Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Sosial / Brendləşən Azərbaycan xalçası dünya markaları ilə bir sırada

Brendləşən Azərbaycan xalçası dünya markaları ilə bir sırada

Milli brend hazırda təşəkkül dövrünü yaşamaqdadır. Artıq mağazalarda dünya markaları ilə yanaşı dayanan yerli istehsala da rast gəlmək mümkündür. Bu da olduqca təqdirəlayiqdir. Hazırda bu sahədə ciddi rəqabət yaranıb. Bu gün dünyaya səs salan Azərbaycan xalçaları da milli brendin ön sıralarında yer alır. “Azərbaycan xalçası” brendinin dünya bazarında öz yerini tutması və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərovun AZƏRTAC-a təqdim etdiyi növbəti yazı, Azərbaycan xalçasının brendə çevrilməsi prosesində keçdiyi mürəkkəb və şərəfli yola işıq salır. Yazını oxuculara təqdim edirik.

Dünyada sürətlə qloballaşma prosesi gedir. Müasir dövrün cəmiyyətə bəxş etdiyi yeniliklər, mədəni, iqtisadi inteqrasiya ölkələri və xalqları bir-birinə daha çox yaxınlaşdırır. Bu yaxınlaşma fərqli mədəniyyətlərə özünüifadə baxımından geniş qapılar açır. Bununla belə, iqtisadi maraqlar da arxa planda qalmır. Bu gün hər bir ölkə öz maraqları və maraqlı tərəfləri ilə önə keçməyə can atır. Bu “yarış cədvəlində” ölkələrin zəngin mədəniyyəti, dəyərləri ilə yanaşı, onların yaratdıqları və dünyaya ixrac etdikləri brend məhsullar da xüsusi yer tutur. Güclü brend uzunmüddətli tarixi, mədəni, siyasi və iqtisadi inkişafın nəticəsidir. Uğurlu qlobal brendlərin olması ölkənin tanınması və iqtisadi inkişafına böyük töhfələr verdiyindən, bir çox dövlətlər brendləşmənin inkişafına dəstək verir, onların maraqlarını qoruyurlar. Milli dəyərləri dünyada brend məhsula çevrilən dövlətlər isə çox az saydadır.

Dünyanın inkişaf etmiş ölkələrinin adı çəkilərkən, onların tərəqqisindən söhbət açılarkən ilk yada düşənlərdən biri də bu ölkələrin ixrac etdikləri brend məhsullardır. Hazırda uğurlu brendlərin böyük hissəsi bir neçə meqabrend ölkələr – ABŞ, Almaniya, Yaponiya, İsveçrə, Böyük Britaniya, Fransa, İtaliya, Koreya Respulikası, Türkiyə, Rusiya və Çin tərəfindən dünya bazarına çıxarılır. Bu ölkələrdə istehsal olunan məhsullardan istehlakçılar keyfiyyət gözləyirlər və bunun müqabilində istənilən məbləği ödəməyə hazırdırlar. Adıçəkilən və digər inkişaf etmiş ölkələrin brend məhsul istehsalı asanlıqla başa gəlməyib. Onlar bir məhsulu brendə çevirmək üçün uzun bir yol keçiblər. Bu ölkələr tarixən dünyaya özlərinə məxsus məhsullar ixrac ediblər. Həmin məhsullar müasir dövrümüzdəki kimi, brend adlandırılmasa da, mahiyyət eyni olub. Onların ticarət yolları ilə Şərqə, Cənubi Amerikaya apardıqları, Avropada satdıqları güzgü, kitab çapı avadanlıqları və digər texniki vasitələr, qızıl-ziynət əşyaları, xəz dəri məmulatları o zamanın brend məhsulları sayılırdı. Müasir dövrdə də həmin ölkələr güclü brendləri ilə özünəməxsus imic yaradıblar. ABŞ “Apple”, Yaponiya “Toshiba”, “Sony”, “Panasonic”, “Toyota”, Koreya Respublikası “Samsung”, İsveçrə “Rolexs”, “Tissot”, Almaniya “Audi”, “Porsche”, “Mersedes-Benz”, “Siemens”, “Adidas”, “BMW”, “Wolksvagen”, Türkiyə “Arçelik”, “Vestel”, “Tofaş” kimi brendləri ilə bütün dünyada məşhurdur. Qidadan tekstilə, elektronik avadanlıqlardan avtomobil sənayesinə qədər bütün sahələri əhatə edən bu məhsullar uzun illərdir ki, dünya bazarında öz yerini qoruyub saxlayır. İstehsal olunan məhsulları brendə çevirmək üçün keyfiyyət amili əsas götürülüb. Həmin məhsulların təbliğat işinin düzgün qurulması da onların brend olmasında mühüm rol oynayıb. Əlbəttə ki, bu siyahını daha da genişləndirə bilərik.

Azərbaycan da tarixən dünya bazarına bir çox məhsullar çıxarıb. Ölkəmizin Böyük İpək Yolu üzərində yerləşməsi buna öz təsirini göstərib. Azərbaycanın dünya bazarına çıxardığı və zamanla brendə çevrilən məhsullardan biri də xalçadır. Xalqımızın təfəkkürünün və istedadının məhsulu olan xalçaya həmişə müxtəlif ölkələrdə böyük maraq olub. Azərbaycan az saylı ölkələrdəndir ki, milli dəyəri olan, keçmişini, tarixini əks etdirən xalçanı brend məhsula çevirə bilib.

Bu gün dünyanın bir çox nüfuzlu muzeylərində və şəxsi qalereyalarında saxlanılan Azərbaycan xalçaları onların tarixən brend məhsullar kimi alındığını və çox dəyərli olduğunu sübuta yetirən faktlardandır.

Müasir Azərbaycan dövləti tarixi ənənəni bərpa edərək əl üsulu ilə, milli naxışlarla toxunan xalçaların şöhrətini özünə qaytarmaq, onu yenidən beynəlxalq brendə çevirmək üçün mühüm tədbirlər həyata keçirib. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da xalçanın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

Dövlət proqramında qeyd olunduğu kimi, xalçaçılıq işinin inkişafını dəstəkləyən ölkələr, əsasən, xalçaçılıq sahəsində ölkə brendlərinin yaradılmasına və xarici bazarlarda təşviq edilməsinə xüsusi əhəmiyyət verirlər. Bu isə həmin ölkələrdə xalça istehsalının rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması Azərbaycan xalçalarının başqa ölkə brendləri adı altında satılmasının qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir.

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb. Cəmiyyət İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirib və artıq “Azərbaycan xalçası” brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız “Azərbaycan brendi” adı ilə satılır.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan xalçası” brendinin dünya bazarında öz yerini tutması və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Aydın məsələdir ki, keyfiyyətsiz məhsul brend ola bilməz. Ona görə də ilk növbədə keyfiyyət amilinə ciddi diqqət yetirilir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça”nın Xaçmaz filialının açılışında bu xalçaların keyfiyyətini xüsusi vurğulamışdı: “Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.

Bir məhsulun brendləşməsi üçün reklam, təbliğat və marketinq işinin düzgün qurulması da əsas şərtlərdəndir. Odur ki, “Azərxalça” dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir. Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə “Azərbaycan brendi” kimi təqdim olunur. 2016-2018-ci illərdə “Azərxalça”nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada keçirilən beynəlxalq tədbirlərdə sərgilənib və böyük maraq oyadıb. “Azərxalça” hər il qatıldığı DOMATEX xalça satış-sərgisi zamanı keçirilən “Xalça dizaynı” müsabiqəsində də iştirak edir.

Bundan başqa, Azərbaycan xalçalarının təbliğatı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu “Halı” və “Carpet XL” jurnalları ilə əməkdaşlıq edilir. Bu jurnalların hər nömrəsində Azərbaycan xalçaları reklam olunur. Daha çox biznes sektorunda yayılan bu jurnallarda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki saylarında klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu jurnalların əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir.

Azərbaycan xalçalarının milli brend kimi təbliğatında sosial şəbəkələrin imkanlarından da istifadə olunur. “Azərxalça”nın rəsmi “Facebook”, “İstagram” və “Twitter” səhifələrinin 10 mindən çox izləyicisi var. Dünyanın müxtəlif ölkələrindən olan izləyicilər hər gün yenilənən bu səhifələrdə “Azərxalça”nın filiallarında toxunan xalçalarla tanış olurlar. Sosial şəbəkələrdəki təbliğat bununla bitmir. “Azərxalça”nın dəstəyi ilə yaradılan və fəaliyyətini davam etdirən “Azerbaijan carpet” adlı ingilis dilində olan “Facebook” səhifəsini 50 minə yaxın sosial şəbəkə istifadəçisi izləyir. Bu səhifədə həm tarixi Azərbaycan xalçaları, həm də “Azərxalça”nın filiallarında istehsal olunan məhsullar təbliğ və təqdim olunur. Dünyanın 50-dən çox ölkəsinin sosial şəbəkə istifadəçisinin izlədiyi bu “Facebook” səhifəsinin ən çox izləyicisi Avropa ölkələridir. Bu təbliğat vasitələri Azərbaycan xalçasının brend məhsul kimi tanıtımına öz töhfəsini verir.

Azərbaycan xalçası mədəni ənənələrə əsaslanan dövlət brendidir. Bu milli brendimiz xalqımızın özünəməxsus xüsusiyyətlərini, tarixi və mədəni köklərini özündə cəmləşdirir. Azərbaycan xalçasını dəyərli edən onun tarixi çeşnilər əsasında toxunmasıdır. Bu xalçalar öz keyfiyyəti, gözəlliyi, qədim çeşniləri, unikal və mənalı naxışları ilə istehlakçının şüuruna təsir edərək ona uzunmüddətli seçim üstünlüyü qazandırır.

Bütün bu sadalananlardan belə nəticəyə gəlmək olar ki, istənilən məhsulun brendləşməyə gedən yolu onun keyfiyyətindən və düzgün təbliğatından asılıdır. Tam cəsarətlə demək olar ki, bu istiqamətdə görülən işlər Azərbaycan xalçasının brend məhsul kimi dünya bazarında öz layiqli yerini tutmasına gətirib çıxarır.

Dünya təcrübəsi göstərir ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Eyni zamanda, ölkənin brendləşməsi xarici turistlərin və xarici investisiyanın cəlb edilməsinə, daxili bazarın stimullaşdırılmasına, ixrac həcminin artmasına, valyutanın möhkəmlənməsinə şərait yaradır. Milli dəyərlərini brendə çevirən dövlətlər isə həm də öz tarixlərini, mədəniyyətlərini təbliğ edirlər. Bu mənada Azərbaycan xalçasının brend məhsul kimi dünyaya ixracı çox böyük əhəmiyyətə malikdir.

VIPedu.BIZ

Həmçinin oxuyun

BU DÖVLƏT ŞİRKƏTLƏRİ İCTİMAİYYƏTƏ HESABAT VERMİR – Siyahı

Azərbaycanda dövlətə məxsus səhmdar və məhdud məsuliyyətli cəmiyyətlərin təxminən yarısı 2017-ci ilin maliyyə (audit) hesabatını …