Bakının qəsəbədaxili yollarının bərbad vəziyyəti… – FOTOLAR

Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yolların vəziyyəti ötən illərdə xeyli asfalt işlərinin görülməsinə baxmayaraq əsasən bərbad olaraq qalır. Bu mövzuda hər il olduğu kimi yenə də payız-qış mövsümü başlayanda redaksiyamıza sakinlərdən şikayətlər, müraciətlər daxil olur.

Binə, Bülbülə, Buzovna, Hövsan, Ramana və digər qəsəbələrdən gələn şikayətlərin hamısının məzmunu demək olar ki eynidir: kortəbii məskunlaşma nəticəsində salınan yeni yaşayış məhəllələrində yol infrastrukturu yox dərəcəsindədir və nəticədə sakinlər payız-qış aylarında dizə qədər çıxan palçıqdan, yayda toz-torpaqdan əziyyət çəkirlər. Belə məhəllələrdə hər gün palçıqlı yollarla məktəbə gedib-gəlməli olan azyaşlıların çəkdikləri əziyyət isə ayrıca mövzudur.

Maraqlıdır ki, bu cür kortəbii məskunlaşma yerli məmurların bilgisi və icazəsi daxilində baş verir, sənədsiz evlər, yaxud elə qanuni icazə ilə tikilmiş evlər onların gözü qarşısında ucalır. Yəni qəfildən yerin altından üzə çıxmır. Ancaq belə məhəllələrin infrastruktur, yol problemini həll etmək lazım gələndə yerli icra hakimiyyətləri, bələdiyyələr dərhal yaxalarını kənara çəkirlər. “Vəsaitimiz yoxdur”, “Dövlət Proqramında nəzərdə tutulub” kimi ümumi sözlərlə şikayətçiləri yola salırlar.

Məsələn, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, “A” massivinin sakinləri 20 ilə yaxındır ki, eyni problemlə mübarizə aparırlar. Qəsəbələrin palçıq yollarına heç avtomobillər də davam gətirmir. Sakinlərin sözlərinə görə, bu problemlə bağlı dəfələrlə bələdiyyə və yerli icra strukturlarına şikayət etsələr də, heç kim əncam çəkmir.

Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivinin yollarını isə qışda heç at da keçə bilmir. Yollar sakinlərdən toplanan vəsait hesabına təmir olunur: “Bakıya hər dəfə yağış yağandan sonra sakinlərdən yolun təmiri üçün pul yığırlar. Düzdür, konkret məbləğ qoyulmayıb, kimin nəyə imkanı çatırsa, bələdiyyəyə köməklik edir. Çınqıl alıb gölməçələri doldururlar. O da gələn yağışa qədər davam edir. Sonra yenə əvvəlki vəziyyət…”, – deyə şikayətçilər bildirirlər.

İcra hakimiyyətləri şikayətçilərə yol probleminin “2014-2016-cı illər Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salındığı bildirilərək həll olunacağını deyirdilər. Artıq həmin proqramın vaxtı bir ildir bitib, amma problem hələ də həll olunmayıb. Bələdiyyələr problemi rayon icra hakimiyyətinin, rayon icra hakimiyyəti isə Bakı Şəhər İcra Hakimiyyətinin üstünə atır.

Suraxanı Rayon İcra Hakimiyyətində qəsəbədaxili yolların bərbad vəziyyətdə olmasından xəbərdardırlar. İcra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov virtualaz.org-a açıqlamasında qəsəbələrdə məhəllədaxili yolların Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu deyir. Onun sözlərinə görə, icra hakimiyyəti ən çox şikayət gələn yollarla bağlı BŞİH-ə müraciət edir və bundan sonra yolun təmiri üçün vəsait ayrılır.

“Suraxanı rayonunda bütün yollar mərhələli şəkildə təmir olunur. Biz yolun vəziyyətini araşdırırq, BŞİH-ə müraciət edirik. Bütün yolların birdən-birə təmir olunması mümkün deyil. Ötən il Qaraçuxur-Zığ, Zığ-Əmircan-Yeni Suraxanı yolları təmir olunaraq sakinlərin istifadəsinə verilib. İl ərzində Suraxanı rayonunda ümumilikdə 304 min kv metr yol təmir olunub. Bunun 196 min kv metri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir olunan əsas yollar, 108 min kv metri isə BŞİH tərəfindən təmir olunan məhəllədaxili yollardır”, – deyə şöbə müdiri bildirir.

Lakin rəqəmlər böyük və cəlbedici görünsə də, bu problemin aradan qalxmasından xəbər vermir. Suraxanı, Sabunçu, Xəzər rayonlarının qəsəbələrində palçıqlı küçələr nə qədər desən var.

Xəzər rayonunda da qəsəbədaxili yol probleminin nə vaxt düzələcəyi bəlli deyil. Bununla bağlı Xəzər Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Babək Mehtiyev virtualaz.org-a rəsmi məktubla müraciət etməli olduğumuzu bildirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bizə məhəllədaxili yolların təmirinin bələdiyyələrə aid olduğunu dedilər. Bunun qanunla həm də BŞİH-in təmir etməli olduğunu xatırlatdıqda isə bir saat ərzində araşdıraraq cavab veriləciyini bildirdilər. Lakin BŞİH-ə sonrakı zənglərimiz cavabsız qaldı.Virtualaz.org

loading...