“Dərman mafiyası” haqda yeni məlumatlar

Qaçaqmal dərman üçbucağının əsas isimləri istintaqdan kənar gəzir; Sadiq Abduyevi qoruyan general kimdir?

Dövlət Gömrük Komitəsində (DGK) yüksək post tutan vəzifəlilərlə bağlı istintaq davam edir. Hər ötən gün işdən kənarlaşdırılan vəzifəlilərin “dərman mafiyası”na bağlılıqları haqda yeni məlumatlar gəlməkdədir.

Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.

Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, “dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə “dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər. “Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmaqla əhaliyə satılıb.

Bəs hazırda Sadiq Abduyev istintaqdan niyə kənar saxlanılır?

Belə məlumatlar var ki, Sadiq Abduyev bir generalın  yaxın qohumudur. DTX  “dərman mafiyası”na qarşı əməliyyatı gerçəkləşdirəndən sonra onun da adı istintaqa cəlb edilən şəxslərin siyahısında olub. Sonradan isə işə Sadiq Abduyevin general qohumu qarışıb və onu istintaqçıların əlindən qurtara bilib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onların səlahiyyət həddin Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli olmayıb. Belə əmrlər verilməsi Sadiq Abduyevin səlahiyyətində olub ki, o da hazırda azadlıqda gəzir.

dərman mafiyası ile ilgili görsel sonucu

Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib.

Fikrət Qədiməliyevə gəlincə isə onu da həbs etməyiblər. Tibb xidməti generalının barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə bunu Fikrət Qədiməliyevin xəstə olması ilə əlaqələndirib və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarılıb. Digər aşağı vəzifəli gömrükçülərin isə istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə barələrində həbs-qətimkan tədbirləri seçilib.

Belə xəbərlər də var ki, istintaq ilkin mərhələdə “dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərindən kənar keçsə də, sona qədər belə mövqe sərgilənməyəcək. Məsələnin ən yüksək səviyyədə nəzarətə alınacağı gözlənilir. Bu isə o deməkdir ki, işdə əli olan hər kəs cəzalandırıla bilər. Yada salaq ki, məlum əməliyyatla bağlı redaksiyamıza daxil olan xəbərlərin birində deyilirdi ki, Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib. O, kiminlə işləyiblərsə, hər kəsin adını çəkəcəyini söyləyib. General-mayor bunun əvəzində şəxsi toxunulmazlıq və şərti cəza istəyib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər. (musavat.com)