Ana səhifə / Sosial / Bakıda yol polisləri ilə qadınlar arasında münaqişə yaşanıb

Bakıda yol polisləri ilə qadınlar arasında münaqişə yaşanıb

Noyabrın 1-də Sputnik Azərbaycan-ın 3 xanım əməkdaşı işə gecikdiyi üçün məzəmmət olunub. Redaksiya işçiləri evdən yola sərf olunacaq zamanı nəzərə alaraq çıxıblar. İşin xüsusiyyəti elədir ki, jurnalistlərin boş vaxtları praktiki olaraq olmur.

İşə gecikmənin səbəbi isə, nə qədər paradoksal olsa da, “20 Yanvar” metrostansiyası yaxınlığında Dövlət Yol Polisi əməkdaşının yaratdığı gərginlik olub. Belə ki, cümə axşamı saat 09:40 radələrində “20 Yanvar” dairəsindən Zərdabi küçəsi istiqamətdə hərəkət edən 29 nömrəli sərnişin avtobusuu yol polisləri saxlayıb. Onlar nəqliyyat vasitəsinə həbs qoyulduğu üçün sürücüdən sərnişinləri düşürməyi tələb edib.

Demək olar ki, bütün sərnişinlər nəqliyyat vasitəsindən yerə düşürülüb, lakin bir neçə qadın prinsipial olaraq öz yerlərində oturublar. Onlar polislərə bildiriblər ki, qanunvericiliyin tələblərini bilirlər və qanun keşikçilərindən tələb ediblər ki, avtobusu son dayanacağa qədər müşayiət etsinlər, yalnız bundan sonra nəqliyyat vasitəsini cərimə meydançasına aparsınlar. Beləcə tərəflər razılığa gəlib və sərnişinlər öz yerlərində oturduqdan sonra avtobus yenidən hərəkətə başlayıb.

Lakin Zərdabi küçəsində, keçmiş qızıl-zinət zavodu yaxınlığında müşayiət edən polis avtomobili yenidən avtobusu saxlayıb və sərnişinlərin bir hissəsini yenidən, ikinci dəfə avtobusdan düşürüb. Polislərin fikirlərini niyə dəyişdikləri bilinmir, lakin bu dəfə onlar prinsipial mövqe tutublar və narazı sərnişinlərə bildiriblər ki, kimin hara gecikməsi veclərinə belə deyil: “Biz qanunları bilirik, siz bizə onları öyrədə bilməzsiniz”.

Qadın sərnişinlər polislərdən daha da prinsipial və qətiyyətli olublar. Onlar öz dayanacaqlarında düşməyənə qədər yerlərindən tərpənməyəcəklərini bəyan ediblər. Bunu görən polislərdən biri avtobusun sükanı arxasında əyləşərək elan edib ki, “Son dayanacaq Badamdar qəsəbəsindədir və avtobus ora gedənədək heç kim yolda düşməyəcək”.

Vəziyyət yenidən gərginləşib. Haqlı mövqelərindən geri durmayan qadınlar isə, sürücüdən avtobusu onların düşməli olduqları dayanacaqda saxlamağı tələb ediblər. Nəticədə polis sürücü saxlamalı olub və qadınlar öz dayanacaqlarında avtobusdan eniblər.

Sputnik Azərbaycan-ın əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb, lakin baş verənlərə dair aydın izahat əldə edə bilməyib.

Bundan sonra müxbir Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyevə müraciət edib. Əliyev vurğulayıb ki, onlar tərəfindən baş verənlər araşdırılacaq və yalnız bundan sonra polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcək.

BDYPİ sözçüsü, həmçinin qanunvericiliyin tələbəni də açıqlayıb: “Qanuna əsasən, münaqişəli vəziyyətdən yayınmaq üçün polis əməkdaşı avtomobil parkının dispetçeri ilə əlaqə saxlamalı və sərnişinlər düşürülməzdən əvvəl alternativ ictimai nəqliyyat vasitəsi ilə təmin edilməlidir. Bununla da sərnişinlər heç bir çətinlik olmadan təyinat nöqtəsinə çata bilər”.

“Ya da YPX avtomobili avtobusu son dayanacağa qədər müşayiət etməlidir. Lakin dayanacaq bu halda onun xidmət apardığı ərazidə olmalıdır. Əks halda yol polisinin avtomobilinə quraşdırılan GPS onun müəyyənləşdirilən ərazini tərk etdiyini qeydə alacaq ki, bu da olmamalıdır. Sizin dediyiniz halda, baş verən qayda pozuntusu dispetçer tərəfindən törədilib. Çünki o, xəttə problemli avtobus buraxmamalıdır”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …