Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Sosial / Bakının sürüşmə zonasında aktivlik qalır – sakinlər yekun qərarı gözləyir

Bakının sürüşmə zonasında aktivlik qalır – sakinlər yekun qərarı gözləyir

Əziz Qaralov: “Bayıl və Badamdarda vəziyyət stabil olsa da, digər sürüşmə zonalarında aktivlik yaşanır”

Bakının ötən ildən qalma Badamdar və Bayıl sürüşmə zonalarında vəziyyət dəyişməz qalır. Hələ də ərazilərin heç biri ilə bağlı yekun qərar verilməyib. Badamdar ərazisindəki sürüşmə zonasında yaşayan sakinlər evlərindən köçürülməsə də, ərazidən keçən avtomobil yolu bağlanılıb. Nəticədə bu yoldan keçən marşrut xətlərinin də yolu dəyişib.

Mövcud vəziyyət Bayıl istiqamətinə gedən sərnişinləri narazı salır. Çünki uzun müddətdir onlar evlərinə “Azneft” dairəsi istiqamətindən getməyə məcbur qalıblar. Həmin yolun nə zaman açılacağı isə bilinmir. Bayıl ərazisində də vəziyyət gərgindir. Belə ki, Bayıl yamacının sürüşmə zonasında ötən ilin yanvar ayından köçürülən 98 ailənin gələcək aqibəti məlum deyil. Onlara bildirilir ki, ərazidə sürüşmə təhlükəsi olduğu üçün evlərinə qayıtmalarında təhlükə var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirdi ki, konkret olaraq  hazırda Badamdar və Bayıl yamacı istiqamətində sabitlik  müşahidə olunur.

Əvvəlcə məlumat üçün qeyd edək ki, Bakıda  hər il Binəqədi 1-ci mədən yaşayış sahəsində, həmçinin Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında gərginlik yaşanır. Eyni zamanda Sabunçu rayonu, Maştağa-Zabrat subasma sahəsi, “Daş karxanası” yaşayış massivi, “Şuşa” şəhərciyi, Zabrat-Məhəmmədi və “Savalan” subasma sahələrində  aktivlik qeyd edilir.

Əziz Qaralov ile ilgili görsel sonucu

Əziz Qaralov bildirdi ki, hazırda həmin ərazilərdə suyun səviyyəsi dəyişməz olaraq qalır: “Bu ərazilərdə hələ ki ciddi subasma hadisələri müşahidə olunmur. Stabil-gərgin vəziyyət qalmaqdadır. Demək olar ki, hər gün müxtəlif subasma ərazilərində məskunlaşan sakinlər tərəfindən müraciətlər alırıq. Müraciətlər təkcə Bakı ərazisindən deyil, bölgələrdən də var. Bəzən dağ başında yaşayan sakin zəng edir ki, həyətimi qrunt suyu basıb. Əslində isə həmin ərazidə heç də qrunt suyu olmur. Bunun səbəbi başqa faktorlarla bağlıdır”.

Nazirlik əməkdaşı Badamdar ərazisində monitorinqlərin davam etdiyini dedi: “Badamdar və Bayıl yamacında olmuşuq, orada vəziyyət stabil olaraq qalır. Ancaq  Nübar qəsəbəsində, Masazırda ”Zəli” gölü ərazisində sürüşmənin dinamikasında artım var. Masazırda yamacı kəsib, ev tikiblər. “Duzlu göl” deyilən ərazi var ki, həmin ərazidə binalar, fərdi yaşayış evləri tikiblər. Nəticədə torpağın dayanıqlığı itib. Həmin ərazidəki torpaq qumlu, gilli süxurlardır. Ona görə də tez doyur və ağırlıq olan kimi sürüşür. Oradakı sürüşmə də vətəndaşların özlərinin günahından baş verir. Orada ev tikmək, yamacı kəsmək olmazdı. Eləcə də Zığ ərazisində də sürüşmə prosesi aktivdir və orada da artım qeyd olunur. Bakı-Şamaxı yolunun 106-111-ci kilometrliyində sürüşmə prosesi davam edir. Hazırda da orada mövcud çatlarda artım qeydə alınır. Həmin ərazidə heç bir yaşayış yoxdur. Ona görə də sürüşmə sakinlərə zərər vermir. Ərazidə istinad divarları da çəkilib. Orada axıntı tipli uçqunlar baş verir və deyim ki, ərazi qırılma zonasında yerləşir. Bakı-Ağsu yolunun 132-ci kilometrliyində də hazırda deformasiyalar  müşahidə olunur. Yəni sürüşmənin dinamikası aktivdir”.

Mütəxəssislər bildirirlər ki, ildən-ilə Azərbaycanda sürüşmə sahələrinin sayı artır. 1980-ci ildə Azərbaycanda 100 yaşayış məntəqəsində sürüşmə qeydə alınırdısa, indi bu göstərici 400-ə yüksəlib. Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdardakı Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazilər, Masazır gölünün ətrafı – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb.

Sürüşmə zonaları hər zaman aktiv olmasa da ümumilikdə əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır. Belə ki, sürüşmələr daha çox qar yağdıqdan sonra baş verir. Lakin təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti, insanların yamacları kəsib evlər tikməsi də sürüşməyə səbəb olan amillərdir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Gürcüstanda iki azərbaycanlı “donuz qripi”nə yoluxub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı …