Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Sosial / Azyaşlı qızların ərə getməsinin yaratdığı fəsadlar, faciələr… – ŞƏRH

Azyaşlı qızların ərə getməsinin yaratdığı fəsadlar, faciələr… – ŞƏRH

Bir neçə gün öncə Bakıda 14 yaşlı Leyla Sadıqovanın atası Mirtəmən Sadıqov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi. Məsələ bir anın içində ictimaiyyətin diqqətini özünə cəlb etdi. Belə ki, yayılan video müraciətdən sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıqovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb. 

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi də Bakıda 14 yaşlı qızın ərə verilməsi cəhdi ilə əlaqədar araşdırmalara başlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyib ki, araşdırmanın nəticələri ilə bağlı məlumat veriləcək.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qızların anadan alınaraq sığınacağa verilməsi ilə bağlı dövlət orqanlarına müraciət edib.

Картинки по запросу 14 yaşlı qızın ərə verilməsi

Qeyd edək ki, vaxtaşırı mətbuatda, mediada bu cür az yaşlı qızların zorla və yaxud könüllü şəkildə ərə getməsi, ana olması haqda məlumatlara rast gəlirik. Araşdırmalara görə Azərbaycanda azyaşlı qızların ərə verilməsi daha çox cənub rayonlarında rast gəlinir.

Ümumiyyətlə isə UNİSEF-in açıqlamasına görə Azərbaycanda bir il ərzində təxminən 5 minə qədər 15 yaşına çatmayan qız ərə verilir. Azyaşlı qızın təfəkkürü hələ kifayət qədər geniş olmadığı üçün hansı seçimin doğru olub-olmadığına qərar verə bilmir.

Məlum olduğu kimi analqı dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunur. Əks halda ciddi fəsadlar yarana bilir. Yəni, azyaşlı qızlar hamiləliyə, ana olmağa hazır deyillər. Qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə bilir ki, bu da anormallığa gətirib çıxarır. Eyni zamanda vaxtında tez ana olmaq qadının tez yaşlanmasına, müxtəlif xəstəlilərə tutulmasına, orqanizmində hormonla balansın pozulmasına səbəb olur. Sübut olunub ki, qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran qadınlarda rast gəlinir.

Həmçinin, məlum məsələdir ki, az yaşlı qızlar təkcə fiziki deyil, həm də psixoloji olaraq da ana olmağa hazır deyil. Bu da gələcək üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsi deməkdir.

Ekspertlər qeyd edir ki, boşanmaların əksəriyyəti erkən yaşda qurulan ailələrdə baş verir.

Картинки по запросу boşanmaların əksəriyyəti erkən yaşda qurulan ailələrdə baş verir.

Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. UNİSEF-in təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin Uşaq Hüquqları Konvensiyasına da uyğundu.

Buna baxmayaraq hələ ölkəmizdə əksəriyyət erkən nikahları məqbul hal sayır. Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır. 13-16 yaşda olan uşaqların haqları var kı, ömürlərinin bu müddətini birbaşa özlərinə, təhsillərinə, əyləncələrinə sərf edib, bu dövrdə heç olmasa, ailənin nə olması haqda nəzəri biliklərə yiyələnsinlər. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olurlar.

Bəs bu problemdən çıxış yolu nədədir?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azyaşlıların ərə verilməsinin iki səbəbi olur. Birincisi, gənc qızlar təhsilə önəm vermir və kiçik yaşlarından ailə qurmağı arzulayır. Bir qismi isə tez aşiq olur, tez yetişir, düşünürlər ki, daima eşq-məhəbbət olacaq və sairə. Digərləri isə həqiqətən məcburi olaraq zorla ərə verilənlərdir. Onların da bir qismi maddiyyata görə ərə verilir. Yəni, oğlanın imkanı yaxşı olduqda valideynlər bu fürsətdən yararlanmağa çalışır. İkinci qismi isə ailə yükdən qurtulmaq üçün qızlarını ərə verməyə çalışır. Üçüncü qism isə elə düşünür ki, guya ki, qız tez ərə verilsin ki, namusu, əxlaqı qorunsun.

Картинки по запросу Mehriban Zeynalova

Təbii ki, hər bir ailə fərdi xüsusiyyətə malik olur. Lakin ümumiləşdirəndə bu cür qismlərə bölmək olur.

Yuxarıda qeyd olunan sitiuasiyada bir çox müəmmalar var. Atanın video müraciəti, bu günə qədər ailə ilə münasibəti, ünsiyyəti, nəzarət mexanizmi necə olub, bu hələ ki, aydın deyil. Ona görə də düşünürəm ki, burada qisasçılıq amili də ola bilər.

Ümumilikdə isə fikrimcə 5-6-cı sinifdən sonra qızların zorla ərə verilməsi haqda şikayət edə biləcəyi qaynar xətt yaradılmalı və onların bu qaynar xətt haqqında məlumatları olmalıdır.

Qeyd edim ki, kiçik ərazili bölgələrdə əhalinin bu cür məsələlər haqqında bilgiləri olur. Ümumiyyətlə əhalinin bu məsələdə ictimai aktivliyini artırmaq üçün yaxşı, inandırıcı çağırışlar etmək lazımdır. Misallar gətirmək lazımdır ki, azyaşlı qızları zorla ərə verəndə hansı fəsadlar yarana bilər. Əgər xatırlayırsınızsa bir neçə il bundan əvvəl Bakı kəndlərinin birində ana zorla 15 yaşlı qızını ərə verdiyi üçün qız intihar etmişdi. Qız intihar etməzdən əvvəl dəfələrlə bu haqda anasına bildirməsinə baxmayaraq ailənin dağılmaması üçün ana qızını evinə gətirməmişdi. Nəticədə faciə yaşanmışdı.

Ümumiyyətlə ailə mühiti bir çox qızlar üçün çox çətin olur. Yəni, onlar təsəvvürlərində yaratdıqları ailə modeli ilə üzləşmədikdə çətin duruma düşürlər. Məsələn, ötən il bizim quruma bir insan alverinin qurbanı olan qadın müraciət etmişdi. Məlum olmuşdu ki, qız özü öz istəyi ilə qoşulub qaçmış, lakin arzuladığı mühiti görmədikdə qısa bir müddətdə ayrılmışdı. Sonradan isə insan alverinin qurbanına çevrilmişdi.

Yəni, insanlara əl çatan və sadə yolla bu məlumatları, misalları çatdırmaq lazımdır”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Deputat: “Qadınları niyə 65 yaşında pensiyaya çıxardıq?”

Deputat Vahid Əhmədov  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu ilin …