Ana səhifə / Sosial / Binəqədi Bələdiyyəsi narazılıq yaradır… – GİLEY

Binəqədi Bələdiyyəsi narazılıq yaradır… – GİLEY

…Binəqədi qəsəbəsinin ərazisində dəlalların əlilə sənədsiz olaraq satılan torpaqlarda qanunsuz tikilən evlərin sayı çoxdur. Bu məzmunlu narazılıqlarla bağlı ərazidə oldum…
Həmin torpaqlarda qeyri-qanuni yollarla ev tikənlər deyirlər ki, bu yerlərdə onlar özbaşına məskunlaşmayıblar. Verilən torpaqların hər kvadratmetrinə kimi hesablayıb onlardan pul alıblar. Aldıqları pulları dövlətin hesabına keçirməmək üçün isə həmin evləri “qanunsuz tikililər” adlandırıblar. «Qanunsuz» sözünü, bir növ cinayətlərini gizlətmək üçün əllərində dəstəvuz ediblər. Sənədsiz mülklərin sayı çoxaldıqca, ərazidə yaşayanların müşkülləri də artıb. Bir çatışmazlıq digərinə vasitə olub.
Bizi Binəqədi qəsəbə bələdiyyəsinə gətirən də sakinlərin narazılıqları oldu. Xüsusilə, havaların soyuması əhalinin qarşılaşdığı problemləri bir az da dərinləşdirib. Evlərinə işıq, qaz, su çəkdirmək istəyən sakinlər “Asan xidmət”in qapısında qalıblar. İşığın, qazın və suyun evlərə çəkilməsinə icazə üçün onlardan mülkiyyət sənədi tələb olunur. Belə sənədlər isə, ancaq qanuni yolla torpaq verilmiş və onun üzərində tikilmiş evlərə verilir. Təəssuf ki, Binəqədi qəsəbə bələdiyyəsinin ərazisində məskunlaşanların əksəriyyəti “qanunsuz zəbtetmə” yolu ilə ev tikənlərdir.
Biz bələdiyyə binasına daxil olanda evinə işıq, qaz və su çəkdirmək üçün əli hər yerdən üzülmüş vətəndaşlarla da rastlaşdıq. Dəhlizdə deyinə – deyinə o tərəf – bu tərəfə addımlayan vətəndaşlardan biri diqqətimizi cəlb etdi. Dediyinə görə, sənədsiz tikilən evlərdən birində yaşayır. Qış qapını döysə də, mülkiyyət sənədi olmadığına görə hələ də evinə qaz xətti çəkdirə bilmir. Bundan ötrü dəfələrlə “Asan xidmətin” qapısını döyüb. Ancaq mülkiyyət sənədi olmasa, bizi narahat etmə, – deyiblər.
Bütün bu və ya digər problemlərin çarəsini aramaq, ərazidə məskunlaşan sakinlərin dərdini daramaq üçün bələdiyyə sədri ilə görüşmək istədik. Ancaq, bu, bizə nəsib olmadı. O, bələdiyyənin fəaliyyətindəki uğurlu və uğursuz işləri qəzetimiz vasitəsilə ictimai müzakirəyə çıxarmaqdan yayındı. Onun bu mövqeyi işlərin yerli idarəetmə üsulu ilə qurulmadığını və bir məmur metodu ilə çalışdıqlarını göstərirdi.
Binəqədi qəsəbə bələdiyyəsinin ərazisi 164.0 ha – dır. Bələdiyyənin sədri Aytac Əliyevadır. O, bu vəzifəyə 28 yanvar 2015-ci ildən seçilib. Bələdiyyənin 14 üzvü var. 6 daimi komissiya, 5 şöbə, 2 bölmə fəaliyyət göstərir. Bələdiyyədə 43 qulluqçu çalışır. Kiçik bir idarədə 43 qulluqçunun çalışması bizi də təəccübləndirdi. Dövlətdən ayrılan və vergi ödəyicilərindən toplanan pulları bu qədər işçiyə vermək israfçılıq deyilmi? Əlbəttə, bizdən deməkdir. Sonrası aidiyyatı qurumların işidir.
Binəqədi bələdiyyəsində bizdən gizlədilən, örtülü qalan problemlər, yəqin ki az deyil.
Biz geri dönəndə hava küləkli idi. Təmizlənməmiş zibil qutularından “uçuşan” sellefon torbalar səmada oynaşırdı. Evlərin arası ilə uzanan əyri – üyrü, təmirsiz yollardan havaya qalxan toz dumanı bu yerlərin abadlıq işlərinə həsrət qaldığına əminlik yaradırdı. Binəqədi Sovet zamanlarında ən çox neftə bulaşıq ərazilərdən biri idi. Odur ki, burda abadlıq işlərinə ara verilməməli, yaşıllıqların sahəsi isə genişləndirilməli idi. Bir sözlə, Binəqədi qəsəbəsinin vətəndaşları kimi ərazilərinin də qayğıya böyük ehtiyacı var. Sakinlərin səsini toplayaraq seçilən bələdiyyə sədri Aytac Əliyeva, görəsən, bunun fərqindədirmi?
“Təzadlar”

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …