Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Bir küçəni təmir edəndə alternativ yolu da qazmaq yolverilməzdir” – EKSPERT

“Bir küçəni təmir edəndə alternativ yolu da qazmaq yolverilməzdir” – EKSPERT

Hazırda Bakıda bir neçə əsas küçədə təmir işləri aparılır. Aparılan təmir işləri zamanı küçə və prospektlərin asfalt örtüyü yenilənir, bütün kommunal xətlər dəyişdirilir. Lakin sürücülər tərəfindən şikayətlər var ki, işlər eyni istiqamətli küçə və prospektlərdə aparıldığı üçün bu, avtomobillərin hərəkətinə maneə yaradır. Nəticədə isə xüsusilə də günün pik saatlarında yollarda tıxaclar yaranır. Məsələn, hazırda Babək prospekti yenidən qurulur. Bu yola alternativlərdən olan Qara Qarayev prospektində – “Xalqlar Dostluğu”, “Əhmədli” metro stansiyalarının ətrafında da yol qazılıb asfaltlanır.

“Yeni Müsavat”a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, şikayətlər olsa da yollarda təmir işləri aparılmalıdır:

“Hazırda Bakıda Təbriz prospektində, Babək prospektində və metronun ”Əhmədli” stansiyasının yaxınlığında olan Məhəmməd Hadi küçəsində təmir işləri aparılır. Məhəmməd Hadi küçəsi və Təbriz prospektində aparılan işlər təxminən bir ay ərzində tamamilə yekunlaşacaq. Babək prospektində isə aparılan işlər sentyabr ayına qədər davam edəcək. Sürücülər şikayət edirlər, ancaq təmir işləri aparılmalıdır axı. Eyni istiqamətdən danışırıqsa, o zaman Bakıda elə bütün yollar bir-biri ilə kəsişir. Bu baxımdan yolların hamısına “eyni istiqamətli” ifadəsini şamil etmək olar. Bakıda yollar bir-biri ilə uzlaşdığı üçün təmir işləri aparılan zaman digər küçədə müəyyən sıxlıq yaranır. Hazırda Bakı şəhərində sıxlığın yaranmasının da səbəbi təkcə bununla bağlı deyil.

Anar Nəcəfli ile ilgili görsel sonucu

Nəzərə almaq lazımdır ki, ölkədə müəyyən tədbirlər də həyata keçirilir. Tədbirlər zamanı isə yollarda müəyyən məhdudiyyətlər qoyulur və hansısa yolda tıxac yaranır. Hazırda Babək prospektində bütün kommunikasiya xətləri yenilənir. Yolun təmir işlərinə qalsa asfalt örtüyünü bir neçə günə də döşəmək olar. Ancaq məsələ təkcə asfalt örtüyündə deyil. Orada tam olaraq yenidənqurma işləri aparılır. Kanalizasiya, su xətlərinin hamısı yenilənməlidir. Əgər yenilənməsə, yenə də problemlər ortaya çıxacaq. Düşünülür ki, sentyabr ayına kimi bütün işlər yekunlaşsın. Bəbək prospekti yenidən qurulur və tamamilə yeni simada olacaq”.

Babək prospektinin ümumilikdə uzunluğu 9 km, eni 30 metrdir. Prospekt 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır.

“Azərsu” ASC-dən “Yeni Müsavat”a bildirilib ki, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə “Yeni Müsavat”a bildirib ki, əslində təmir işləri aparılan zaman bəzi məsələlər nəzərə alınmalıdır:

Ərşad Hüseynov ile ilgili görsel sonucu

“Məlumdur ki, aparılan təmir işlərini hər zaman alqışlamaq lazımdır. Deməli, yaxşı işlər görülür. Ancaq təmirin özünün də icrası ilə bağlı həm təhlükəsizlik, həm də hərəkətin fasiləsizliyi baxımından yanaşmalar olmalıdır. Təmir olunan küçədə əgər hərəkət məhdudlaşdırılırsa, maksimum dərəcədə çalışılmalıdır ki, həmin istiqamətdə o küçənin yükünü götürən küçə və prospektlərdə rahat hərəkət olsun. Küçə bağlanır, bu isə o deməkdir ki, yük ortada qalır. Yükü paylaşan zaman paralel, alternativ küçələrdən istifadə olunur. Ona görə də həmin küçələrdə təmir işinin aparılmasına qətiyyən yol vermək olmaz. Bəzən təmir aparanlar deyirlər ki, eyni vaxtda qonşu küçələri də təmir etmək bizə rahatdır, çünki texnikamız ərazidədir. Belə hallara yol vermək olmaz. Alternativ küçələrdə də hərəkət sxemləri dəyişdirilə, yol hərəkətinə müvəqqəti olaraq yenidən baxıla bilər. Gərək bu işləri görənlər özləri hər bir küçə barəsində araşdırma aparsınlar”.

Ekspert bildirib ki, əsas problem odur ki, təmir işləri həddindən artıq uzun müddət davam edir: “Maraqlanmışam, deyirlər ki, kommunikasiya xətlərinin hamısında yenilənmə işləri aparıldığı üçün işlər bu qədər vaxt uzanır. Ancaq yenə də bu işi elə planlaşdırmaq olardı ki, təmir daha tez yekunlaşsın. Çünki artıq orada iş görən qurumların hamısının layihəsi hazırdır. Su xətti, kanalizasiya, rabitə, elektrik xətti çəkənlərin hər biri planlarını qurublar, smetalarını da müəyyənləşdiriblər. Start verilən kimi hər kəs ardıcılıqla işləri görməlidir. Ancaq belə bir hal yaranıb ki, qurumun biri işi görür, digəri isə deyir ki, hazırda işçilərimiz başqa işlə məşğuldurlar. Burada işləri aparmağa zamanımız yoxdur. Belə olmamalıdır. Babək prospektində inandırım ki, işləri 1 aya da icra etmək olar. Dünyada belə təcrübə var ki, 1 ay ərzində bu cür işləri tamamilə başa çatdırırlar. Hesab edirəm ki, işləri təkmilləşdirmək lazımdır. Layihələrin razılaşdırılması, vəsaitlərin eyni vaxtda yönəldilməsi, işçi qüvvəsindən, texnikadan səmərəli istifadə öz həllini tapmalıdır”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …