Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Suriyanı viran qoydular, indi də tikmək uğrunda savaşırlar

Suriyanı viran qoydular, indi də tikmək uğrunda savaşırlar

Oktyabrın 27-də İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Ərdoğan, Putin, Merkel və Makronun iştirak edəcəyi sammitin əsas mövzusu Suriyadır. Toplantının əsas mövzusu İdlibdəki vəziyyət, münaqişənin davamlı həlli prosesi və Suriyanın yenidən inşası kimi məsələlərdir.

Qeyd edək ki, sözügedən sammitin sentyabrın 7-də keçirilməsi planlaşdırılsa da, müəyyən səbəblərdən baş tutmamışdı. Fransa hökuməti isə İstanbul sammitində əsas hədəfin İdlibdəki humanitar fəlakətin qarşısının alınması və atəşkəsin davam etdirilməsi olacağını bəyan edib.

Ancaq indi əsas diqqət Suriyanın yenidən inşası məsələsi üzərinə kilidlənib. Məlumdur ki, Suriyada artıq 7 ildən çoxdur davam edən müharibənin tam olaraq başa çatdığını demək olmaz. Suriyanın şimalı, konkret olaraq İdlib vilayəti, eləcə də kürdlərin – Suriya Demokratik Qüvvələri – nəzarətində olan bölgənin taleyi müəyyən deyil. Bundan başqa Türkiyə ordusunun hazırda nəzarət etdiyi Əziz-Cerablus xətti və Afrin rayonu, həmçinin Menbicin taleyi də aydınlaşmayıb. Bu mənada münaqişənin köklü həllindən danışmaq tezdir. Ölkə ərazisinin 35 faizə qədəri hökumətə qarşı olan qüvvələrin nəzarətindədir. Ancaq 5 il əvvəl ilə müqayisədə indi vəziyyət xeyli dərəcədə dəyişib. Suriyanın mərkəzi, cənub regionları, o cümlədən Livan, İordaniya və İsraillə sərhədləri tamamilə hökumətin nəzarətindədir. Bu isə böyük ərazi deməkdir və indi bu dağıdılmış bölgələrin yenidən bərpası mövzusu gündəmdədir. Çünki söhbət milyardlarla dollarlıq layihələrdən gedir.

Dünya Bankının rəqəmlərinə görə, müharibədən bu yana Suriyaya təxminən 220 milyard dollara yaxın maddi ziyan dəyib. BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura bu ilin yazında bildirib ki, ölkənin yenidən inşası üçün 350 milyard dollara ehtiyac var. Prezident Bəşər Əsəd isə bu ilin aprelində rusiyalı deputatlarla görüş zamanı ölkənin yenidən bərpası üçün 400 milyard dollara yaxın vəsaitə ehtiyac olduğunu bildirib. eyni zamanda Əsəd ölkədə infrastrukturun yenidən bərpası üçün 10-15 ilə ehtiyac olduğunu bildirib. Suriya prezidenti ölkəsinin yenidən inşasında Rusiya şirkətlərinin iştirakını arzuladıqlarını və bunun üçün rus şirkətlərinə üstünlük tanıya biləcəklərini bildirib.

syria ile ilgili görsel sonucu

Məsələ ondadır ki, 7 ildən çox davam edən müharibədən sonra Suriyanın bir neçə şəhəri istisna olmaqla bütövlükdə infrastrukturu tamamilə dağılıb. Hama, Hums, Dəra, Deyr əz-Zor, Raqqa kimi şəhərlər bütövlükdə, Dəməşq, Hələb kimi şəhərlər isə qismən dağıdılıb. Suriyanın yenidən inşa olunması qeyd olunduğu kimi, 400 milyard dollar dəyərində böyük bir tikədir. Təbii ki, bu prosesdə xüsusi olaraq region ölkələri olan Türkiyə, İran, Rusiya, eləcə də Almaniya, Fransa və Çin kimi ölkələr yaxından iştirak etmək istəyir. ABŞ isə açıqlamasa da, Vaşinqton kürdlərin nəzarətində olan Raqqa və digər bölgələrin yenidən bərpasında iştirak etmək istəyir. Bu günlərdə Səudiyyə Ərəbistanı hökuməti məhz bu məqsədlə 100 milyon dollar ayırıb. Ancaq amerikalılar yalnız kürdlərin nəzarətində olan bölgələrin təmirinə iddia edir. Çünki geri qalan ərazilərdə rəsmi Dəməşq hələlik amerikalılara o qədər də isti yanaşmırlar.

Ancaq bunun əvəzinə artıq uzun müddətdir bölgəyə yerləşməyə çalışan Çin, eləcə də Almaniya və Türkiyə xeyli dərəcədə fəallıq göstərir. Ötən həftə Çin hökuməti Suriyaya bir neçə milyon dollar dəyərində elektrik transformatorları göndərib. Bundan başqa Çin hökuməti Suriyada 2 milyard dollar sərmayə qoymaqla yeni sənaye parkı yaradacağını bəyan edib. Bundan başqa çinlilər Suriyanın gələcəkdə sement, şüşə və polada ehtiyacının çox olduğunu diqqətə alaraq bu ölkəyə adı çəkilən məhsulların ixracatını düşünür. Eyni zamanda çinlilər Aralıq dənizi sahilində böyük ərazilərə sahib olan Suriyanın zeytun yağı potensialını yüksək qiymətləndirərək bu ölkədə yeni zeytun yağı fabrikləri yaratmağı və Çinə Suriyadan zeytun yağı ixrac etməyi planlayırlar.

syria ile ilgili görsel sonucu

Suriyanın bərpasına ən çox maraq göstərən ölkələrdən biri də Almaniyadır. Ötən il keçirilən Suriyanın bərpası ilə bağlı sərgi-konfransa almanlar böyük maraq göstərib. “German Foreign Policy” jurnalı isə Almaniya Ticarət və Sənaye evinin Şimali Afrika və Yaxın Orta Şərq idarəsinin rəhbəri Filipp Andre bildirib ki, müharibədən əvvəl Suriya ilə iş qurmuş Almaniya şirkətləri indi Suriyanın bərpasında iştirak etməyə can atır. O, hətta bəzi təkliflərin gəldiyini də bildirib. Xüsusən də infrastruktur layihələri, küçələr, körpülər, boru və elektrik xətlərinin tikintisi işlərinə alman şirkətləri maraq göstərir.

O da məlumdur ki, 2017-ci ildə keçirilən Dəməşq Beynəlxalq Sərgisi 43 dövlətin şirkətləri qatılıb. Sərgi 10 gün davam edib. Təbii ki, əsas üstünlük Rusiya, İran və Çin şirkətlərinə tanınacaq. Suriyada mobil rabitə şəbəkəsinin İran şirkətlərinə verildiyi bildirilir. Bundan başqa Dəməşq, Hələb və Hums vilayətində İran şirkətlərinin 30 min mənzil inşaatı layihəsini həyata keçirəcək. İranlılar mənzil inşaatı ilə yanaşı inşaat materialları istehsal edən müəssisələr qurmağı planlaşdırır.

Ölkənin enerji sektoru, xüsusən də qaz təminatında rus şirkətləri yaxından iştirak edəcək. Artıq Suriyanın qaz təminatının 25 faizinin Rusiya şirkətinə verildiyi bildirilir. Ümumilikdə isə Bəşər Əsədin vurğuladığı kimi, Rusiya şirkətlərinə xüsusi üstünlük tanınacaq və onların Suriyanın gələcək inşası layihəsindən böyük pay alacağı gözlənilir.

Bütün bunları nəzərə alanda İstanbul toplantısında dünyanın və regionun böyük gücləri olan Rusiya, Almaniya, Fransa və Türkiyənin İstanbul sammitində müzakirə mövzusunun nədən Suriyanın bərpası olduğu anlaşılır. Suriyanın yenidən normal ölkəyə çevrilməsi həm də həyata keçiriləcək inşaat və yenidənqurma işlərindən asılıdır. Bu isə böyük bir paydır, təxminən 350-400 milyard dollar. Təbii ki, hazırkı işsizlik və iqtisadi sanksiyalar dövründə belə bir böyük layihə hər bir ölkə üçün cəlbedicidir, xüsusən də Türkiyə və İran kimi ölkələr üçün hava və su kimi lazımdır.

Lakin təbiidir ki, Suriyanın yenidən bərpası sadəcə iqtisadi məsələ deyil, həm də siyasi məsələdir. Söhbət Suriyada iqtisadi sektorda möhkəmlənmək deməkdir. Suriya isə Aralıq dənizi sahillərində yerləşən, həm də tarixən Yaxın Şərqin kilid ölkəsidir. Belə bir ölkədə iqtisadi fəaliyyətləri olan dövlətlərin Yaxın Şərqdə siyasi baxımdan möhkəmlənməsi anlamına gəlir. Bu səbəbdən də Çin, eləcə də Almaniya kimi ölkələr bu işə xüsusi maraq göstərir. Fransa isə keçmiş müstəmləkəsini Rusiyaya güzəştə getmək istəmir. Bu səbəbdən də İstanbula toplaşacaq ölkələrin liderləri bir mənada Suriyanı ikinci bir masada, bu dəfə Avropa ilə “bölüşdürməyə” cəhd edəcəklər. (Musavat.com)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …