Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Rusiya-Türkiyə-İran ittifaqını pozma ssenarisi Qarabağdan başlana bilər – TƏHLİL

Rusiya-Türkiyə-İran ittifaqını pozma ssenarisi Qarabağdan başlana bilər – TƏHLİL

“Nezavisimaya qazeta”

 

Son bir il ərzində Qərbdə Rusiyanın ABŞ seçkilərinə, Böyük Britaniya referendumuna və praktiki olaraq, bütün digər siyasi proseslərə müdaxiləsilə bağlı olaraq başlayan isteriya, bir növ, ancaq gülüş doğura biləcək sürrealist məzhəkəni xatırladır. Əslində, hər şey daha ciddidir. Bütün Qərb sisteminin böhranının açıq əlaməti qarşımızdadır.

 

Yenə də ikili standartlar haqqında

 

Bütün bəşəriyyətə gözəl məlumdur ki, ümumiyyətlə Qərb, xüsusən də ABŞ, praktiki olaraq, bütün xarici dövlətlərdə seçkilərə və ümumiyyətlə istənilən daxili siyasi proseslərə tamamilə açıq və çox aktiv şəkildə müdaxilə edir.

Vaşinqton üçün belə müdaxilə hətta xarici siyasətin əsası deyil, sadəcə onun sinonimidir. Yəni, Rusiya müdaxiləsilə (əslində onun olub-olmamasından tamamilə asılı olmayaraq) bağlı isteriya ikili standartların görünməmiş nümayişidir. Lakin belə standartlar da, mahiyyət etibarı ilə, bütün qərb siyasətinin sinonimləridir. Ancaq böhranın simptomu bunda deyil.

Hətta Rusiya həqiqətən də ABŞ (və ya digərinin) seçkilərinə qarışmağa cəhd edibsə də, axı o, orada öz namizədini irəli sürməyib. O, prezidentliyə namizədliyi ABŞ siyasi partiyaları tərəfindən milli qanunvericiliyə uyğun olaraq irəli sürülmüş amerikalı namizədləri bu və ya başqa formada dəstəkləyə və ya “batıra” bilərdi. Namizədlərin lehinə və ya əleyhinə təbliğat aparmaq seçki prosesinin və söz azadlığının reallaşdırılmasının  ayrılmaz tərkib hissəsidir. Amerikalı namizədlər arasında seçimi Kreml deyil, amerikalı seçicilər edir. Ona görə də aydın deyil, ümumiyyətlə problem nə(də)dir?

Demokratiya tərəfdarlarının nöqteyi-nəzərincə, bu sistem o qədər güclü və təkmildir ki, tərifinə uyğun olaraq, heç bir xarici müdaxilə onu zədələyə bilməz. SSRİ-nin çox güclü olan təbliğat-təşviqat maşını on illər ərzində Qərbi daxildən dağıtmağa cəhd etdi, lakin heç bir uğura nail olmadı. Əgər Rusiya özü özünü demokratik və kapitalist ölkə hesab edirsə (heç olmasa formal olaraq), indiki Kreml təbliğat-təşviqatından niyə qorxmaq lazımdı? Bu, ən azı qəribədi. Buradan çıxan nəticə isə birdir – Qərb özü haqqında nə isə bilir, yəni, onun qorxmağa əsası vardır.

Əslində, Rusiyanı ittiham edən Qərb siyasətçiləri, politoloqları və jurnalistlərinin bir sıra ifadələrində birbaşa deyilir ki, Moskva Qərb cəmiyyətlərində mövcud olan daxili ziddiyyətlərlə oynamağa cəhd edir. Deməli, belə ziddiyyətlər nəinki mövcuddur, onlar o qədər əhəmiyyətli dərəcədədir ki, xarici qüvvələr onlardan bütün cəmiyyəti parçalamaq üçün istifadə edə bilərlər! Və beləliklə, demokratiya onun indiki Qərb variantında, qərbli təbliğatçıların dediyi kimi, elə güclü və təkmil deyil.

Bundan əlavə, rus müdaxiləsilə mübarizə cəhdi tipik xarici düşmən axtarışıdır. Müxtəlif ölkələrin və dövrlərin çoxsaylı liderləri bu fəndə əl atıblar. Bir qayda olaraq, o, öz cəmiyyətini lider ətrafında toplamaq məqsədilə istifadə edilir, bu halda lider gözəl anlayır ki, xarici təhdid, ən azı, şişirdilib. Yeri gəlmişkən, müasir Rusiyada məhz belə vəziyyət mövcuddur. Qərbdə isə bu gün rus müdaxiləsilə tamamilə ciddi mübarizə aparırlar. Və bu, tamamilə pis əlamətdir. Əgər insan və ya dövlət öz problemlərinin səbəbini xaricdə axtarırsa, deməli, onların işi həqiqətən də pis gedir, getdikcə də yalnız pisləşəcək. Ona görə ki, insan və ya dövlət bütün öz problemlərinə görə daima özü günahkardır (əgər söhbət təbii fəlakət və ya epidemiya kimi fors-major vəziyyətlərdən getmirsə).

 

Rəqabət proqressin hərəkətverici qüvvəsidir

 

Çörçilin məşhur “əgər bütün yerdə qalanları hesaba alınmazsa, demokratiya ən pis idarəçilik formasıdır” cümləsi artıq çoxdan demokratiya tərəfdarlarının rəsmi şüarına çevrilib. Bu halda, həmin cümlədən süni şəkldə onun birinci hissəsi çıxarılır, bu idarəçilik formasının çatışmazlıqlardan heç də xali olmadığını göstərən ikinci hissəsi isə tam nəzərə alınmır. Bundan əlavə, bütün cümlənin “demokratiya yalnız idarəçilk formalarından biridir, lakin yeganə mümkün olanı deyildir” anlamına gələn mənası bütövlükdə nəzərə alınmır.

Göründüyü kimi, müasir Qərbin başlıca problemi odur ki, orada Çörçilin cümləsinin mənasını bütövlükdə nəzərə almırlar. Siyasi və iqtisadi rəqabət həmişə məhz Qərb sisteminin güclü tərəfi olmuşdur. SSRİ-nin timsalında rəqibin itirilməsi, göründüyü kimi, Qərbə çox mənfi təsir edib. O özü-özünü mütləq müstəsnalığına və qüsursuzluğuna inandırıb, istənilən potensial rəqibləri isə qaba güclə (hərbi gücədək) əzməyə qərar verib. Qərb özünün bu mühüm prinsipinə düzəliş edərək, qalan prinsiplərini də tədricən pozmağa, həm də özünü həmişə və hər şeydə düz hesab etməklə, onu nəzərə almamağa başlayıb.

Xüsusilə, Qərbdə xarici rəqabətin ardınca daxili rəqabət də yoxa çıxıb. Formal olaraq, bütün Qərb ölkələrində qanunverici və icra hakimiyyətinə qüsursuz rəqabətli seçkilər keçirilir. Faktiki olaraqsa, bu seçkilər getdikcə daha açıq imitasiya xarakteri alır. Sol liberal ideologiya tədricən, inkarı qadağan edilən, “yeganə düzgün təlim”ə çevrildi. Buna görə, artıq Qərbdə sağ və sol partiyaların bir zamanlar keçmişdə olan mübarizəsi, demək olar ki, yoxdur, əvəzində öz qrup maraqları uğrunda mübarizə aparmağa başlayan, proqramları arasında yalnız kiçik nüans fərqləri olan (misal üçün, müasir Almaniyada normaya çevrilən XDİ/XSİ və ASDP “böyük koalisiyaları” bu səbəblədir, baxmayaraq ki, cəmi üç onillik bundan öncə bu partiyalar tam ideya antoqonistləri idilər) kifayət qədər qapalı olan siyasi qruplaşmalar vardır.

Seçicilərin müəyyən hissəsi bundan məmnun deyil, xüsusən də ona görə ki, sol liberal ideologiya çox təəccüblüdür: o, tez-tez sağlam məntiqlə və insan təbiətilə ziddiyyət təşkil edir. Buna görə də bəzi Qərb ölkələrində mütəmadi olaraq bu və ya başqa şəkildə klassik sol və sağ partiyaları xatırladan partiyalar yaranır. Lakin sol liberal meynstrim (ana cərəyan – tərc.) həmən onlara “kommunist” və “faşist” etiketləri yapışdırır, həm də ikincilər, təbii ki, xüsusilə şiddətlə lənətlənir. 90% halda yapışdırılan bu etiketlərin heç bir əsası olmur, lakin bu, sol liberalları narahat etmir, onlar öz ideoloji inhisarçılıqlarını saxlamaq naminə müqəddəs söz azadlığı prinsipini pozmağa da hazırdırlar. Bu yeni sol və sağ partiyaların ayrı-ayrı Avropa ölkələrində hakimiyyətə gəldiyi nadir hallarda avrobürokratiya onları sərt formada sol liberal ana axına doğru, hətta demokratiya və plüralizmi imitasiya etməyə cəhd etmədən, qovalayır (Yunanıstanda sollara, Macarıstanda isə sağlara münasibət belə oldu).

Trampın ABŞ-da qələbəsi də bu proseslərin əks olunması oldu. Bu milyarderin lehinə, tam anlamıyla, “fəhlə, kəndli və xalq ziyalıları”, öz ölkələrini böyük edən həmin normal yerli amerikalılar səs verdi. Onlar maliyyə sabun köpüklərindən və mücərrəd ideoloji konsepsiyalardan başqa heç nə yarada bilməyən sol liberalların hökmranlığından çox yoruldular. Və xüsusən Trampın timsalında aydın şəkildə nümayiş etdirildi ki, hətta Amerika prezidenti, özü də milyarder heç bir halda ana axına qarşı gedə bilməz. Lakin onun qələbə faktının özü “qərb dəyərlərinin qoruyucuları”nı çox güclü qəzəbləndirdi, buna görə məhz bu halda “Rusiya müdaxiləsi” axtarışı xüsusi şiddətlə gedir.

 

İdeoloji sistemlərin intiharı

 

Bəşəriyyət XX əsrdə ideoloji sistemlərin intiharını iki dəfə müşahidə edib.

Birincisi, özünü maksimum sürətlə öldürən faşist Almaniyası idi.İdeologiyanın hər şey üzərindəki primatlığı (birinciliyi, üstünlüyü – tərc.) onun ölümünü çox sürətləndirdi. Ən sarsıdıcı nümunə ölüm lagerləridir. Birincisi, onlar özünün vəhşi barbarlığı ilə Almaniya üçün, heç olmasa, şərəfli təslimolma yolunu kəsdilər. İkincisi, onlar almanlar üçün cəbhədə kəskin vacib olan nəhəng insan və maddi ehtiyatları uddular. Bunlar olmasaydı, müharibə almanlar üçün tamamilə başqa cür gedə bilərdi.

Sonra sovet sitemi özünü öldürdü. Sovet ideologiyasının sağlam məntiqə zidd olma nümunələri o qədər çoxdur ki, hətta detallarına getməyə ehtiyac yoxdu (xüsusən də oxucuların əksəriyyəti bu prosesin daxilində olubsa). Nəhayət, kəmiyyət keyfiyyətə keçdi və sistem ölkə ilə birlikdə öldü.

Görünür, sol liberal qərb sistemi üçüncü olmağa qərar verib. Onun sağlam məntiqə və öz maraqlarına zidd olma nümunələri getdikcə çoxalır.

Budur, misal üçün, miqrasiya problemi. O, Qərbi daxildən ciddi şəkildə sarsıdır. Məsələ terrorizmdə deyil, o, sadəcə bir az problem olub, olmaqdadır və olacaq. Məsələ ondadır ki, miqrantlar Qərb ölkələrinə (ilk növbədə Avropaya) tamamilə başqa mentalitet gətirir. Bu da öncəki qərb sisteminin üzərində qurulduğu nə varsa onu: əmək etikasını, qanunsevərliyi, insanların qanun qarşısında bərabərliyini və bir çox başqa şeyləri dağıdır. Qərb, sadəcə olaraq, Qərb olmaqdan çıxır.

Bundan başqa, sosial sitem üzərinə düşən yük qaldırılmaz olur, belə ki, tamamilə əməkqabiliyyətli olan miqrantların mütləq əksəriyyəti ya ümumiyyətlə işləmək istəmir, ya da boz (vergi qoyulmayan) və ya qara (tam kriminal) fəaliyyət sferasına gedir.  Bu, onun ən mühüm səbəblərindən biridir ki, çoxsaylı qərb müşahidəçiləri indiki Qərb gəncliyinin, II Dünya Müharibəsindən sonra, özündən əvvəlki nəsildən yaxşı yaşamayacaq ilk nəsil olacağını etiraf etməyə başlayır. Bu halda əhalinin maraqları ağılsız ideologiyaya qurban verilir, həm də bu, humanizmin yüksək əlaməti hesab edilir.

Və ya başqa, sanki, kiçik, lakin çox səciyyəvi nümunə. Amerika dəniz piyadası ABŞ Silahlı Qüvvələrinin, xüsusən də NATO-nun quruda sərt təmas müharibəsi aparma imkanını saxlayan azsaylı komponentlərindəndir.Xüsusilə, şəxsi heyətin, həm əsgər, həm də zabit heyətinin yaxşı fiziki hazırlığı hesabına. İndi onun zabitləri dözümlülük sınağı keçməyəcək, ona görə ki, qadınların əksəriyyəti ona dözmür! Başqa sözlə, ideoloji cəfəngiyyat naminə öz Silahlı Qüvvələrinin döyüş qabiliyyəti sarsıdılır.

Məhz rus müdaxiləsilə mübarizə göstərir ki, bu proseslər nə qədər uzağa gedib. İdeologiya sağlam düşüncəyə qalib gəlib, səhvlər etiraf edilməyəcək, ona görə də xarici düşməni tapmaq lazımdı. Xarici düşmən olaraq da Rusiya seçilib, buna görə barışıq imkansız olur, onu, təəssüf ki, hətta Kreml də başa düşmür. Bunu xüsusilə “böyük və məsum” Qərbə yalançı dini hörmət səviyyəsində qalan, 1980-ci illərin sonu – 1990-cı illərin əvvəlində rus cəmiyyətinin əksəriyyəti üçün səciyyəvi olan rus qərbçiləri anlamır.

 

Nə üçün biz NATO-dan qorxmamalıyıq

 

Xoşbəxtlikdən, hərbi və psixoloji xarakterli səbəblər üzündən NATO, prinsipial olaraq, Rusiyaya qarşı birbaşa hərbi təcavüzə qadir deyil. Rusiyaya qarşı bundan sonra da iqtisadi və informasiya müharibəsi aparılacaq. Bununla belə, çətin ki, o, uğurlu olsun. Birincisi, Qərbdə rus mentalitetini heç anlamırlar. Ikincisi, ideologiyanın sağlam düşüncə üzərində yuxarıda təsvir edilən qələbəsi Qərb hakimiyyətlərini çevik düşüncədən və səhvləri dərk etmək qabiliyyətindən məhrum edir. Bunun bir təzahürü Ukrayna üzrə danışıqlarda ABŞ-ın təmsilçisi olan Kurt Volkerin son “Rusiyaya qarşı sanksiyalar işləmədi, buna görə yeni sanksiyalar tətbiq etmək lazımdır”açıqlaması oldu.

O ki qaldı informasiya müharibələrinə, Qərb onu nə qədər şiddətlə aparırsa, o, o qədər aşkar əks-effekt verir. Ümumiyyətlə, belə təəssürat yaranır ki, Qərbin Rusiyaya informasiya təzyiqi Kreml üçün onun daxili siyasi mövqelərini möhkəmləndirən mühüm siyasi ehtiyata çevrilir. Lakin Qərb SSRİ üzərindəki informasiya-ideoloji qələbə təcrübəsini təkrar edərək və bunun ikinci dəfə də alınacağına inanaraq, əvvəlki siyasətini davam etdirir. Orada anlamırlar ki, sovet xalqı informasiya təcridində idi, buna görə qərb “səsləri”ni son instansiya həqiqəti kimi qəbul edirdi. Müasir rusiyalılarda, praktiki olaraq, heç bir informasiya məhdudiyyəti yoxdu. Belə şəraitdə Qərb informasiya müharibəsində yalnız bir halda, əgər həqiqəti deyərsə, qalib gələ bilər.

Lakin həqiqəti demək onu etiraf etmək olardı ki, əgər Kosova olmasaydı, Abxaziya, Cənubi Osetiya və Krım da olmazdı. Abxaziya, Cənubi Osetiya və Krım əhalisinin 90%-i Rusiyanı işğalçı deyil, xilaskar hesab edir, onlar üçün işğalçı Gürcüstan və Ukraynadır. Suriya münaqişəsinin xarici iştirakçıları arasında orada qanuni olanları yalnız Rusiya və İrandır. Heç bir “mötədil suriyalı müxalifət” yoxdur və olmayıb, islamçı başkəsənlər var, onlar da yalnız onunla fərqlənir ki, biriləri Suriyanı sonrakı ekspansiya üçün plasdarma çevirmək, digərləri də Suriyada teokratiya qurmaq istəyir. Onların fonunda Əsəd həqiqi demokratdır. Onu da etiraf etmək lazımdır ki, 2018-ci ilin olimpiya oyunları ilə bağlı olaraq rus idmançıların ələ salınması çirkli siyasətbazlıq və tam qanunsuzluq idi, dopinqlə mübarizəylə heç bir əlaqəsi yoxdu. Bundan əlavə, heç bir zaman dopinq qəbul etməyənlərin cəzalandırılması müəyyən mənada onu qəbul edənlərin və ya buna sanksiya verənlərin bağışlanması anlamına gəlir.

Əlbəttə ki, bunların heç biri etiraf edilməyəcək, qərbli təbliğatçılar aldatmağa davam edəcək, bununla da özlərini informasiya müharibəsində avtomatik olaraq məğlubiyyətə məhkum edəcəklər. Ancaq burası da var ki, qərbli müəlliflərin çoxu yalan danışdıqlarını anlamırlar, onlar yazdıqlarına səmimi şəkildə inanırlar. Misal üçün, 2014-cü il referendumunda krımlılar avtomat lüləsi altında səs veriblər, indisə insan haqlarının kütləvi şəkildə pozulmasıyla müşayiət olunan işğal altında inləyirlər. Nəticədə heç sovet dövründə ağıla gəlməyən vəziyyət yaranıb: hökumətin informasiya agentliklərilə əlaqəsi olan saytlar kütləvi formada qərb KİV-lərində nəşr edilən məqalələri yenidən nəşr edirlər. Bu məqalələr o qədər axmaq və səhvdir ki, Kremlə qarşı deyil, onun lehinə işləyir. Yəni, Kreml təbliğatı və təşviqatı ilə məşğul olanlara xüsusi iş qalmır, qərbli təbliğatçı və təşviqatçı onların yerinə, demək olar ki, bütün işi görür.

Bəzən, görünür, Qərbdə birdən ayılma baş verir. Xüsusilə, BOK gözlənilməz bir formada dopinq hekayəsini sürətlə qapatdı, çünki rus cəmiyyəti ona cavab olaraq nə desən olar, ancaq tövbə və özünüalçaltma nümayiş etdirmədi. Rusiyalıların çoxu isə Kremldən “dopinq sistemi” yaratdığına görə deyil, tam əksinə, 2018-ci ilin olimpiya oyunlarını tam boykot etməkdən imtina etdiyinə görə incidi. Yəni, gözlənilənin tamamilə ziddinə olan ideoloji effekt alındı. Lakin bu, çətin ki, informasiya müharibəsində dönüş nöqtəsi olsun, çünki ideoloji stereotiplər faktlardan daha güclüdür.

 

Periferiyada döyüşəcəklər

 

Ancaq burası da var ki, yalnız informasiya və iqtisadi müharibə ilə yetinməyə bilərlər. Həqiqi müharibələr də mümkündür, lakin birbaşa deyil, periferik müharibələr. Misal üçün, Donbasda. Və ya Suriyada. Terrorçu “xəlifəliyin” tam məhv edilməməsindən, lakin yalançı dövlətin yıxılmasından, böyük insan və maddi itkilər verməsindən sonra müharibə nəinki bitməyib, həqiqi müharibə başlayıb. Bu durumda ABŞ-ın fəaliyyəti artıq tam və mütləq qanunsuzluq olmağa başlayıb. Amerika qoşunlarını Suriyaya, hətta terrorçularla mübarizəyə heç kim çağırmayıb, sonuncuların məğlubiyyətindən sonra isə onların bu ölkədə olması təmiz təcavüzdür.

Vaşinqtonda artıq anlayıblar ki, onun Suriya strategiyası tam uğursuzluğa düçar olub (ona görə ki, heç bir strategiya yox idi, yalnız növbəti ideoloji ağılsızlıq vardı), ona görə də “sən belə heç kimə qalma!” üslubunda hərəkət etməyə başlayıblar. Onlar məqsədyönlü şəkildə Suriyanı yalnız ona görə dağıdırlar ki, onun rəhbərliyi, həmçinin Rusiya və İran özlərini qalib hiss edə bilməsinlər. Bu, artıq qanunsuzluq da deyil, açıq quldurluqdur, lakin aydındır ki, ABŞ durmağa qadir deyil. Onlar hələ də hesab edirlər ki, beynəlxalq hüququ pozma inhisarına sahibdirlər və digərlərinin heç bir halda edə bilmədiyini onlar edə bilərlər.

Maraqlıdır, Vaşinqtonda heç olmasa bir kimsə anlayırmı ki, ABŞ-ın Kosovoda Rusiyaya Abxaziya, Cənubi Osetiya və Krımda kart-blanş verdiyi kimi, indi də öz qoşunlarını Suriyada saxlamaqla onlar Rusiyaya öz qoşunlarını açıq şəkildə Donbasda saxlaması üçün kart-blanş verir?Beynəlxalq hüquq normaları baxımından heç bir fərq olmayacaq. Amma çox güman ki, bu, ABŞ rəhbərliyində heç kimin ağlına belə gəlmir.

İsrail də növbəti dəfə qanunsuzluq nümayiş etdirdi. Ola bilsin ki, həqiqətən də İran PUA-sı (silahsız kəşfiyyatçı) Suriyadan onun hava sahəsinə daxil olub. İsrail hərbçiləri onu tamamilə qanuni olaraq vurdu, bundan sonra isə tam qanunsuz olaraq Suriya ərazisinə (guya, bu ölkədə olan İran obyektlərinə) zərbələr endirdi. Sonra da tamamilə “gözəl bir şəkildə” qəzəbləndi ki, Suriya HHM-i İsrail təyyarələrinə sadəcə atəş açmayıb, onlardan birini vurub! Tam olaraq belə alındı: “Rəqib onun şəhərlərinə dinc şəkildə bomba atan bizim təyyarələrə vəhşicəsinə atəş açdı”. Bir sözlə, bundan sonra Rusiya, misal üçün, Polşada yerləşdirilən Amerika briqadasına zərbə endirə, eyni zamanda, əgər Polşa HHM-i bizə qarşılıq verərsə, hələ bir qəzəblənə də bilər. İranlılar Suriyada İsraili nə qədər təhdid edirsə, amerikalılar da bizi Polşada o qədər təhdid edir. Bununla belə, İsrailin qanunsuzluğuna onun mürəkkəb tarixi keçmişində hər hansı bir bəraət tapmaq olar. ABŞ-da isə belə bəraət də yoxdur.

 

İran məsələsi

 

ABŞ yalnız Avropada deyil, Suriyada da Rusiya ilə birbaşa toqquşmaya risk etməz. Amma İran amerikalıların hədəfi ola bilər, bu barədə Vaşinqtonda tamamilə açıq danışırlar. Suriyaya əsas iqtisadi yardımı, həmçinin ağır quru müharibəsində piyada ilə – həm öz İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri, həm də İraq, Livan, Əfqanıstan və Pakistandan olan şiə milislərilə (piyadanın keyfiyyəti elə də yüksək deyil, lakin o, kəmiyyətlə kompensasiya edilir) təminatı məhz bu ölkə edir. Döyüş təyyarələri Rusiyadan Suriyaya və əks istiqamətdə yalnız İran hava sahəsindən keçməklə uçurlar. İranın hərbi məğlubiyyəti Suriyadakı vəziyyətə çox güclü təsir edərdi, eyni zamanda İsraildə və ərəb monarxiyalarında həqiqi coşquya səbəb olardı.

ABŞ özü üçün xarakter olan üslubda İrana massiv aviasiya-raket zərbələri endirməyə tam qadirdir. İran da, şübhəsiz, monarxiyalara anoloji zərbələrlə cavab verəcək. Bu, neftin qiymətinin güclü şəkildə yüksəlməsinə səbəb olacaq, lakin Vaşinqton üçün bunun önəmi yoxdur. Əlbəttə, Rusiya bundan iqtisadi bonus əldə edəcək, ancaq bu, bizim Suriyadakı qruplaşma, əslində, tam blokadaya düşəcəyinə görə əsasən dəyərsizləşəcək. Bu durumda, neft qiymətlərinin yüksəlişi AB və Şərqi Asiya ölkələrinin iqtisadiyyatına çox güclü zərbə vuracaq, buna da ABŞ-da yalnız sevinəcəklər (bunlar onun birbaşa iqtisadi rəqibləridi). Xüsusilə də bu halda Amerika şist neftinin istehsalı yenidən rentabelli olacaq, bu da ABŞ-ı yenidən özünü tam təmin etməyə qabil olan, iri neft istehsalçısı olan ölkə edəcək.

Ümumiyyətlə, burada hər şey ABŞ-ın xeyrinədir. Bir şey istisna olmaqla – İran İraqın cənub (şiə) rayonları üzərindən monarxiyalara qarşı qurudan hücuma keçə bilər. Yəmən müharibəsi onların ordularının “döyüşçülərinin”qiymətini artıq göstərib, yəni, monarxiyaları bir başqası xilas etməli olacaq. Müharibədə İsrailin birbaşa ərəblərin tərəfində iştirakını təsəvvür etmək hələlik alınmır. Misirin çox güclü ordusu vardır, İordaniya Silahlı Qüvvələri kifayət qədər güclüdür, lakin heç bir təminat yoxdur ki, Qahirə və Amman Vaşinqton, Təl-Əviv və Ər-Riyadın maraqlarına görə öz əsgərlərinin qanını tökmək istəyəcək. Xüsusilə, hazırda Yaxın Şərqdə olan Amerika qruplaşmasının irimiqyaslı quru müharibəsi aparmaq üçün tam yetərsiz olması faktını nəzərə alaraq, öz zabit və əsgərlərini qurban verməyi Vaşinqton heç istəməyəcək. Bundan əlavə, İran Əfqanıstandakı klassik müharibəyə ümumiyyətlə hazır olmayan (onlarda quru HHM-i yoxdur, ağır zirehli texnika çoz azdır, aviasiya isə elə də çox deyil.) ABŞ qüvvələrinə zərbələr endirə bilər. Görünür, məhz bu şərtlər Vaşinqton üçün güclü çəkindirici amil olur. Burada sözün əsl mənasında “həm istəyir, həm də sancılanır” deyimi yerinə düşür. İranı məğlub etmək ABŞ üçün çox faydalı olardı, ancaq nəticələri onun üçün tamamilə gözlənilməz və arzuolunmaz ola bilər.

 

Dağlıq Qarabağ problemi

 

Ancaq Vaşinqton üçün Rusiyanın periferiyasında başqa bir müharibəni qızışdırmaq da cazibədar ola bilər, artıq bu haqda ABŞ-dan bir sıra kifayət qədər şəffaf olan işarələr verilib. Söhbət 24 il bundan öncə dondurulan, lakin hələ də tənzimlənməyən Dağlıq Qarabağ münaqişəsindən gedir.

Tərəflərin bir-birinə zidd mövqeləri səbəbindən onu dinc yolla tənzimləmək həqiqətən də tamamilə mümkünsüzdür, onun qaynar fazaya dönməsi isə istənilən an mümkündür. Vaşinqton (eləcə də Moskva) sözdə tamamilə mümkünsüz olan bu dinc tənzimləmə yolunu müdafiə edir, lakin tam aydındır ki, reallıqda onu nə Ermənistanın, nə də Azərbaycanın taleyi heç narahat etmir.

Özünün Suriyadakı son uğurlarına görə Rusiya əhəmiyyətli dərəcədə Moskva-Tehran-Ankara koalisiyasının yaradılmasına borcludur. Bu durumda tamamilə aydındır ki, onda ən zəif halqa Ankaradır. Moskva və Tehran münaqişənin başlanğıcından bu ana qədər Əsədin tərəfində olub və olmağa davam edirlər, Türkiyə isə 2016-cı ilədək onun başlıca rəqibi və Əsədə qarşı döyüşən bütün qruplaşmalar (Rusiyada qadağan edilən terrorçu “ən-Nusra” və “İslam dövləti”daxil olmaqla) üçün etibarlı arxa olub. Ancaq Ərdoğan qərar gəldi ki, 2016-cı ilin iyulunda Türkiyədə hərbi çevriliş cəhdini ABŞ təşkil edib (bunun belə olub-olmadığı hələ də aydın deyil). Və nəticədə əks düşərgədədir, açıq desək, Dəməşqə, Moskvaya və Tehrana işləməklə (nə qədər qəribə olsa da, hətta bu, Suriya ərazisində kürdlərə qarşı aparılan əməliyyatlara da aiddir), başqasının çaldığına oynayır. Həm də nəzərə almaq lazımdır ki, onun ABŞ-la münasibətləri bu müddətdə son həddədək kəskinləşib (elə kürd problemilə bağlı fikir ayrılığına görə). Və Vaşinqton üçün Ərdoğanı “yenidən əməkdaşlığa cəlb etmək” məhz Türkiyənin avtomatik və variantsız olaraq  Azərbaycanı müdafiə edəcəyi Qarabağ müharibəsinin bərpa edilməsilə mümkün ola bilər. Moskva isə çox ağır vəziyyətə düşəcək.

Moskva təqribən son beş ildə özünü elə apardı ki, guya, barışmaz erməni-azərbaycanlı münaqişəsinin mövcudluğu faktını “görmür”. Və Azərbaycana böyük miqdarda ən yeni döyüş texnikası satdı, Bakı da bunu yalnız bir məqsədlə – Dağlıq Qarabağın geri qaytarılması uğrunda müharibə məqsədlə istifadə edə bilər. Qarabağın da arxasında Ermənistan, bizim KTMT üzrə müttəfiqimiz durur. Əgər Ermənistan-Azərbaycan müharibəsi ciddi olaraq (iki il bundan əvvəl olduğu kimi üçgünlük deyil) bərpa ediləcəksə, Rusiyanın iki hərəkət variantı olacaq: ya döyüşdə yenicə satdığı T-90, BMP-3, BTR-82A, TOS-1A, “Smerç”lərlə qarşılaşmaqla, eyni zamanda Türkiyə ilə münasibətlərin tam kəsilməsinə getməklə (onunla da birbaşa müharibə ehtimalınadək, həm də nəzərə almaq lazımdır ki, bizim Suriya və Ermənistandakı təcrid edilmiş qruplaşmalarımız türk zərbəsinin altına düşəcək), Azərbaycana qarşı müharibəyə başlamalıdı; ya da bütün postsovet dövründə olmasa da, ən azı bütün XXI əsr ərzində öz imicinə ən sarsıdıcı zərbə vurmaqla, müttəfiqini birbaşa və açıq şəkildə satmalıdı. İmicə yönəlik zərbənin ardınca həmişə qaçılmaz olaraq, xüsusən də Moskvanın öz xüsusi maraqlar zonası hesab etdiyi postsovet məkanında, geopolitik mövqelərin zəifləməsi və itirilməsi gəlir.

Əlbəttə, nəzəri olaraq, üçüncü, ən əlverişli kimi görünən variant da mümkündür. Əgər Azərbaycan Ermənistana toxunmadan ancaq DQR-ə zərbə endirərsə, Türkiyənin Azərbaycana dəstəyi də hərbi deyil, təmiz siyasi olarsa, Moskva özünü elə aparar ki, burda onluq bir şey yoxdur, axı onun KTMT üzrə müttəfiqi rəsmi olaraq Ermənistanın özü də daxil olmaqla, heç kimin tanımadığı DQR deyil, Ermənistandır.

Lakin bu variant bizim üçün yalnız bir halda – əgər Azərbaycan nəinki bütün Qarabağı, onun hər hansı bir əhəmiyyətli hissəsini belə (2016-cı ilin aprelində o, artıq ermənilərdən təqribən 1 kmərazi “gəmirib qoparıb”, lakin bunu ciddi olaraq uğur hesab etmək qeyri-mümkündür) geri qaytarmağa nail olmadan növbəti tam hərbi məğlubiyyətə məruz qalarsa, əlverişli ola bilər.

Əgər Azərbaycan, heç olmasa, misal üçün, əvvəllər DQR və ətrafında itirdiyi torpaqların 1/3-ni azad etməklə, qismən qələbə əldə edərsə, Moskva və Yerevan arasındakı münasibətlər radikal şəkildə pozular (hətta formal olaraq Ermənistan özü heç bir zərər görməsə belə), KTMT-nin tam virtuallığı çox aydın görünər. Yəni, biz ermənilərin hərbi şücaətinə güvənməliyik, lakin əgər onlarda silahla və sursatla bağlı problem yaranarsa, bu, faydasız ola bilər. Və onda biz, ən azı, bütün bunları Ermənistana çatdırmağa başlamalıyıq, bununla da artıq neytrallığı pozmalıyıq. Bundan başqa, belə təchizat əməliyyatları sırf coğrafi mənada çox çətin olacaq, onlar ancaq İran üzərindən, əgər buna razılıq verəcəksə, dolayı yolla mümkün olacaq. Əgər bu halda İranın özünə də zərbə endirilərsə, vəziyyət bizim üçün tam kədərli olacaq.

Əlbəttə, Qarabağ müharibəsinin bərpasına yalnız Bakını təhrik etməklə nail olmaq mümkündür. Bunun naminə Vaşinqton insan haqlarının pozulması ilə bağlı olaraq Azərbaycan hakimiyyətinə etdiyi özünün çoxsaylı hücumlarını “unutmalı” olacaq. Şübhə yoxdur ki, belə “unutqanlıq” ABŞ üçün problem olmayacaq. Lakin Bakıda qərar verə bilərlər ki, ölkə indi müharibəyə hazır deyil (bu, həqiqətən belədir). Yəni, sağlam düşüncənin qələbəsinə ümid etmək lazımdır. İstisna deyil ki, bu, Bakıda daha çoxdur, nəinki Vaşinqtonda. Hər hansı bir ideologiyanın olmaması üzündən…

Tərcümə Strateq.az-ındır

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …