Ana səhifə / Sosial / Bayram yaxınlaşır, insanları bayram süfrəsi qayğısı bürüyür…

Bayram yaxınlaşır, insanları bayram süfrəsi qayğısı bürüyür…

Rəşad Həsənov: “Bayram süfrəsinə xərclənən vəsait hər bir ailənin maddi vəziyyətindən asılı olaraq çox ciddi şəkildə dəyişir”

Novruz bayramına sayılı günlər qaldıqca, insanları bayram süfrəsi üçün hazırlıq təlaşı bürüyür. Bazar və marketlərdə çeşid bol olsa da, əksər insanların maddi imkanı bu çeşid bolluğundan yarralanmağa imkan vermir. Bayram süfrsi üçün lazım olacaq ərzaq məhsullarının qiyməti isə hər keçən gün bir az daha bahalaşır.

Xalqımız Novruz bayramını bolluq, bərəkət bayramı hesab edib, xüsusi önəm verdiyi üçün digər bayramlardan fərqli, daha şən və bol çeşidli süfrə arxasında yaxınları ilə qeyd etmək istəyir. Çünki Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Buna görə də hər kəs istəyir ki, evindən bayramın atributları olan şəkərbura, paxlava, qoğalın ətri gəlsin, bayram süfrələrinin şahı plov, müxtəlif çeşidli yeməklər, çərəzlər, meyvələr süfrədə yer alsın.

Qeyd edək ki, bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Yeddi rəqəmi azərbaycanlıların düşüncəsinə görə müqəddəs olduğundan süfrədə 7 cür xörək, 7 cür şirniyyat və 7 cür qovurğanın olması xalqımız tərəfindən vacib sayılırdı. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir. Cənub bölgəsində xörək siyahısına plov, balıq ləvəngisi (bu xörək mütləq şit balıqdan hazırlanmalı və eyni zamanda süfrəyə balığın başının da qoyulması vacibdir), qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq dolması və şabalıdqovurma daxildir. Şirniyyatlara isə şorqoğalı, şəkərbura, paxlava, badambura, rulet, partdama, qədnçörək aiddir.

Ancaq əhalinin indiki imkanları keçmişdən gələn bu süfrə bolluğu ənənəsini yaşatmağa imkan vermir. Biz də 4 nəfərlik bir ailə üçün ortabab bir bayram süfrəsinin təxminən neçəyə başa gələcəyini öyrənmək üçün bir neçə market və bazara üz tutduq.

Qeyd edək ki, bayram yarmarkaları təşkil edilsə də və orada qiymətlərin nisbətən ucuz olduğu bildirilsə də, bazar və marketlərdən elə fərqi olmadığını müşahidə etdik. Apardığımız müşahidələr əsasında deyə bilərik ki, alıcılar da vəziyyətdən olduqca naraz idilər. Qiymətlərə gəlincə isə süfrənizdə rəngarəng boyanmış yumurta görmək istəyirsinizsə, 1 ədəd adi yumurta üçün 15 qəpik, kənd yumurtası üçün isə 28-30 qəpik ödəməli olacaqsınız.

Bundan başqa 1 kilqramlıq düyülərin qiyməti növündən və hara istehsalı olmasından asılı olaraq 2-5 manat arasında, kərə yağı növündən asılı olaraq 7- 18 manat arası, duru yağ 1 manat 70 qəpik 5 manat arası, mal əti 10-11 manat arası, quzu əti 11-12 manat arası,  toyuq 5-7 manat arasında təklif edilirdi.

Şirniyyatlara gəlincə isə fındıqlı paxlavanın kilosu 24 manat, qozla bişirilən isə 25 manata, şəkərburanın isə bir ədədi 80 qəpik və 1 manat manat arası, badamburanın bir ədədi 1 manat, qoğal 50-80 qəpik arası, tortların isə ən ucuzunun qiyməti 10 manata təklif edilirdi. Səməni formasında bəzədilmiş tortların qiyməti isə 18-20 manat arasında dəyişirdi. Bazar və marketlərdə xüsusilə bəzədilmiş Novruz xonçaları, səbətləri də satılırdı. İçərisində bir neçə şirniyyatın yer aldığı paxlava, buta formalı kiçik ölçülü  səbətlər 25 manatdan başlayan qiymətlərlə, nisbətən böyükləri isə 250-300 manat arasında dəyişirdi.

İqisadçı ekspert Rəşad Həsənov bayram süfrəsinin neçəyə başa gələcəyi ilə bağlı konkret rəqəm deməyin çox çətin olduğunu bildirdi : “Biz konkret olaraq bayram süfrəsi üçün lazım olan xərclər barədə araşdırma və ya hesablama aparmamışıq. Konkret rəqəm demək çox çətindir. Təbii ki, bu rəqəm hər bir ailənin maddi vəziyyətindən asılı olaraq çox ciddi şəkildə dəyişir. Yəni bu rəqəm 1000 manatdan yuxarı da ola bilər, 30 manatdan aşağı da. Bunun konkret olaraq hesablanması çox çətindir. Amma bir məsələni qeyd etmək istəyirəm ki, hazırda qiymətlərin artması təbiidir. Bazarın mövcud olduğu şəraitdə qiymətlər tələb və təklif əsasında formalaşır. Bayramla bağlı bir sıra məhsullar, xüsusilə də spesifik məhsullar daha çox bayram ərəfəsində istehlak olunur. Bu məhsullara da tələbin artması qiymətləri artıracaq. Daha yaxşı olar ki, maiyyə vəziyyətindən asılı olaraq insanlar bayramla bağlı bazarlıqlarını daha erkən dövrlərdə etsinlər. Bu onların xərclərini, eyni zamanda qiymət artımından yaranmış zərərlərini müəyyən qədər konpensasiya edilməsinə imkan yarada bilər. Amma çox təəssüf ki, ölkədə əhalinin sosial rifahı erkən hazırlıqlara imkan vermir və bu bazarlıqlar bayram ərəfəsinə təsadüf edəcək. İnsanlar yüksək qiymət artımında zərərlə üzləşəcək. Bayramla bağlı müxtəlif mexanizmlər tətbiq edilə bilər. Bazarlarda qiymət siyasəti, qiymətlərin tənzimlənməsi ilə bağlı hökumətin işçi qrupu bayram yarmarkalarının təşkilini həyata keçirir. Ancaq çox təəssüf ki, bu yarmarkalar öz təyinatından çox uzaqlaşıb. Yarmarkalarda qiymətlər heç də marketlərlə yaxud da ki, digər satış məntəqələri ilə müqayisədə ucuz deyil. Bu mexanizm fərdi sahibkarların öz məhsullarını yarmarkaya çıxarması imkanı üçün nəzərdə tutulsa da, sonradan elə bir şərait yaranıb ki, bu gün artıq sahibkarlar bu istiqamətdə imkanlardan istifadə edə bilmirlər”.

R.Həsənov müəyyən məhsulların ölkəyə idxalı ilə bağlı dövri olaraq vergi siyasətində dəyişikliklər etməyin mümkün olduğunu dedi: “Qısa müddətdə qiymətlərin tənzimlənməsi bu istiqamətdə mümkün olur. Təbii ki, bu qeyri ərzaq məhsulu hesab olunur. Amma neft qayırma zavodlarının təmirə dayandırlması zamanı biz dövrü olaraq müşahidə etdik ki, Nazirlər Kabineti Azərbaycana yanacağın idxalı ilə bağlı  rüsümu aradan qaldırır. Bu mexanizmi digər istiqamətlərdə də tətbiq etməklə vətəndaşları qiymət artımlarından müəyyən qədər qorumaq mümkündür. O ki, qaldı bu istiqamətdə konkret olaraq vətəndaşın nəsə etməsinə bu çox çətindir. Təbii ki, vətəndaşlar öz imkanları daxilində çalışır ki, bayram ərəfəsində bu əhval ruhiyyəni öz süfrələrində yaratsınlar. Burada daha effektiv siyasəti ancaq hökumət həyata keçirə bilər. Həmin dövr üçün qeyd etdiyimiz kimi nəzərdə olan ən müxtəlif imkanlardan, alətlərdən istifadə edərək bazarda təklifi artırmaqla bu istiqamətdə yaranacaq riskləri müəyyən dərəcədə qoruya bilər”.

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …