Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / “Ən yaxşısı dönərdir, çörəyi iri olur, doyuruq…”

“Ən yaxşısı dönərdir, çörəyi iri olur, doyuruq…”

Yeni dərs ili bir həftəyə yaxındır ki, başlayıb və Bakının ali məktəbləri qapılarını yenidən tələbələrin üzünə açıb. Tələbə həyatının romantizmi barədə nə qədər danışılsa, mahnılar oxunsa da əslində hər şey kənardan göründüyü kimi romantik deyil. Ağır dərs yükünün altında əzilən, hər gün ağzına qədər dolu avtobuslarda, metro vaqonlarında təri dabanından axa-axa dərsə gedib-gələn tələblərin qayğıları haqda nə qədər danışsaq azdır. Üstəlik bu qayğılara ali məktəbi bitirəndən sonra işsiz qalmaq qorxusunu da əlavə edəndə romantizmdən əsər-əlamət qalmır.

Əlbəttə, indiki dövrdə heç də bütün tələbələrin çətinliklərlə mübarizə apardığını demək olmaz. Elə dərs ili başlayan kimi ali məktəblərin qarşısında 100-150 min dollarlıq avtomobillərini park edib açarını şəstlə fırlada-fırlada auditoriyaya keçən tələblər barədə də fotolara rast gəldik. Bilənlər bilir ki, cəmiyyətdəki kəskin təbəqələşmə indi ali məktəblərdə də özünü açıq büruzə verir. Və bugünkü mövzumuzda araşdırmağa çalışacağımız problemin də belələrinə qətiyyən dəxli yoxdur. Söhbət tələbələrin günün yarıdan çoxunu keçirdikləri ali məktəblərdə nə yeyib nə içdiklərindən gedir.

Virtualaz.org bu barədə araşdırma aparmaq üçün Bakının bəzi ali təhsil müəssisələrinin bufetlərində və yaxınlıqdakı kafelərdə müşahidələr aparıb, tələbələrlə söhbətləşib.

Bütün universitetlərin yaxınlığında bahalı restoranlarla yanaşı qiymətlərin  münasib olduğu  kafelər mütləq var. Amma tələbələrin vaxtı və büdcəsi imkan vermədiyindən ora “bayramdan-bayrama” gedirlər. Restoranların müştəriləri isə “bərk gedənlər”-bufetə düşməyi özünə yaraşdırmayan, universitetə adətən şəxsi maşını ilə, hətta mühafizəçisi ilə gələn  tələbələrdir-zəngin ailələrin övladlarıdır. Belələri hər cür əyləncəni özlərinə rəva görə, dərs oxumaqdan başqa hansı hoqqadan desən çıxa bilərlər.

10 ildir dönərin qiyməti sabit qalır-1 manat 50 qəpik!

Bakı Dövlət Universitetinin əksər tələbələrinin ən çox yediyi çoxdan “tələbə yeməyi” statusu alan dönərdir.  Nə sirdirsə təxminən 10 ilə yaxındır ki, universitetin bufetində  dönərin qiyməti dəyişməz qalır- 1 manat 50 qəpik. Nə ətin bahalaşması, nə iki devalvasiya qiymətə təsir etməyib. Elə hamburgerin də qiyməti dəyişməyib – 1 manat. Universitetin tələbələri üçün dönəri cəlbedici edən də elə bu qiymət meyarıdır, içərisinə qatılan ətin mənşəyini isə heç kim soruşmur. Başqa söhbətin mövzusu olduğundan elə biz də soruşmadıq. Filologiya fakültəsinin ikinci kurs tələbəsi olan Şəlalə deyir ki,  mədəsinə ziyan olduğunu bilsə də hər gün naharını buradan aldığı dönərlə yola verir.

“Hələ dərs təzə başlayıb deyə rayondan gətirdiyim yeməklər var. Yəqin bir müddət onlarla yola verəcəyəm. Amma ümumiyyətlə, tələbəliyimizin əvəzolunmazı dönərdir. Günorta yeməyim adətən bu olur. Çünki qiyməti münasibdir, daha tutumludur. Düzdür, bu qiymətə yeməkxanadan isti yemək də ala bilərəm, amma onunla axşama qədər dözə bilmərəm. Çünki universitetdən çıxıb M. F. Axundov adına kitabxanaya gedəcəyəm…”- Şəlalə deyir.

Universitetin 1-ci korpusunda olduğumuz müddət ən uzun dərs fasiləsinə təsadüf etdiyindən bufetdə iynə atsan yerə düşməzdi. Hətta oturmaq üçün olan yerlər tutulduğundan yeməyini ayaq üstə yeyənlər var idi. Tələbələrin burada dönərdən sonra ən çox aldıqları bulka və simitdir. Qiyməti isə 30-40 qəpik arasında dəyişir. Bufetdə bir çaynik çayın qiyməti 1 manat olsa da, əksəriyyət çayı bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastik stəkanda almağa üstünlük verir. Belə bir stəkanın qiyməti isə 10 qəpikdir. Çay qədər satılmasa da, kofeyə də tələbat var. Satıcının sözlərinə görə, bufetdə 30 qəpiyə təklif olunan kofeni tələbələr ən çox səhər saatlarında yuxudan ayılmaq üçün alırlar.

Ən bahalı yemək dolmadır-3 manata

Yeməklərə gəlincə isə, universitetin mətbəxində bişən isti yeməklərin qiyməti də 1,7-3 manat aralığında dəyişir. Məsələn, burada düyü qarniri ,   üzərində toyuq qulyajı və ya kartof qızartması 1 manat 70 qəpik- 2 manata başa gəlir. Dovğanın stəkanı 50 qəpik, kompotun stəkanı 40 qəpikdir.  Yeməkxanada ən bahalı yemək isə dolmadır. Satıcı deyir ki, bir porsiyası 3 manat olan dolmanı daha çox müəllimlər, bəzən də “özünə qonaqlıq vermək istəyən” tələbələr alırlar.

BDU-nun yaxınlığında yerləşən kafelərin əksəriyyəti isə menyunu tələbələrin büdcəsinə uyğunlaşdırıb. Məsələn “Şeraton” kafesinin əməkdaşının sözlərinə görə, əksər müştəriləri tələbələr olduğundan qiyməti 3,5 manat olan biznes-lanç təklif olunur: “Bura sup və ikinci yemək daxildir. Gördüyünüz kimi, demək olar, müştərilərimizin hamısı tələbələrdir. Biz də onları nəzərə almışıq, bütün yeməklər tələbələrin cibinə uyğundur. Ən çox sifariş olunan isə lahmacun və dönərdir”.

“Ad günlərində “Savalan”a, ya da “Xəzər”ə yığışırıq”

Neft və Sənaye Universitetinin tələbələri də əksər hallarda dönər və hamburgerlə qidalandıqlarını deyirlər. Universitetin Kimya texnologiyası fakültəsinin 3-cü kurs tələbəsi Sənanın sözlərinə görə, əksər hallarda universitetin öz bufetində nahar edir. Bu həm qiymətin münasib olması, həm də vaxta qənaət baxımından sərfəlidir.

“Tələbələrin 90 faizinin yediyi dönərdir. Bufetdə yarım porsiya kartof qızartması və sosiska, və ya kotlet ən çox aldığım yeməkdir. Qiyməti 1 manat 70 qəpikdir. Kafeyə isə ancaq ad günlərində gedirdik. Dostlarımızdan birinin doğum günü olanda yığışıb ona qonaqlıq veririk. Ən çox getdiyimiz kafe isə “Savalan”dır. Bir də “Torqovı”da Həmkarlar İttifaqının kafesi “Xəzər”ə (köhnə “Venetsiya”) gedirik. Orada əsasən porsiyası 6 manat olan sac alırıq, ya da kabab sifariş veririk. O da olar ayda-ildə bir dəfə…”-Sənan belə deyir.

Tələbə bazarlığı: ayda 50-60 manatlıq ərzaq

İqtisadiyyat Universitetinin tələbələri isə şəhərin mərkəzi hissəsində yerləşdiyinə görə həm bufetdəki, həm də yaxınlıqdakı kafelərin qiymətlərindən narazılıq edirlər. Universitetin 2-ci Kurs tələbəsi Rəna Əliyeva deyir ki, bufetdə ən çox yedikləri sendiviçdir. Tələbə qızlarla birgə kirayə qaldığını deyən həmsöhbətim bildirir ki, maddi baxımdan sərfəli olmadığına görə, mümkün qədər yeməyi evdə hazırlamağa üstünlük verir: “Universitetdə sendiviçin qiyməti 1 manat 50 qəpikdir. İçərisində kartof, kolbasa, mayonez olur. Ən ucuz və sərfəli yeməyimiz budur. Bir də bufetə ən çox 10 qəpiklik çay üçün enirik. Amma şəhərin mərkəzi hissəsi olduğuna görə yaxınlıqdakı kafelərdə ucuz heç nə olmur. Çalışıram evdə yemək bişirim və özümlə götürüm. Evdə ən çox bişirdiyim  kartof qızartması, soyutma kartof və makarondur”.

İqtisadiyyat universitetinin tələbələri böyük tənəffüsdə hərdən universitetdən kənara çıxıb qarşıdakı “Güllüoğlu” şirniyyat kafesində nahar etdiklərini deyirlər. Qiymət onları qane etməsə də, keyfiyyətdən razılıq edirlər.

Söhbətləşdiyimiz tələbələrin əksəriyyəti ərzaqlarının bir hissəsini rayonda yaşayan valideynlərinin göndərdiyini dedilər. Tələbələrin çoxunun isə ət almağa ya maddi baxımdan imkanı yoxdur, ya da onu doğramaq, bişirmək vaxt apardığından toyuqla əvəzləyiblər. Aylıq ərzağa çəkilən xərc isə tələbənin maddi durumundan asılı olaraq orta hesabla 50-60 manatdır. Əksəriyyət isə sevimli yeməklərini dadmaq üçün evlərinə gedəcəyi günü – bayramları və tətili gözləyir…

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …