Bayılda sürüşmə ən təhlükəli həddə

Hökumətin qərarı gecikir, sakinlər isə çətin durumdadırlar; ekspert “sürüşmənin gələcək təhlükəsi həddindən artıq böyük ola bilər” deyir

Bayılda sürüşmə zonasında aktivlik davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə iş aparan mütəxəssisləri bildirirlər ki, orada 20-30 metrlik böyük yarğanlar yaranıb. Qeyd olunub ki, ərazidə topoqrafik işlər aparılır və sürüşmə yerinə mayak qoymaq,  başqa işlər görmək mümkünsüzdür.

Əhalinin isə durumu dəyişməz olaraq qalıb. Hələ də sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu, kompensasiya verilməyib. Onların bir qismi artıq 3 həftədir 163 saylı məktəbdə gecələyirlər. Yerdə qalanları isə qohumlarının evlərinə sığınıblar. Sakinlər söyləyirlər ki, bu cür yaşamaq onlar üçün çox çətindir.

Sürüşmə sahəsində yaşayan   Zahid Aslanov “Yeni Müsavat”a bildirib ki, artıq onun evi yaşanılası vəziyyətdə deyil: “Divarların hamısında çatlar var. Bu gün evimdəki bütün əşyaları çıxarıb, qohumumun mənzilinə yerləşdirmişəm. Digər qonşuların da hamısı evlərini boşaldıblar. Bizə icra hakimiyyətinin nümayəndələri vaxt qoyublar ki, evləri boşaltmalısınız. Deyirlər ki, buradan çıxın. Ancaq kirayə pulu vermirlər. Camaat da daha məhəlləyə gəlmir. Heç ərazidə mütəxəssislərə də rast gəlmədim”.

Fevralın 10-da Bayılda sürüşmə hadisəsi baş verdikdən sonra əraziyə gələn Səbayel rayon icra başçısı Eldar Əzizov sakinlərə növbəti dəfə söz vermişdi ki, onlara kirayə pulu veriləcək. Lakin bu dəfə də icra başçısının vədi nəticəsiz qalıb. Hökumət hələ də Bayılda yaşayan sakinlərlə bağlı qərar verə bilmir. Ərazidə müəmmalı vəziyyət davam edir.

Bayılda sürüşmənin nə zamana qədər davam edəcəyi və başvermə səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəzi mütəxəssislər hesab edirlər ki, sürüşmə yay aylarında dayana bilər.

Əzim Məsimov ile ilgili görsel sonucu

Vəziyyətlə bağlı  “Yeni Müsavat”a 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin I müavini vəzifəsində işləmiş Əzim Məsimov danışıb. O bildirib ki, sürüşmənin səbəbi tapılmayana qədər proses davam edəcək. Ə. Məsimov eləcə də bir sıra faktlara toxunub: “Bəziləri deyirlər ki, Bayılda yeraltı çay axdığı üçün sürüşmə baş verir. Bu, Abşeron yarımadasında qeyri-mümkündür. Metronun ”Nizami” stansiyasının istifadəyə verilməsinə çox az müddət qalmış stansiyanın içərisini çay kimi su basdı. O vaxt bildirdilər ki, bu subasmanın səbəbi “Qanlı göl”dür.  Həmin su qayaların arası ilə süzülür, axırda haradasa yığılır. Nəticədə birdən-birə çay kimi axmağa başlayır. İndi Bayıl ərazisində də sürüşmənin konkret səbəbləri var. Birinci səbəb kimi “Alov qüllələri”ni görürəm. Belə ki həmin qüllələrin bünövrəsi çox dərində yerləşir. Qüllənin ətrafında da böyük qala kimi tikili var. Onun da dərinliyi azı 8-10 metrdir. Həmin tikintilər nəticəsində ərazidə olan qrunt sularının istiqaməti dəyişib, Bayıldakı sürüşmə tərəfə yönəlib.  Bayıldakı sürüşmə hadisəsinin ikinci səbəbi isə Badamdar ərazisindəki tikintilər ola bilər.  Sovet hökuməti dağıldıqdan sonra Səbayel Rayon İcra Hakimiyyəti həmin torpaqları ayrı-ayrı adamlara satmağa başladı. Nəticədə burada evlər tikildi. Bu fərdi evlərin kanalizasiya suları isə müxtəlif yerlərə axır. Kimisi həyətində quyu qazıb suya ora axıdır, kimisi kanalizasiyasını istismar müddəti başa çatmış neft quyularına bağlayıb və sairə. Bütün bu kimi illərlə yığılan sular haradansa çıxmalı idi. Hesab edirəm ki, bu sular da qayaların arası ilə məhz Bayıl yamacına axır. Hadisənin baş verməsinə səbəb kimi üçüncü bir faktor da var. Belə ki, Botanika bağının üstündə 2 su rezervuarı var. Onlar texniki su üçündür. Həmin rezervuarlardan biri su ilə dolu idi. Ola bilər ki, köhnə olduğu üçün rezervuardan su sızır. Bunu da yoxlamaq lazımdır. Əgər belədirsə, həmin suyun da istiqaməti məhz Bayıla tərəfdir. Şəhərdən Badamdara gedən yolun sağında da içməli su anbarları var. Həmin anbarlar da köhnədir. Yəni su axan yeri yox, onun 5 kilometr radiusunu axtarmaq, araşdırmaq lazımdır”.

Ekspert bildirib ki, bundan öncə də baş verən sürüşmələrin səbəbləri su sızıntıları olub: “Bayıl yamacında Zoorpark ətrafında da sürüşmə var idi. Səbəb isə Azərbaycan Televiziyasının həyətində 3 minlik su anbarı olub. Həmin anbar illərlə su buraxırmış. Bunun qarşısı alınan kimi sürüşmə də dayandı.  Nəriman Nərimanovun heykəlindən aşağıda baş verən sürüşmənin də səbəbi dairəvi evlərin kanalizasiya suları oldu. Həmin kanalizasiya sistemini düzəltdilər, sürüşmə daha baş vermədi. Zığda baş verən problemin isə səbəbi orada vaxtilə fəaliyyət göstərmiş Kərpic zavodu olub. Həmin zavod 40 ilə yaxın işlədi. Orada böyük dərə var və bura su yığılıb sürüşmə yaradıb. O zavodun fəaliyyətinin dayanmasında səbəbkar mən olmuşam ki, ərazidən torpaq götürülməsin. Bayıldakı proses su axınının mənbəyi tapılana qədər davam edəcək. Gil tökmək və digər bu kimi hadisələrlə sürüşmənin qarşısını almaq olmaz. Əgər mənbə tapılmasa, bu sürüşmənin gələcək təhlükəsi həddindən artıq böyük ola bilər. Bayıl yamacının şəhərə baxan şimal hissəsində əvvəllər şam ağacları əkilmişdi.  Hacıbala Abutalıbov həmin ağacların çıxartdırdı, yerində binalar tikildi. Növbəti sürüşmə orada baş verəcək. Bütün bu hadisələrin də hamısının səbəbkarları vəzifədədirlər. Yamacda tikilən evlərin hamısı yamacı kəsib, tikintini elə aparıblar. Onların kanalizasiyası da yoxdur. Bütün sular çuxurlara axır. Bildirirlər ki, yağış yağdı, sürüşmə aktiv fazaya keçdi. Axı bu il heç  demək olar ki, yağış yağmayıb axı. Səbəb kimi yağış göstərilə bilməz. Bütün bunlar yalnız insan fəaliyyətinin nəticəsində əmələ gəlib”.

Ə. Məsimov bildirib ki,  hazırda Teleqüllə üçün təhlükə yoxdur: “Teleqüllənin də bünövrəsi çox dərindədir. Hələ ki qüllənin ətrafı sürüşsə də özünə təsiri olmayacaq. Yalnız zəlzələ nəticəsində Teleqüllənin uçma təhlükəsi yarana bilər. Orada evləri sökməyi planlaşdırırlar. Məsələ evlərin ağırlıq yaratması deyil. Torpağı kəsiblər və yer var ki, orada artıq çöküntü baş verir. Torpaq doyur, başlayır sürüşməyə. Torpağın da növləri var. Elə torpaq var ki, su nəticəsində çökür, digərləri sürüşür və ya şişir. Bayılda hansı torpaq növünün olmasını laboratoriyada analizlər nəticəsində bilmək olar”.

Zdrave universal kremi zdrave forte