Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bu günün Türkiyəsi məni niyə qorxudur… –  Hüseynbala Səlimov

Bu günün Türkiyəsi məni niyə qorxudur… –  Hüseynbala Səlimov

Bəri başdan deyim ki, Türkiyədə baş verən son olaylara maksimum dərəcədə anlayışla yanaşmağa cəhd edirəm. Ona görə də lap əvvəlcə fövqəladə vəziyyət məsələsinə toxunmaq istərdim.

Hərbi çevriliş cəhdi yatırılandan sonra fövqəladə vəziyyətin tətbiqi gözlənilən idi. Ona görə də bəzi qurumların onu həddən ziyadə şişirtməsini bir azca süni hesab edirəm. Böyük terror olaylarından sonra bir neçə Avropa ölkəsində də fövqəladə vəziyyət elan olunub.

Təbii ki, beynəlxalq qurumların da təlaşını anlayıram. Kövrək demokratiya halında olan ölkələrdə demokratiyadan sapmalar (müvəqqəti olsa da!), eləcə də müxtəlif ekstremal rejimlərin tətbiqi hər vaxt narahatlıqla və bir azacıq da şübhə ilə qarşılanır, çünki belə hallarda vəziyyətdən sui-istifadə epizodları, “vint”ləri lazım olandan artıq bərkitmək cəhdləri olur…

Üstəlik, bir məsələ ilə bağlı da münasibətimi bir daha açıqlayım. Lap əvvəldən – Türkiyədə bu olaylar baş verəndən bir neçə dəfə yazmışam ki, F.Gülənin hərbi çevrilişdə iştirak edib-etməməsindən asılı olmayaraq siyasi fəaliyyətinə son verilməlidir.

Məsələ bundadır ki, mən heç vaxt dini siyasətə qatanları, dini – siyasi sektalar, “loja”lar yaradaraq siyasətə “arxa qapı”dan girmək istəyənləri təqdir etməmişəm. F.Gülən də ya açıq siyasi fəaliyyətə başlamalı, yaxud da bir daha deyirəm ki, siyasətdən tamamilə çəkilməli, ələlxüsus da, dini siyasətə qatmamalıdır. Ona və tərəfdaşlarına ya ruhani olmağı, ya da ki, dinc və konstitusion, leqal siyasətlə məşğul olmağı tövsiyə edərdik…
Bu mənada elə bir ciddi problem yoxdur. Amma Türkiyədə aparılan qeyri-adi dərəcədə geniş “təmizləmə” əməliyyatları, hərbçilərlə bahəm hətta jurnalistlərin də nəzarət altına alınması, telekanalların və qəzetlərin bağlanması məni bir az ehtiyatlandırır.

İxtiyarsız olaraq fikrimdən belə bir sual keçir ki, bu gün Türkiyədə istənilən demokratik hakimiyyət və sistem üçün mövcud olan “qırmızı sərhəd” tapdanmayıb ki?.. Mən Türkiyə kanallarını çox izləyirəm. Və burada Türkiyə üçün əvvəlki dövrlərdə heç də xarakterik olmayan bəzi detallar tuturam.

Əvvəlcə bir şeyi deyim ki, bu kanallar mənə bir neçə il bundan əvvəlki öz telekanallarımızı xatırladır. Yəqin, çox yaxın keşmişdə bizim telekanallarda yeni – yeni “çevriliş cəhdləri”i, ölkə müxalifətinin məkrli “siyasi plan”ları haqqında gedən bitib – yükınməz və adamı lap bezdirən silsilə “veriliş”lər hamınızın yadındadır…

İndi Türkiyə telekanalları da az qala, bizim o vaxtki telekanallara bənzəməyə başlayıb. Amma bu da hələ hamısı deyildir. Fəqət, əvvəl bir məsələni də qeyd edim. Mən Allahını sevən və ona itaət edən adamam. Hətta M.F.Axundzadə da yazırdı ki, dində üç vacib şərt vardır: etiqad, əxlaq və bir də ibadət. Mənim etiqad sarıdan heç bir problemim yoxdur, Allahıma da inanıram, onun qanunların da…

Düşünürəm ki, elə əxlaq sarıdan da hər hansı bir ciddi problem olmamalıdır – mənə elə gəlir ki, elə bir günahın sahibi deyiləm, hərçənd, daha düzünü Allah bilir…

Amma ibadət məsələsində bir azacıq problemim vardır – etiraf edirəm ki, dini ayinləri yerinə yetirmirəm. Fəqət, yenə də belə hesab edirəm ki, mən Allaha inanan və dinə bağlı insanam…

Bütün bunları, özümün dinə münasibətimin detallarını niyə deyirəm? Türkiyədən siyasi aksiyalarla və nümayişlərlə bağlı verilən süjetərdə dini çağırışlar eşitmək indi adi bir hala çevrilb. Halbuki əvvəllər belə şeylər heç olmazdı. Biz belə şeyləri daha çox başqa ölkələrdəki dini radikalların dilindən eşitməyə alışmışdıq…

Ona görə də çox ehtiyatlanıram. Bərk narahatlıq keçirir və az qala, özümə yer tapa bilmirəm. Ona görə ki, Türkiyədə getdikcə M.K.Atatürk ideallarından geriyə çəkilmək, özü də hiss olunacaq dərəcədə çəkilmək cəhdləri duyulur.

Bəli, əsasən bir müsəlman ölkəsi olduğu üçün Türkiyədə islamın qabarması elə də təəccüblü görünməməlidir. Nə qədər dünyəvi dövlət olsa da, təbii ki, Türkiyə ilk növbədə bir müsəlman ölkəsi olaraq qalır. Amma hər şeyin bir norması da olmalıdır və bu ölkə özünün ən üstün, ola bilsin, ən ali keyfiyyətlərindən birini – sekulyarizmi itirməməlidir…
Ölkə o vaxt demokratik və dünyəvi olur ki, dindarlar da, etiqad etməyənlər də Konstitusiyanın himayəsini eyni bir dərəcədə hiss edir və özlərinə qarşı eyni bir münasibət duyurlar.

Fəqət, hətta bir kənar müşahidəçi kimi mən də görürəm ki, qardaş Türkiyənin siyasət əqrəbi təəssüf ki, getdikcə dinə və dindarlara tərəf daha çox meyl edir, onalara tərəf daha çox dönür. Bu mənə O. Pamukun bir cümləsini xatırladır: “Türkiyədə kişilər dinlə məşğul olur, qadınlar isə intihar edirlər…”…

Bəli, Türkiyədə hələ ki, demokratik seçkilər keçirilir, onlar saxtalaşdırılmır. Amma tək seçki, politloqların dediyi kimi, elektoralizm müasir demokratiya üçün heç də kifayət deyildir. Hüquqi dövlətdə hüququn aliliyi prinsipi gözlənilməli, hakimiyyət və çoxluğun iradəsi insan hüquq və azadlıqları ilə məhdudlaşdırılmalıdır. Əks təqdirdə, hər bir müsəlman ölkəsinin ən yaxşı halda İrana çevrilmək təhlükəsi vardır.

O dramatizm ki, bu məsələ ilə bağlı hazırda Türkiyədə yaşanır, mənə daha çox O.Pamukun “Qar” romanında təsvir edilənləri xatırladır. Həm də mənə elə gəlir ki, R.T.Ərdoğan kifayət qədər avtoritar və sekulyarizmə, dünyəvi dövlət modelinə bir o qədər də sayğısı olmayan siyasət liderdir.

Elə bu günlərdə bir detal çox diqqətimi cəlb etdi. Türkiydəki aksiyaları göstərirdilər. Bir gəncin əlində tutduğu plakatda belə bir cümlə yazılmışdı: “R.T.Ərdoğan, mən səni babamdan da çox sevirəm!”… Bax, bu, məni çox qorxudur. Ona görə ki, burada zombiləşmə əlaməti görürəm. Normal halda, normal davranış və normal münasibət tərzində siyasi liderlər nə qədər populyar olsalar belə, biz onları öz doğma ata və analarımızdan artıq sevə bilmərik.

Belə bir hal onu göstərir ki, Türkiyədə artıq emosiya, hiss mənitiqi üstələməyə başlayıbdı. İnsan isə bir halda gözəl olur – əqlilə hissi tarazlıq təşkil edəndə…

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın