Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilir.

Qeyd olunub ki, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin yaranmasının səbəbi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur: “Baş katibə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, “iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər.

Üzv dövlət olan Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və işğalçılıq siyasəti KTMT-nin əsasını təşkil edən hüquqi sənədlərlə belə ziddiyyət təşkil edir.

KTMT-nin Baş katibi həqiqətən gərginliyin aradan qaldırılmasında maraqlıdırsa, onda üzv dövlət olan Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməsi faydalı olardı”.