Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Siyasi mühacirləri ölüm xofu bürüdü

Siyasi mühacirləri ölüm xofu bürüdü

Böyük Britaniyada Rusiyadan olan siyasi mühacirələri ölüm xofu bürüyüb. Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının əsəb sistemini iflic edən dəhşətli kimyəvi silahla zəhərlənərək ölümcül vəziyyətə düşməsinin, bunun ardınca keçmiş oliqarx Boris Berezovskinin dostu, “Aeroflot”un keçmiş kommersiya direktoru Nikolay Qluşkovun Londonda evində boğularaq öldürülməsi Kremlə qarşı çıxan digər mühacirləri də ölüm növbəsini gözləməyə məcbur edib.

“The Times” qəzeti yazır ki, 2011-ci ildə Böyük Britaniyadan siyasi sığınacaq alan rusiyalı biznesmen Valeri Morozov elektron poçtuna ölüm təhdidləri daxil olduğunu bildirir. Morozov Rusiya prezidentinin İşlər İdarəsinin yüksək vəzifəli əməkdaşını rüşvət almaqda ittiham edib. 2010-cu ildə Morozov bəyan edib ki, prezidentin İşlər İdarəsinin əsaslı tikinti Baş idarəsinin rəisi Vladimir Leşevski ondan 180 milyon dollarlıq tenderə görə 12 faiz “otkat” istəyib. Bundan sonra Morozova təzyiqlər başlayıb və o, 2012-ci ildə Rusiyanı tərk edib.

Hazırda Surrey qrafllğında ymaşayan Morozov deyib ki, ötən həftə, Skripalın zəhərlənməsi ilə bağlı qalmaqalın şiddətləndiyi bir vaxtda onun elektron poçtuna şifrəli mesaj daxil olub: “Onlar Sergeyin dalınca gəldilər, onlar sənin dalınca da gələcəklər”.

Morozov bu mesaja məhəl qoymayıb. Lakin tezliklə növbəti məktub alıb: “Başına gələcəklər doğrudan vecinə deyil? Sənin təsdiqini gözləyirik”. Bu dəfə Morozov təhdilərlə bağlı Böyü Britaniyanın hüquq-mühafizə orqanlarına müraciət edib və ona dövlət mühafizəsi ayrılıb.

Valeri Morozov

“The Guardian” qəzeti isə yazır ki, Rusiyadan 2009-cu ildə qaçmış mobil rabitə maqnatı Yevgeni Çiçivarkin Nikolay Qluşkovun öldürülməsindən sonra həyatı üçün ciddi narahatlıq keçirməyə başlayıb. Böyük Britaniyada Rusiya hakimiyyətinə qarşı siyasi fəaliyyətlə məşğul olan, eyni zamanda Mayfairdə şərab biznesi quran Çiçivarkin ötən bazar günü Rusiya səfirliyinin qarşısında etiraz aksiyası təşkil etmişdi.

Biznesmen bildirir ki, son zamanlar müəmmalı hadisələr baş verir. Çiçivarkinin sözlərinə görə onun ofis notbukları sirli şəkildə yoxa çıxıb. İki həftə əvvəl  Sohoda onun köməkçisinin çantasından notbuk oğurlayıblar. Bu kompüterdən biznesmen Rusiyaya, müxalifət lideri Aleksey Navalnıya PayPal sistemi üzərindən ianələr göndərirdi. Biznesmenin sözlərinə görə, onun köməkçiləri Rusiyadan Londona qayıdarkən iki dəfə yükləri itib, sonra yüklər qaytarılıb. Amma onların içərsində nəsə axtarıldığı məlum olub.

Yevgeni Çiçivarkin

“Burada risk Rusiyada olduğundan azdır. Lakin mən birlikdə işlədiyim adamlara və ailəmə görə narahatam”-Çiçivarkin deyib.

“The Sunday Times” isə Böyük Britaniyaya qaçmış keçmiş KQB casusu, 63 yaşlı Viktor Makarovun özünü növbəti qurban hiss etdiyi barədə yazır. O, Böyük Britaniya kəşfiyyatına işləyib, ifşa olunandan sonra beş il həbsdə saxlanılıb, sonra gizli şəkildə Qərbə qaçıb. Hazırda o, İngiltərənin şimal şəhərlərindən birində kasıb bələdiyyə mənzilində yaşayır.

“Hiss edirəm ki, məni satdılar. Mən Britaniyaya etibar edirdim, hesab edirdim ki, onlara işlədiyimə görə qayğıma qalarlar. Həyatımı riskə atdım, bu ölkənin xeyrinə casusluq etdim. İndi güzəranıma baxın”-Makarov tək yaşadığı miskin və yoxsul mənzilində jurnalistlərə deyib.

Viktor Makarov

Keçmiş casus deyib ki, o Skripaldan daha betər iş görüb, Rusiyanın Polşaya hərbi müdaxilə planını, digər sirrləri Mİ6-ya ötürüb. “Onlar Litvinenkonu öldürəndə mən qorxuya düşdüm. İndi isə Skripal. Növbəti mən ola bilərəm. KQB heç vaxt yaddan çıxarmır, mən onların siyahısındayam”-Makarov deyir.

Böyük Britaniyada yaşayan digər rusiyalı siyasi mühacir Yuri Dubovu da ölüm xofu bürüyüb. Amma o, “The Telegraph”a danışır ki, öz həyatı üçün yox, qlobal miqyasda baş verə biləcək hadisələr üçün qorxur. “Onu nəzərdə tuturam ki, Putin müharibəyə gedir. Biz hazırda bunun başlanğıcını izləyirik. Qorxuram ki, müharibə baş verəcək”-Dubov deyir.

“Biz həmişə dövlətin hədəfində olmuşuq və buna vərdiş etmişik. Qluşkovun başına gələnlər məni təəcübləndirmədi. Onun ölümündən sonra mən informasiyaların kəsildiyin gördüm”-biznesmen əlavə edib.

2008-ci ildə Dubov Boris Berezovski və Badri Patarkatsişvili ilə birlikdə Londonda krallıq vəkili, lord Goldsmitin ofisində Rusiyada aparılan aktivlərin və mülkiyyətin qəsb olunmasına dair bir neçə iş üzrə mühüm şahid ifadələri veriblər. Bunula da Rusiya hakimiyyətinə meydan oxuyublar. Cəmi bir neçə saat sonra Patarkatsişvili müəmmalı şəkildə ölüb. Pataloqoanatom onun ürək tutmasından öldüyünə dair rəy versə də dostları həmişə əmin edirlər ki, gürcü milyoneri öldürüblər. Bundan beş il sonra isə Berezovskinin meyiti tapılıb. Və indi, Berezovskinin ölümünün beşinci ilinin tamam olmasından cəmi bir neçə gün sonra onun dostu Qluşkovu boğub öldürüblər.

“Və həmin dörd muşketyordan sağ qalan təkcə Dubovdur”-qəzet yazır. (Virtualaz.org)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …