Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Sosial / Cari ilin acınacaqlı statistikası: Ötən 7 ayda 700 hektar meşəlik ərazi yanıb

Cari ilin acınacaqlı statistikası: Ötən 7 ayda 700 hektar meşəlik ərazi yanıb

“Keçən ilin statistikasına görə,  1098 hektar meşəlik ərazidə yanğın baş verib. Meşə deyərkən biz həm meşə fondu torpaqlarını, xüsusi mühafizə olunan təbiət ərazilərini, bağ və qoruq ərazilərini nəzərdə tuturuq.  Bu hadisələr əsasən Qəbələ, Oğuz, Salyan, Şabran, Masallı, Ağstafa rayonlarında qeydə alınıb. Bu ilin 7 ayında isə artıq 700 hektar meşəlik ərazidə yanğın baş verib”.

Qeyd olunan məlumatları bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  meşə və çöl yanğınları ilə bağlı keçirdiyi mətbuat konfransında  nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə səsləndirib.

O bildirib ki, yanğın çox böyük ictimai fəsad törədən bir hadisədir və burada insan gücünün xaricində olan hadisələr baş verir: “İnsanın ona müdaxiə etməsi, qarşısını alması mümkün deyil. Bu yanğınlar nəticəsində həm təbiətimizə, həm dövlətimizə böyük ziyan dəyir. Həm fauna və flora ehtiyatlarımıza, atmosferə zərər dəyir. Yəni bu qlobal ictimai  fəlakət törədən bir əməldir və biz bu baxımdan yanaşmalıyıq”.

Nazirlik rəsmisi “Altıağac” milli parkında baş verən yanğın üzərində xüsusi dayanıb:  “Yanğın hadisəsinin baş verdiyi ilk gündən biz oradaydıq. Özümüz də araşdırma apardıq və yanğının yaxınlıqda olan Köhnə Quşçu kəndinin biçənək ərazisində baş verdiyini öyrəndik. Hətta həmin ərazidə mühidə etdik ki, orada ocaq qalanıb. Kənarlara iki daş qoyulmuşdu, ortasında kiçik bir dəmir parçası var idi. Çox güman ki, orada çay qaynadılıb, otun içində çay qaynadıblar, dincəliblər və alov ota  sıçrayıb. Yanğın da idarəolunmaz bir hadisədir. Sürətlə biçənəyə yayılıb və oradan yaxınlıqdakı dağlıq əraziyə keçib. Biz artıq həmin insanlarla bağlı faktlar toplamışıq, Siyəzən Rayon Polis Şöbəsinə müraciət etmişik. Düşünürük ki, həmin insanlar tapılacaq, məsuliyyətə cəlb olunacaq. Bu çox vacibdir. Təsəvvür  edin ki , 3 gün o ərzində dövlətin külli miqdarda vəsaiti xərcləndi. FHN-in helikopterləri və şəxsi heyəti işlədi. Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin işçiləri öz xidməti vəzifələrini qoyub, 3 gün səhər-axşam bu ərazidə çalışdılar. Flora və faunaya dəyən ziyan ölçüyə gəlməz. Bütün bunlar hansısa bir məsuliyyətsiz şəxsin əməli üstündə baş verdi”.

Hikmət Əlizadə onu da vurğuladı ki, artıq bu hadisələrə son qoymaq üçün məsuliyyət məsələsi gündəmə gəlməlidir: “Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində olan cəzalar tətbiq edilməlidir. Qanunvericilikdə qəsdən yanğın törədilməsi ictimai təhlükəli terrorçuluq əməlinin tərkib hissəsi sayılır. Düzdür,  son hadisənin qəsdən törədildiyini iddia etmirəm. Ancaq elə hallar da olur. Kimsə  qonşusu ilə yola  getmirsə onun taxıl zəmisini yandırır və sair. Bu sahədə jurnalistlərin də köməyinə ehtiyac var. Çünki cəmiyyətdə maarifləndirmə işi aparılmalıdır. Həmçinin hüquq- mühafizə orqanları istər ehtiyatsızlıq üzündən, istərsə də qəsdən yanğın törədən təqsirkarları məsuliyyətə cəlb etməlidirlər. Bu kimi faktlar artdıqca insanlarda məsuliyyət hissi də artacaq”.

Nazlirlik rəsmisi vətəndaşların bu məsələdə həssas olmamasından da narazılığını ifadə etdi: “Çox vacib bir məqam da vətəndaş məsuliyyətidir.  Düşünün ki, Ekologiya və   Təbii Sərvətlər Nazirliyinin meşə idarələrində işləyən əməkdaşları, FHN-in Bakıda əsgər və şəxsi heyəti yanğının söndürülməsinə cəlb edildi, ancaq Siyəzən rayonunun əhalisindən bir nəfər gəlib bizə kömək eləmədi. Hətta yanğın baş verən kəndin sakinlərində də bir nəfər yox idi. Ən azı öz evlərinin, balalarının mühafizəsi üçün,  onlara oksigen verən meşənin xilası üçün heç kim köməyə gəlmədi. Bunun üçün də mətbuatın köməyinə ehtiyacımız var ki, maarifləndirmə  işi aparılsın”. Musavat.com

Həmçinin oxuyun

Temperatur 10 dərəcə aşağı düşəcək – Leysan, qar gözlənilir

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti daha …