Ana səhifə / Sosial / Ermənistan rəsmisi azərbaycanlı deputatdan üzr istəyib

Ermənistan rəsmisi azərbaycanlı deputatdan üzr istəyib

Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının (PA) 48-ci sessiyası keçirilib.

İclasın gedişində Ermənistan nümayəndə heyətinin üzvü tədbiri pozmaq istəyib. Erməni nümayəndə elm və təhsil məsələsinin müzakirə olunmasına baxmayaraq, iclasın reqlamentini pozub, Azərbaycanı suçlamayağa alışıb.

İclasa sədrlik edən QDİƏT-nın PA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev erməni deputatı reqlamentə uyğun olaraq mövzu barədə danışmağa dəvət edib. Ermənistan rəsmisi çağırışa məhəl qoymayaraq çıxışına davam etmək istəyib. Nəticədə onun təxribat dolu çıxışının qarşısı alınıb.

(QDİƏT) Parlament Assambleyasının iclasındakı qalmaqalla bağlı AzVision.az-a danışan deputat Musa Quliyev bildirib ki, Ermənistan tərəfi aprel hadisələrində Azərbaycanı günahkar kimi göstərmək istəyib. Onların bu cəhdi iştirakçılar tərəfindən gülüşlə qarşılanıb.

“İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində elmin və təhsilin davamlı inkişafa təsiri mövzusu müzakirə olunurdu. İclasın gedişində Ermənistan nümayəndə heyətinin üzvü tədbiri pozmağa cəhd göstərdi və onun cəhdinin qarşısı alındı. Belə ki, elm və təhsil məsələsi müzakirə olunmasına baxmayaraq, Ermənistan nümayəndə heyətinin üzvü ondan əvvəlki gün müzakirə olunan terrorizm mövzusuna qayıtmaq istədi. Ona reqlamentə uyğun çıxış etməyi təklif edim. Razılaşsa da, yenə terrorizm mövzusunda danışmaq istədi. Bundan onra sözünü saxladım və bir də reqlamentə uyğun çıxış etməyi təklif etdim. İclas sədri kimi xəbərdarlıq etdim ki, reqlamentdən kənara çıxacaqsa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının qərarına uyğun olaraq onu danışmaq hüququndan məhrum edə bilərəm. Yenidən o, mövzudan kənar danışdığı üçün mikrofonunu söndürdüm və səs hüququndan məhrum olunduğunu elan etdim. Nümayəndə heyətlərinin hamısı bu qərarı dəstəklədi. Bundan sonra iclas öz işini davam etdirdi”.
Millət vəkili qeyd edib ki, iclas bitəndən sonra Ermənistan nümayəndə heyətinin rəhbəri ona yaxınlaşaraq üzr istəyib: “Ermənistan nümayəndə heyətinin rəhbəri mənə yaxınlaşaraq əvvəlki gün keçirilən iclasda iştirak etmədiyi üçün məsələdən xəbərsiz olduğunu dedi. İclasda yaşanan xoşagəlməz hadisəyə görə üzr istədi. Ona bildirdim ki, özünə hörmət edən hər bir şəxs işini beynəlxalq təşkilatların reqlamentinə uyğun qurmalıdır”.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 48 iclası öz işini yekunlaşdırıb. Təşkilata sədrlik Serbiyadan Türkiyəyə keçib. Növbəti baş assambleya gələn ilin iyun ayında Türkiyədə keçiriləcək.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın