Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rəqabət Məcəlləsi növbəti illərə qaldı…

Rəqabət Məcəlləsi növbəti illərə qaldı…

Rəqabət Məcəlləsinin qəbulu növbəti 3 ilin ümidinə qalıb.

Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd olunub ki, 2017-2020-ci illərdə rəqabət mühitini gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək. Sənəddə nəticə indikatoru kimi, Rəqabət Məcəlləsinin qəbulu göstərilib. Bu sənədin qəbulu haqqında illərdir söhbət getsə də, ortada real nəticə yoxdur. Dövlət başçısı Rəqabət Məcəlləsini hələ 2006-cı ildə Milli Məclisə təqdim etmişdi. Həmin məcəllə o vaxtdan bəri “qəbul intizarını” çəkir. Milli Məclisdə iki oxunuşdan da keçən layihə sonradan parlamentin gündəliyindən çıxarıldı və… yalnız 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planında “işarıb” unuduldu.

Ədalətli rəqabət liberal iqtisadiyyatın olmazsa-olmazıdır

Azərbaycanda mal və xidmətlərin böyük əksəriyyəti sərbəst qiymətə satılırsa, demək, qiyməti də bazar müəyyənləşdirməlidir. Bazarda ədalətli qiymətlərin müəyyənləşdirilməsi üçün süni qiymət artımının önü kəsilməlidir. Buna yol açansa ədalətli rəqabətdir. Belə rəqabəti inzibati üsullarla yaratmaq mümkün deyil və rəqabətin işləməsinə mütləq iqtisadi qanunlar lazımdır.

İqtisadçı ekspert Zöhrab İsmayılın fikrincə, Rəqabət Məcəlləsi qəbulunun indikator kimi təqdim edilməsi o deməkdir ki, heç nə olmayacaq: “Başıbəlalı Rəqabət Məcəlləsi 10 ildən çoxdur ki qəbul edilə bilmir”.

“Məcəllə qəbul edilsə də”

Sənədin qəbuluna maraqsızlığın məmur sahibkarlığından və inhisarçılıqdan qaynaqlandığını düşünən ekspert deyir: “Özlərinin oturduğu budağı kəsmək istəmirlər. Məcəllə qəbul edilsə də, düşünmürəm ki, nəsə dəyişsin. Çünki ölkədə qanunun aliliyi yoxdur”.

Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2016-2017” hesabatına görə, Azərbaycan 138 ölkə arasında 37-ci yeri tutub. Bu siyahı ictimaiyyətə açıq məlumatlar və iş adamları arasında keçirilən rəy sorğusu əsasında hazırlanır. Toplanan məlumatlar 12 kateqoriyada incələnir: institutlaşma, infrastruktur, makroiqtisadi vəziyyət, səhiyyə və orta təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının effektivliyi, əmək bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji hazırlıq, bazarın genişliyi, biznesin dərinliyi, innovasiyalar.

Bütün 12 kateqoriya üzrə toplanan göstəricilər 3 əsas tələb qrupunda birləşdirilir – baza tələbləri, effektivlik göstəriciləri və innovativ faktorlar üzrə göstəricilər. Bunlar da 1-7 ballıq şkala ilə qiymətləndirilir.

Ekspertlərin qənaətincə, Azərbaycanın əldə etdiyi nəticə pis olmasa da, Qlobal Rəqabətlilik İndeksi başqa məna daşıyır və ölkələrdəki rəqabət şəraiti ilə bağlılığı yoxdur.

“Dünya Ticarət Təşkilatına üzv olsaq”

Azərbaycanda yüksək inhisarçılıq həm idxalda, həm də daxili bazarda özünü açıq şəkildə göstərir və bundan istehlakçılar da, xırda istehsalçılar da əziyyət çəkirlər. Gömrük qeydiyyatından yayındırılan mallar da milli bazara daxil olduqca qeyri-sağlam rəqabət mühiti formalaşır. Ekspertlərin fikrincə, Dünya Ticarət Təşkilatına üzvlük bu durumu müsbət yöndə dəyişəcək. Üzvlüyün Azərbaycana əsas təsirlərindən biri – idxalın artmasından daxili bazarda mal və xidmət təklif edənlərin sayının və nəticədə isə rəqabətin çoxalmasıdır. Ancaq rəqabətin artması hələ rəqabət mühitinin formalaşması mənasına gəlmir.

Ekspertlər hesab edir ki, Dünya Ticarət Təşkilatına üzvlük bir neçə amildən yararlanaraq, rəqabət mühitinin oturuşmasına təsir göstərəcək: Mükəmməl qanunvericilik, məhkəmə sisteminin və bazar metodları ilə tənzimləmənin keyfiyyətcə yüksəlməsi, korrupsiya hallarının azalması və məmurların bürokratik əngəllərinin azaldılması geniş çeşidli, keyfiyyətli və ucuz qiymətli məhsulların bazarda geniş yayılmasına yol açacaq. Təbii ki, tənzimləmənin şəffaflığı və mülkiyyət hüquqlarının qorunması da öz müsbət töhfəsini verəcək. (Azadliq.org)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın