Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Şeyx ölkədən çıxdı – gələn il qayıdacaq

Şeyx ölkədən çıxdı – gələn il qayıdacaq

Allahşükür Paşazadə niyə Həsən Ruhaniyə etiraz etmədi?

 
İran prezidenti Həsən Ruhaninin işğalçı Ermənistana səfəri və qatil prezident Serj Sərkisyanla görüşünə Azərbaycanın ən müxtəlif  təbəqələrindən etirazlar oldu. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin  müsəlman həmrəyliyindən danışan bir ölkənin rəhbərinin məscidləri donuz fermasına çevirən bir ölkə ilə “əbədi dost” olaraq qalacaqlarını bəyan etməsinə reaksiya verməməsi təəccüb doğurdu.
Bəlkə də başqa vaxt olsaydı, İran prezidentinin Ermənistan səfəri bu qədər qıcıq doğurmazdı. Amma məsələ burasındadır ki, İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərinə İrandan davamlı təpkilər gəldi və qonşu ölkə açıq-aşkar Azərbaycanın daxili işlərinə qarışdı. İmam Sadiq Universitetinin Öyrənci Bəsicinin (radikal könüllü hökumət tərəfdarları) siyasi məsulu Nəvid Əmidi Azərbaycanın Tehranda səfirliyinə etiraz tablosunun göndərildiyini açıqlamışdı. “Bu tabloda  Netanyahu ilə görüş və fələstinli uşaqların qanına qəltan edilməsi səhnələri təsvir edilib. Təsvirdə yazılıb: Torpağı işğal altında olan bir dövlət, müsəlman torpağını işğal edən dövlət ilə dost olmaz”-deyə, N.Əmidi yazmışdı.
Ancaq nədənsə İsrail dövləti ilə əməkdaşlığa etiraz edən İran təmsilçiləri Xocalıda qətlə yetirilən körpələri və bu qətliamda şəxsən iştirak etmiş S.Sərkisyanın həmin hadisələrlə bağlı etiraflarını “unudublar”.
Məntiqlə bir tablo da İran prezidentinə göndərilməli idi. Qarabağı işğal edən Ermənistanla ən yaxın əməkdaşlıq edən ölkələrdən birinin nümayəndələri unudurlar ki, İranla Ermənistan arasında hərbi, iqtisadi, mədəni sahələrdə onlarla müqavilə imzalayıblar. Bu müqavilələrin əksəriyyəti Azərbaycana qarşı yönəldilib. Elə son səfərdə İran Ermənistana böyük investisiyalar qoyacağını, erməni şəhərlərini qazlaşdıracağını rəsmiləşdirdi.
Netanyahunun səfərinə İran rəsmiləri tək-tək etiraz etsə də, din xadimləri xüsusi fəallığı ilə seçildi. İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi cümə namazı xütbələrində çıxış edərək müsəlmanları Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxmağa çağırmışdı. Digər çıxışlar da oldu. Lakin Azərbaycandan bir-iki din xadimi istisna olmaqla, İran prezidentinin Ermənistan səfərinə etiraz edən olmadı. Hətta deputat Fazil Mustafa İranın təbliğatçısı rolunda çıxış edənlərə xitabən son səfərə reaksiya verməyə çağırmışdı.
Bəs Qafqaz Müsəlmanları İdarəsinin susmasına səbəb nə olub? İranla normal münasibətləri olan Şeyxülislam Hacı Allahşükür Paşazadə Ruhaninin səfəri ərəfəsində qonşu ölkəyə gedib öz nüfuzundan istifadə edərək ən azı Ermənistana səfəri zamanı Sərkisyana təsir göstərməsini xahiş edə bilərdi.
Hətta dekabrın 7-də İran şirkətlərinin Şuşa məscidini bərpa edəcəyinə dair tərəflər arasında sənədin imzalandığı haqda erməni KİV-ləri xəbər yayıb. Azərbaycan XİN-in etirazı olsa da, QMİ bu cür həssas olaya da etiraz etmədi. Şeyxülislam heç olmasa Şuşa həbsxanasında saxlanılan iki müsəlmanın, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı İrəvana təsir göstərməsi üçün Ruhaniyə müraciət edə bilərdi.
 
Lakin Şeyx həzrətləri nə Ruhaninin İrəvan səfərinə etiraz etdi, nə də ondan ədalətli mövqe sərgiləməsini istəmədi. Şeyxin tərəddüdünə səbəb nə olub, QMİ-nin İranla münasibətlərində problemmi var?
Bu suala cavab almaq üçün QMİ-yə dəfələrlə müraciət etsək də, sualımıza cavab ala bilmədik. A.Paşazadənin yaxınlarından isə öyrəndik ki, Şeyx hazırda ölkədə yoxdur. Onu da bildirdilər ki, A.Paşazadə İranda deyil. Ancaq hansı ölkəyə və nə məqsədlə getdiyini də açıqlamadılar. Yalnız onu dedilər ki, QMİ sədri Azərbaycana gələn il qayıdacaq…

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın