Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Elə sürətlə sürdü ki, ayaq üstə dayanmış cavan oğlan yıxıldı, oturacağı sındırdı”

“Elə sürətlə sürdü ki, ayaq üstə dayanmış cavan oğlan yıxıldı, oturacağı sındırdı”

Bakının Xəzər rayonundakı Binə qəsəbəsində yüksək sürətlə hərəkət edən 160 nömrəli marşrut avtobusunun neft çənləri daşıyan qatara çırpılması nəticəsində 2 nəfərin ölməsi, 42 nəfərin yaralanması günlərdir mətbuatın gündəmindən düşmür. Çünki bu adi bədbəxt hadisə, yaxud təsadüfi qəza deyil, sərnişinlərin həyatını narkoman, içki düşkünü, üstəlik qəza törədib insan ölümünə səbəb olmaya görə həbsdə yatmış şəxslərə etibar edilməsi ilə başlayan cinayət əməlidir.

Virtualaz.org xəbər verir ki, artıq 160 nömrəli marşrut da daxil olmaqla Bakıətrafı kənd və qəsəbələrə işləyən əksər marşrut xətləri müsabiqəyə çıxarılıb. Marşrut sahiblərinə sürücülərin işə qəbulu, sərnişin sıxlığı ilə bağlı xəbərdarlıq edilib. Bəs xəbərdarlığa əməl edilirmi, sərnişindaşımada vəziyyət dəyişibmi?

Əməkdaşlarımız metronun “Koroğlu” stansiyasının qarşısında yerləşən Nəqliyyat Mübadilə Mərkəzində avtobus sürücüləri və sərnişinlərlə söhbətləşiblər.

 

Tapşırıq verilib: qapı bağlansın və…

Səhər saatları olsa da, əvvəlki günlərlə müqayisədə avtobuslarda sıxlıq müşahidə edilmir. Sürücülər deyirlər ki, avtobuslar arasında interval 2-3 dəqiqəyədək azaldılıb, onlara isə şifahi tapşırıq verilib – avtobus tam dolmadan yola çıxmalıdırlar.

“Hətta pik saatlarında qapı açıq vəziyyətdə avtobusu sürmürük. Amma dedilər ki, kim həddindən çox sərnişin götürsə, qapı açıq vəziyyətdə yola çıxsa, cərimələnəcək”, – 171 nömrəli marşrutun adını söyləməyən sürücüsü deyir. Və əlavə edir ki, problemin həllinə gündəlik planın azaldılması ilə başlamaq lazım idi, çünki sahibkar yenə qazanır, dəyişiklik sürücünün başında çatlayır.

Digər sürücülər isə danışmaq istəmirlər, aralarından biri deyir ki, hər bir sözə görə başları ağrıyır, sahibkarın qəzəbinə gəlirlər. Sahibkar üçün sürücü tapmaq çətin deyil, işdən çıxarmaqla yeni işçi götürmək arasında cəmi 10-15 dəqiqə vaxt sərf edirlər. Amma sürücü iş tapmaqda çətinlik çəkir, gündə bir avtobus dəyişməklə qazanmaq, ailə dolandırmaq olmur: “Yüz dəfə imam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağlayın”, – sürücü əlavə edir.

160 nömrəli marşrutun sürücüləri isə jurnalistlərə qəzəblidirlər. Biri deyir ki, mətbuat nə gəldi yazaraq onları işə salıb. Sahibkar da tapşırıb ki, heç kimlə artıq-əskik danışmasınlar: “Heç mətbuat nazirliyindən də icazə almayıblar”, -sürücülərdən biri digərinin sözlərinə qarşılıq verir.

 

Yenə də yüksək sürət…

Sərnişinlər arasında isə 3 gün əvvəl baş vermiş dəhşətli qəzanın hələ də müzakirəsi gedir, çünki indi bir az sürət belə qorxu yaratmağa kifayət edir.

Sabunçu rayon sakini Ülkər Xalıqova deyir ki, autizm xəstəsi olan qızını həftədə bir neçə dəfə paytaxtdakı klinikaların birinə müalicəyə gətirir. Qəzadan sonra sürücünün ani hərəkətindən həm özü, həm də qızı qorxu keçirir. “Taksi ilə gedib-gəlməyə imkan yoxdur, Sabunçudan 62 nömrəli avtobusla gəlirəm. İnanın, dəhşətli qəzadan ibrət götürməyiblər. Dəfələrlə şikayət edirik, amma xeyri yoxdur. Hətta dünən sürücü elə sürətlə sürdü ki, ayaq üstə dayanmış cavan oğlan yıxıldı. Özü də əzildi, oturacağı da sındırdı”, – deyə Xalıqova danışır.

“Koroğlu” stansiyasından Maştağa qəsəbəsinə hərəkət edən marşrutda da vəziyyət fərqli deyil. Sərnişinlər mənzil başına sağ gəldikləri üçün şükür edirlər. 74 yaşlı Maştağa sakini Seyidağa Ağayev deyir ki, şikayətlərə baxılsaydı, qəzalar baş verməzdi: “Bir tərəfdən də sürücüləri qınamıram, çünki sovet dövründəki kimi maaş almırlar, amma plan verirlər. Bir həftədir marşrut sahibi gündəlik planı da artırıb. Sürücü evinə, balalarına çörək aparmalıdır, o da məcburdur ki, planı çatdırsın və əlavə də özünə pul qalsın. Bunun da heyfini, acığını camaatdan çıxırlar”.

Bir neçə saatlıq müşahidələrimizə görə, metronun “Koroğlu” stansiyasından Ramana qəsəbəsinə hərəkət edən 204, Buzovna qəsəbəsinə gedən 107, Nardaran istiqamətində sərnişin daşıyan 189, Bilgəh qəsəbəsinə gedən 171 saylı marşrut avtobusları da eynilə əvvəlki kimi sərnişinlərlə kobud davranır, qayda-qanuna məhəl qoymurlar.

 

Keyfiyyətsiz xidmət…

Zeynəb Cəfərova 6 ildir hər gün 171 saylı marşrutdan istifadə edir. Deyir ki, axşam saat 6-8 arası gəlib vəziyyəti görmək lazımdır. Bir-birini itələyən sərnişinlər və sürücünün kobudluğu qorxulu filmin süjeti ola bilər. Hətta çoxu “Ə, bir az qabağa get də”, yaxud “qanmazın biri qanmaz” təhqirlərinə elə alışıb ki, cavab da qaytarmır: “Bilmirəm, eyni düşünən sürücüləri haradan tapıb nəqliyyat sisteminə yığıblar. Bizi ümumiyyətlə, insan hesab eləmirlər, kobud davranırlar. Axı qanuna tüpürən bizi sayacaq? Binədəki faciədən heç 3 gün keçməyib, amma veclərinə də deyil. Bilirlər ki, onsuz da arxalarında duran marşrut sahibi var. Hamısı da kriminal adamlardır. Vallah belə getsə, ikinci Binə hadisəsini bizim bu avtobuslar törədəcəklər”.

Müsahibimiz həm də avtobusların nasaz və natəmiz olmasından şikayətçidir. Onun sözlərinə görə, dəhşətli qəzalar bu kimi problemləri kiçiltsə də, əslində çirkli, üfunət iyi verən avtobusda işə getmək əzabdır: “Şəhərin mərkəzindəki avtobuslar təmizdir, amma qəsəbələrə gedən avtobuslara baxın, sınıq-salxaq, oturacaqlar kirli, əl tutmağa iyrənirik. Biz də eyni pulu veririk də, kənarda yaşayırıq deyə üfunətli avtobuslarda ömrümüzü çürütməliyik?”, – deyə sərnişin bildirir.

Sərnişinlərdən biri isə deyir ki, sürcünün sükan arxasında narkotik istifadə edib, hallanmasını əks etdirən görüntülərdən sonra sərnişindaşımada köklü dəyişik etməli idilər. Amma problem qəzadan-qəzaya yada düşür. Marşrutlar daşıyıcılardan alınıb dövlətin nəzarətinə verilməyənədək qəzalar qaçılmaz olacaq.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …