Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Sosial / Bakıda 2.5 hektarlıq şam “meşəliyini” 4 yerə bölüb hasarladılar, fürsət gözləyirlər – FOTOLAR

Bakıda 2.5 hektarlıq şam “meşəliyini” 4 yerə bölüb hasarladılar, fürsət gözləyirlər – FOTOLAR

Bu günlərdə prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirəsində bir daha Bakıda yaşıllıqların məhv edilməsi hesabına tikintilərin, qanunsuz tikintilərin aparılması məsələsinə toxundu. Prezident bildirdi ki, icra hakimiyyətləri ilə bələdiyyələrin, digər məmurların qarşılıqlı əlbir fəaliyyətinin nəticəsi olaraq yaşıllıqlar məhv edilirdi, şəhərsalma qaydalarını kobud pozmaqla tikintilər aparılırdı.

Prezident qeyd edib ki, görülən tədbirlər nəticəsində ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. “Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”-İlham Əliyev xəbərdarlıq edib.

Prezidentin Bakıda ekoloji mühitin korlanmasına səbəb olan problemlər barədə növbəti çıxışından sonra  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev də mətbuat konfransı keçirdi. Nazir müavini prezidentin tapşırıqlarına uyğun ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcəyini, cərimlərin 4-5 dəfə artırılacağını açıqladı.

Virtualaz.org prezidentin son çıxışının ardınca Bakının Nizami rayonu, Şərq küçəsi 40/85-də, “Azərsutikinti” xəstəxanasının qarşısındakı çoxillik şam ağaclarından ibarət, meşəliyi xatırladan unikal yaşıllıq sahəsində hazırda nələrin baş verdiyini araşdırmaq qərarına gəlib. Belə ki,  ötən ilin noyabrında həmin ərazidə illər əvvəl  hərəyə 20-30 sotdan artıq torpaq zəbt etməklə qanunsuz tikilmiş 10 ev  Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdü. (Baxmayaraq ki, həmin yaşıllıq Nizami rayonunun inzibati ərazisinə daxildir) Həmin ərazi əsasən Naxçıvan bölgəsindən olmaqla bir qrup sakin tərəfindən 2000-ci illərin əvvəllərində zəbt edilmişdi .

Bu söküntü prosesi zamanı ərazidə bir neçə ağacın zədələmişdilər və qanunsuz tikililiər polisin iştirakı ilə söküləndən, sakinlərlə qarşıdurmadan sonra  Suraxanı Rayon İcra Hakimiyyətinin göstərişi ilə cəmi 2.5 hektara yaxın yaşıllıq ərazisi hündürlüyü 5-6 metrə çatan hasarla əhatələnmişdi.

Məsələ ictimailəşəndən və saytımız bu barədə yazandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac kəsilməsi faktına görə 6 min manata yaxın  cərimə tətbiq etməklə ərazini nəzarətə götürdüyünü, faktla bağlı Suraxanı Rayon Prokurorluğuna müraciət etdiyini açıqlamışdı.

Yaşıllıq ərazisi 4 yerə bölündü və…

İndi isə bəlli olur ki, təxminən 1 il əvvəl 2,5 hektar yaşıllıq ərazisi qanunsuz evlərdən təmizlənəndən sonra Suraxanı rayon İcra Hakimiyyətinin tapşırığı ilə 4 yerə bölünüb, hündürlüyü 5 metri keçən daş hasarla hasarladıb, darvazalar qoyulub. Əraziyə nəzarət etmək üçün hasarla üz-üzə polis  köşkü də quraşdırılıb. Yaxınlıqdakı evlərin sakinləri deyirlər ki, hərdən bir yad adamlar görünür, darvazalar açılır, içəridən səs-küy eşidilir. Amma hasarın o tayında nə baş verdiyini bilmirlər.

Sakinlərdən biri əlavə edir ki, əvvəl xüsusilə gecələr polis keşik çəkirmiş. İndi günlərlə köşkün qapısı açılmır. Sakin köşkün pəncərəsindəki tozu göstərir.

Sökülən evlərin sakinləri hələ sakitləşməyiblər, məhkəmə çəkişməsi davam edir. Bəziləri yenə də məhəlləyə baş çəkir, sökülən evinin yerində ev tikilib-tikilmədiyini öyrənir.

Nisbətən yaşlı sakin isə əlavə edir ki, indi bu ərazidə sotu 70 minə boş ərazi tapmaq mümkün deyil. Ərazinin qanunsuz tikililərdən təmizlənməsindən sonra niyə hasarlandığı heç kimi maraqlandırmır.

Sakin: “Sualın cavabı bizə məlumdur”

Aqil adlı sakin deyir ki, əksinə sualın cavabı hamıya məlumdur. Çünki bu sualı hasarlama zamanı əraziyə nəzarətə gələnlərə də veriblər. Sakinlərə deyiblər ki, icra hakimiyyəti bu tərəflərdə evlərin qanunsuz, yəni sənədləşdirmə aparmadan tikildiyindən xəbərdardır, yaxşı olar ki hamı başını aşağı salıb sakit yaşamaqda davam etsin. Aqil də digərləri kimi ərazinin hansısa vəzifəli şəxs tərəfindən alındığına əmindir, ona görə də xəbərdarlıqdan nəticə çıxarıb. Hətta dəfələrlə şəkil çəkmədiyimizə əmin olmaq istəyir.

Sakinlərdən biri isə deyir ki, 19 ildir burda yaşayır, ərazidə  məşhur aparıcıların, şairlərin evi var, onlar səslərini çıxarmadıqdan sonra digərləri də  susurlar. Heç kim villasının qanunsuz tikili kimi bir günə sökülməsindən sığortalanmayıb.

“Əvvəl xəstəxananın ərazisindən qısa yol vardı, oradan keçərkən həyətlər görünürdü. Amma indi oranı da hasarlayıblar. Polis köşkünü də qoyublar ki, yəni bu əraziyə keçmək olmaz. Guya orada bina tiksələr kim etiraz edəcək ki?”,-müsahibizim laqeyidliklə bizdən soruşur.

Yaşıllıq ərazisi kimlərə satılıb və hasar söküləcəkmi?

Nizami Rayon İcra Hakimiyyətindən suallarımızı dinləyirlər. İcra Hakimiyyətinin özünü təqdim etməyən qadın əməkdaşı yalnız araşdırmadan sonra suala cavab verə biləcəyini deyir. Onun sözlərinə görə, qanunsuz tikililər onsuz da sökülür, hasar yaşıllıq ərazisini qorumaq məqsədilə çəkilməyibsə gec-tez söküləcək.

Lakin bütün əlamətlər bunu göstərir ki, qanunsuz tikililəri sökəndən sonra 2.5 hektarlıq bu unikal yaşıllıq ərazisi, hansı ki, onu qanunsuz tikintilərdən təmizləyəndən sonra misilsiz istirahət parkına çevirmək olardı, 4 yerə bölünərək kimlərəsə satılıb və bu adamlar çox yüksək mənsəb sahibləri ola bilər. Çünki bölünən və hasarlanan sahələrə qoyulan nəhəng darvazaların hərəsi bir rəngdə, formadadır, yəni onları eyni adam sifariş etməyib.

Və aydın məsələdir ki, 5-6 metr hündürlüyündə daş hasarlar heç də şam ağaclarını qorumaq üçün çəkilməyib. Ərazini satanlar və alanlar fürsət gözləyirlər, “ara sakitləşən kimi” bu darvazaların sahibləri hərəsi az qala yarım hektardan çox olan yaşıllıq sahəsində nəhəng villalar ucaltmağa başlayacaqlar. Yaxınlıqda yaşayanlar deyirlər ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, baş nazirin müavini Hacıbala Abutalıbovu da bir neçə dəfə oralarda görüblər.

virtualaz.org bu unikal yaşıllıq ərazisinin taleyini diqqətdə saxlayacaq. Çünki hansısa villa hərisləri, korrupsioner məmurlar prezidentin sərt xəbərdarlıqlarına baxmayaraq Bakıda ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin başlatdığı yaşıllaşdırma kampaniyası çərçivəsində əkilmiş ağacları məhv etmək hesabına tikinti aparmaq niyyətlərindən qətiyyən daşınmayıblar…

Həmçinin oxuyun

Məktəblilər həyatlarını belə təhlükəyə atır (VİDEO)

Avtomobillərə işarə verərək dayanmalarını istəyirələr. Azyaşlı oladuqları üçün sürücülər onlara piyada zolağının olmadığı ərazidə yol …