Ana səhifə / Sosial / Azərbaycan prezidenti Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 27-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” xəbər verir ki, 2016-cı ilin Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlət başçısı bu il ərzində baş tutan görüşlərə toxunaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə çox səmərəli görüşün keçirildiyini məmnunluqla xatırladıb.
Prezident İlham Əliyev iki ölkə arasında bu il, həmçinin önəmli sənədlərin imzalandığını və onların artıq icra edildiyini deyib. 2017-ci ilin də uğurlu olacağına, iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və mühüm əhəmiyyət daşıyan layihələrin icra olunacağına əminliyini ifadə edən dövlət başçısı əlaqələrin genişləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev dəmir yolunun fəaliyyətinə uğurlar arzulayıb.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ad günü münasibətilə dövlət başçısını təbrik edib. O, eyni zamanda, Yeni il bayramı münasibətilə də Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırıb. Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. Mahmud Vaezi ona İran Prezidentinin hökumətlərarası birgə komissiyanın iclası çərçivəsində Prezident İlham Əliyevin tövsiyələrinin yerinə yetirilməsi və 2017-ci ildə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsinin hazırlanmasına dair tapşırıqlar verdiyini bildirib.
Görüşdə 2016-cı ildə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət mübadiləsinin artımı, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkənin regionları arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olunub, Neftçalada avtomobil zavodunun inşasının uğurla davam etdirilməsi və yaxın vaxtlarda Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminin keçiriləcəyi iqtisadi sahədə əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirilib.
Söhbət zamanı Naxçıvanda keçiriləcək Azərbaycan-İran biznes-forumunun önəmi vurğulanaraq forumun iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Dövlət başçısı İran İslam Respublikasının Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın