Ana səhifə / Siyasət / “Seçim Ermənistan tərəfdədir” – XİN başçısı 11 iyul görüşü haqda

“Seçim Ermənistan tərəfdədir” – XİN başçısı 11 iyul görüşü haqda

“Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri  xarici işlər naziri Elmar Məmmədyarov 9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə AzərTac-a verdiyi müsahibəsində deyib:

“2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin. Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər.

Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox”.

Nazir müsahibəsində onu da vurğulayıb ki, bu gün Xarici İşlər Nazirliyinin kollektivinin çox hissəsini gənclər təşkil etməklə bərabər, onların sırasında da gənc qadınlar üstünlük təşkil edir:  “Nazirliyin mərkəzi aparatında işçilərin 50 faizdən çoxu qadınlardır”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …