Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Deputat: “Azərbaycanda marketdə dərman satılmasına icazə verilmir”

Deputat: “Azərbaycanda marketdə dərman satılmasına icazə verilmir”

Bu gün dünyanın bir sıra ölkələrində reseptsiz dərmanların marketlərdə də satılmasına icazə verilir. Azərbaycanda isə hələ ki, bu cür icazə yoxdur.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, Azərbaycanda hələ ki, bununla bağlı məsələ gündəmdə deyil. Deputat vurğulayıb ki, dünyada belə bir təcrübə olsa da, Azərbaycanda tətbiq olunmur. Onun sözlərinə görə, ölkəmizdə dərman vasitələrinin deyil, bioloji aktiv maddələrin aptekdən kənarda, marketlərdə satılmasına icazə verilib:

“Biz bu məsələyə bir neçə ay əvvəl baxdıq və qanunvericiliyə dəyişiklik edildi. Hazırda bioloji aktiv maddələrin marketlərdə satılmasına qanunla icazə var, burada uyğun sanitar-gigiyenik normalar, temperatur, işıq rejimi gözlənilməklə satışına icazə verilir. Əgər bu şəraiti təmin edən marketlər istəsələr, bioloji aktiv maddələri də sata bilərlər. Lakin dərman vasitələrinin satılmasına icazə verilmir. Dərmanların satışına icazə verilməsi hələ ki, gündəmdə deyil. Bilirsiniz ki, Azərbaycanda icbari tibbi sığortaya keçid planlaşdırılır və reseptlə satılan dərmanlar icbari sığorta paketinə daxil olacaq. Bəlkə də ondan sonra bu məsələyə baxmaq olar”.

M.Quliyev bildirib ki, böyük ölkələrdə bu təcrübə tətbiq olunur: “Dərmanların marketlərdə satılmasına icazə verilməsi üçün uyğun şərait yaradılmalıdır. Təsəvvür edin ki, kənd rayonunda mağazada dərman satılır. Bilməyəcəklər ki, o dərmanı hansı şəraitdə, hansı tepmeraturda saxlamaq lazımdır. Hələ ki, reseptsiz satılan dərmanların apteklərdən kənarda satılmasına icazə verməyə ehtiyac görmürəm, çünki Azərbaycanda aptek şəbəkəsi kifayət qədər genişdir”.

Qeyd edək ki, Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun layihəsi 2017-ci ildə hazırlanıb. Mütəxəssislər hesab edirlər ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər. Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

Qanun layihəsinin müəlliflərinin fikrincə isə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

Həmçinin oxuyun

Qanunsuz evlər hansı halda sökülə bilər?

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsə məxsus, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilən tikili …