artıq Daxili İşlər Nazirliyi və SEPAH komandiri bəyan edib ki, etirazlar dayanmasa xalqın dəmir yumruğu ilə əziləcək. Hələliksə baş verən bu hadisələrin fonunda ortaya çıxan bəzi nüansları qeyd etmək olar.

Biricnsi detal. Hadisələr ölkənin əsas ideoloji mərkəzlərindən birində – Məşhəddə başladı. Sonrakı gün isə əsas şəhərlərə, o cümlədən dini mərkəz olan Quma da yayıldı. Bu etirazlar əsasən sosial-iqtisadi şüarlarla başladı. Bu da onu deməyə əsas verir ki, İranda həqiqətən iqtisadi vəziyyətdən narazılıq var. İşsizlik səviyyəsi 12 faizin üstündədir. İranın iqtisadi inkişafı ilə bağlı “mühafizəkar” və “islahat” cəbhələri arasında fikir ayrılığı var. Dini liderin tövsiyə elədiyi “müqavimət iqtisadiyyatı” xətti Ruhani komandası tərəfindən dəstəklənmir. “İslahatçılar” daha çox dünyaya açılmaq, Avropa bazarına çıxmaq və bununla da iqtisadi və sosial vəziyyəti düzəltməyə çalışırlar. Ancaq birinci dönəm başa çatıb və ikinci dönəmin içərisində Ruhani Qərbin sanksiyalarını tamamilə ləğv edə bilmədi. Bu səbəbdən də embarqoların bir qismi hələ də qalır və iqtisadi vəziyyət günü-gündən pisləşir.

Bunun qarşılığında bəzi qüvvələr aşkar və ya gizli şəkildə xaricdəki əməliyyatlara dəstək verilməsini tənqid edir və ya etdirir. Ümumilikdə İranda “inqilab ixracı”, Yaxın Şərqdəki silahlı islamçı təşkilatlara dəstək verilməsinə qarşı olan böyük bir kütlə var. Ölkənin iqtisadi vəziyyətinin pisləşməsini bununla izah edirlər.

İkinci mühüm detal son etirazların Azərbaycan bölgələrinə yayılmamasıdır. Bu dəfəki etirazlar daha çox fars və kürd regionlarında geniş yayılıb. Baxmayaraq ki, Məşhəd və Tehranda böyük sayda azərbaycanlılar yaşayır. Tehranda təxminən 6 milyondan çox türk yaşadığı ehtimal olunur. Ancaq birincisi, əsas şüarlar fars millətçilərinin daha çox istifadə etdiyi şah rejimini tərifləyən şüarlar olub, etiraz aksiyalarında əsasən farsdillilər və kürdlər aktiv olub. Əhvaz kimi ərəb bölgəsində ərəblər aktiv olub. Digər tərəfdən, etirazlar Həmədan, Zəncan və kiçik qrup şəklində olan Urmiya mitinqi istisna olmaqla, Azərbaycan vilayətlərində yayılmayıb. Ərdəbildə ümumiyyətlə sabitlik olub, Təbrizdə isə xırda etirazların olduğu deyilsə də, ümumilikdə sabitlik olub. Yalnız maraqlıdır ki, Zəncan kimi dindar bölgədə sərt etirazlar olub. Hətta dini liderin şəkillərini cırıblar. Ümumilikdə azərbaycanlılar son aksiyada fəal olmayıblar, bundan sonra bəlkə də hansısa hərəkətlilik ola bilər, ancaq başlanğıcdan bu yana ötən 4 gündə azərbaycanlı bölgələrində sakitlik olub. Bu da ilkin olaraq bu aksiyalarla bağlı təsəvvür oyada bilir.

Ümumi mənzərəyə əsasən demək olar ki, bu etirazlar iqtisadi vəziyyətdən narazı olan xalqın küçəyə çıxması ilə başlayıb, ardınca təbii olaraq (eyni vəziyyət digər əyalətlərdə də mövcuddur, iranlılar narazıdır – K.R.) digər şəhərlərə yayılıb. İkinci mərhələdə etirazlara monarxistlər qoşulub, proseslər bununla da siyasi çalar almağa başlayıb. Ərəblər yaşayan Əhvazda etirazların baş verməsi, hətta boru kəmərinin partladılması xəbərinin yayılması (təsdiqləmək hələ mümkün olmayıb – K.R.) və daha sonra kürdlərin fəallaşması burada xaric amilini də işə qoşur.

İranda baş verən istənilən hadisə, xüsusən də xarici təsir məsələsi varsa, ağıla mütləq iki ölkə gəlir: ABŞ və İsrail. Artıq iranlı rəsmilər İrandakı hadisələri xarici güclərlə əlqələndirən açıqlamalar veriblər. Yeri gəlmişkən, aksiyalar başlayan vaxtlarda internet məhdudlaşdırılır, Telegram kimi səhifələr artıq filtirlənib. Bir neçə etiraz çağırışı edən səhifələr isə bağlanıb.

Məlum olduğu kimi, artıq ABŞ prezidenti Donald Tramp və Dövlət Departamenti ayrılıqda açıqlamalar yayraq İrandakı etirazlara dəstək veriblər. Dövlət Departamentindən verilən açıqlamada dünya ölkələri İrandakı etirazlara dəstək verməyə çağırılır.

Ancaq maraqlıdır ki, bu günlərdə İsrailin 10-cu kanalı ABŞ və İsrail kəşfiyyat rəsmilərinin iki həftə əvvəl Vaşinqtonda bir toplantı təşkil etdiyini və burada İranın Yaxın Şərqdəki fəaliyyətlərinin qarşısının alınması ilə bağlı razılaşma əldə olunduğu haqda xəbər yayıb. Söhbət İranın daxildən zəiflədilməsi, necə deyərlər, başının özünə qarışmasından gedir. Yeri gəlmişkən, bu barədə bir neçə ay əvvəl – mayda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman “müharibəni İranın daxilində” aparacaqlarını bildirmişdi.

Yeri gəlmişkən, 2017-ci ilin iyununda Tramp Mərkəzi Kəşfiyyat İdarəsində İran əməliyyatları bölümünə Hizbullahın əfsanəvi komandiri İmad Muğniyyənin və Bin Ladeninin öldürülməsi əməliyyatlarına rəhbərlik edən Maykl D`Andreanı təyin edib. Yaxın Şərqdə uzun illər xidmət etmiş və islam dinini qəbul eləmiş, “Ayətullah Mayk” ləqəbli bu şəxs bölgədə gizli sui-qəsdlərin və əməliyyatların əsas təşkilatçılarından hesab olunur. Bölgədə ciddi kəşfiyyat işi təcrübəsi olan bu şəxsin o zaman əsas vəzifəsinin İranı “içəridən qarışdırmaq” olduğu söylənilirdi.

Hələlik İran etirazlarında xarici faktorun nə qədər işlədiyini demək çətindir. Ancaq aydındır ki, ABŞ prezidenti açıq şəkildə İranda hökumət əleyhinə etirazlara dəstək verir. Eləcə də İranın rəqibləri, daha dəqiqi düşmənləri olan İsrail, Səudiyyə Ərəbistanı bu vəziyyətdan məmnundur, ehtimal ki, əgər hələ etməyibləsə belə, proseslər davam edəcəyi təqdirdə qarşıdakı günlərdə İrandakı rejim əleyhinə etirazlara dəstək verəcəklər. Yeri gəlmişkən, Məşhəd aksiyalarından az sonra Parisdə İran hakimiyyəti əleyhinə olan azərbaycanlı, kürd və ərəb təşkilatlarının toplantısı barədə xəbərlər yayılıb. Ehtimal ki, proseslər daha da dərinləşsə xaricdəki bu qruplar da işə salınacaq.

Hadisələr isə davam edir. İran prezidentinin xalqa müraciəti gözlənilir. Görünən odur ki, hökumət aksiyaları bir həftə tamam olmamış büsbütün yatırmağa çalışacaq. Ancaq daha da uzansa, artıq 2009-cu ildəki hadisələrin təkrarlanması baş verə bilər. Bu isə daha təhlükəli vəziyyət deməkdir.
Musavat.com

Həmçinin oxuyun

Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam …