“DALĞA ARENA” QONAĞIM OLAN 2 TURİSTDƏN GİRİŞ ÜÇÜN 140 MANAT ALIB” – SOYĞUNÇULUQ

Hər il ölkəmizə çoxsaylı turist səyahət edir. Bununla əlaqədar turizm sahəsindəkı boşluqlar da üzə çıxır. Mətbuatda və sosial şəbəkələrdə yerli iaşə obyektləri, müxtəlif otel, restoran, əyləncə mərkəzləri və mağazaların turistləri aldatması məsələsi mütəmadi olaraq işıqlandırılır. Yazıçı, jurnalist İlqar İlkin də öz “Facebook” hesabında oxşar rəzil halla bağlı qarşılaşdığı hadisəni diqqətə çatdırıb:

“Türkiyədən gənc bir ailə qonağımdır. Dünən dənizə getmək istədilər. Mərdəkandakı “Dalğa Arena”ya götürdüm onları. Axşam onları dənizdən götürməyə gedəndə məlum oldu ki, 2 nəfərdən sadəcə giriş üçün 140 manat pul alıblar. Onlar da pərt olmuşdu, mən də… Utandığımdan bu gün qonaqları araya bilmirəm. Bir az turist görən kimi insafı da itirmişik. Belə inkişaf etdirəcəyik turizmi?”

AVCİYA Seçki Qərargahının rəhbəri, Azərbaycan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı da “Sherg.az”a açıqlamasında bildirib ki, bu sahəsindəki problemlər uzun illərdir davam edir:

“Əhalinin istirahət üçün xaricə üz tutmasının əsas səbəbi də qiymət artımı, qanun pozuntuları kimi halların yaşanmasıdır. Öz təcrübəmdən deyim ki, ötən il istirahət üçün getdiyimiz çimərlikdə – “Limon” restoranında pulsuz maşın saxlamaq və əl-ayaq yumaq mümkün idi. Bu il isə həmin xidmətlərin hamısını qanunsuz şəkildə ödənişli təqdim edirlər. Hər bir restoran sahibi özünün qoyduğu qiymətlər, qaydalarla obyektini idarə edir.

Mövcud olan problemlərin əsas səbəbi nəzarət mexanizminin zəif olmasıdır. Yoxlamaları, nəzarəti həyata keçirən şəxslər obyektlərdən rüşvət alır və qarşılaşdıqları qanunsuzluqları gizlədirlər. Bu kimi problemlər Azərbaycan turizmi üçün xoşagələn hal deyil. Yaranmış vəziyyət ölkəyə gələnlərin azalmasına, ölkədən gedənlərin isə artmasına gətirib çıxarır”.

Məhərrəm Zülfüqarlı hesab edir ki, iaşə obyektlərində qayda-qanun yaratmaq, müştərilərdən əlavə ödənişlər tələb edən obyektləri vergilərə cəlb etmək lazımdır:

“Məsələn, maşının saxlanmasına görə ödəniş tələb edən yerlərdə qəbz verilməlidir. Müştərilər bu kimi vasitələrlə ayırd etməlidirlər ki, ödədikləri pul dövlətin büdcəsinə vergi şəklində ödənilir. Sözügedən tədbirlər həyata keçirilmədikcə, bu sahədə problemlərin aradan qaldırılması çətindir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə turizmi inkişaf etdirməyə başlayan ölkələrdə belə problemlərin tez-tez baş verdiyini söyləyib. O xatırladıb ki, qonşu Gürcüstanda da belə hadisələr yaşanırdı və ciddi nəzarət, böyük cərimələr yolu ilə problemin həllinə nail olundu:

“Avropa regionunda, xüsusilə Balkan ölkələrində də turistlər qeyd etdiyimiz problemlərlə üzləşirdilər. Təcrübə sübut edir ki, dövlətin nəzarət mexanizmləri hesabına bunu həll etmək çətindir. Çünki yüzlərlə, minlərlə turist obyektləri var. Hər bir obyektə nəzarətçi qoymaq mümkün olmayacaq. Sadə formada mətbuatın və sosial şəbəkələrin tənqidi ilə problemi azaltmaq olar. Hansısa iaşə obyektində qanunsuzluqla qarşılaşan müştəri, turist, yaxud yerli vətəndaş, turistin aldadılmasını müşahidə edən şəxslər sosial şəbəkələrdə, mətbuatda bunu qabartsa, həmin obyektin imicinə zərbə gələr. Nəticədə müştəri itirmək istəməyən obyektlər belə addımlardan çəkinəcək.

Türkiyədə bələdiyyələrə, ictimai iaşə obyektlərinə nəzarət edən orqanlara şikayət edərək, yerindəcə məsələləri araşdırmaq, ciddi cəzaların tətbiq edilməsinə nail olmaq mümkündür. Yaxud məhkəmə yolu ilə turizm obyektlərini, istirahət mərkəzlərini qanunsuzluğa görə cəzalandırmaq olar. Ayrılıqda vətəndaşlar və nəzarət orqanları fəaliyyət göstərdikdə effekt az ola bilər. Vətəndaşlarla dövlətin birgə atacağı addımlar, ictimai qınaq və s. addımlar belə problemlərin minimuma enməsinə kömək olur”.

N.Cəfərli əlavə edib ki, qanunvericilik səviyyəsində addımların atılmasına mütləq ehtiyac var:

“Adı çəkilən “Dalğa Arena” kimi obyektlərdə iki-üç dildə giriş üçün nəzərdə tutulan ödəniş yazıb, asılmalıdır. Bu qaydanı pozaraq, artıq ödəniş tələb edən şəxslər şikayət olunmalıdır. Bundan başqa, müştərilərə verilən menyunun və xidmətlərin iki-üç dildə turistlərə təqdim edilməsi, qiymətlərin aydın şəkildə əks olunması vacibdir”.

Zdrave universal kremi zdrave forte