Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qarabağa sülhü Rusiya, yoxsa Azərbaycan əsgəri gətirəcək? – ŞƏRH

Qarabağa sülhü Rusiya, yoxsa Azərbaycan əsgəri gətirəcək? – ŞƏRH

Azərbaycan Ordusunun sentyabr ayının 17-də başlayan 20 minlik genişmiqyaslı hərbi təlimləri bu gün yekunlaşır. 5 günlük təlimlərdə əsas hədəf torpaqlarımızın erməni işğalından azad edilməsi üçün daha konkret ssenarinin işlənməsi idi. Müdafiə Nazirliyindən verilən məlumatdan qənaət hasil olur ki, silahlı qüvvələrimiz qarşıya qoyulan bürün hədəflərə nail olub.

Ordumuzun belə genişmiqyaslı, müharibə şəraitinə maksimum yaxınlaşdırılmış təlimləri Ermənistanın hazırkı rəhbərliyinin mövqeyi üzündən bir az da dalana girmiş sülh danışıqları fonunda xüsusilə önəmlidir. Bu, bir daha düşmənə açıq mesajdır ki, Azərbaycan sonsuzadək atəşkəs (işğal) rejiminə dözməyəcək və İrəvan Dağlıq Qarabağla bağlı tezliklə konstruktiv mövqe tutmasa, qanuni ərazilərimizi silah gücünə azad eləməli olacağıq. Ermənistan hökumətinə ən güclü təsir rıçaqı isə yenə Kremlin əlindədir.

*****

Bu mənada Rusiya prezidenti Vladimir Putinin gələn həftə Bakı və İrəvana edəcəyi səfərə müəyyən ümidlər bağlanır. Maraqlıdır ki, səfər ərəfəsində yenidən “5 rayon məsələsi” aktuallaşıb. Özü də bu haqda rusiyalı politoloqlar daha ucadan danışmağa başlayıblar.

Məsələn, “Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib ki, Ermənistan dərhal işğal altındakı rayonların beşini Azərbaycana qaytarmalıdır (publika.az). “Bu kiminsə xoşuna gəlməyə bilər, lakin vəziyyət belədir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır: “Ermənilər bu əraziləri ”təhlükəsizlik zonası” adlandırırlar. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz. Bu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir”.

Əlbəttə ki, Rusiyadan səslənən belə açıqlamalar bizim xeyrimizədir. Ancaq yaxşı olar ki, bu cür bəyanatlar Moskva rəsmilərinin dilindən də səslənsin. Əks halda Rusiyanın Qarabağla bağlı böyük sülh anlaşmasında maraqlı olduğuna inam yaranmayacaq.

*****

Əfsus ki, bir neçə ay öncə Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvələr, Paşinyan hökuməti də Qarabağ ətrafında situasiyanı daha da gərginləşdirməklə məşğuldur. Bunu Qərb analitikləri də xüsusi vurğulamağa başlayıblar.

“Nikol Paşinyanın rəhbərliyi altında Ermənistanın yeni hakimiyyətinin aqressiv davranışı ölkə daxilində situasiyanı idarə edilməzliyini gücləndirir, bütövlükdə Güney Qafqazda sabitliyə neqativ təsir edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Vestnik Kavkaza” nəşrinə açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase Paşinyanın Qarabağa dair son bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın Bakıya münasibətdə təxribatçı ritorikası yersiz və aqressivdir, yekun etibarilə Ermənistanın daxilində və onun hüdudlarında kənarda daha böyük xaosa və qarışıqlığa gətirəcək: “Yeni İrəvanın xüsusən də xarici siyasəti qəribə təsiri bağışlayır. Bu siyasət Ermənistanın müttəfiqlərinin çevrəsini böyütmür, əksinə, daraldır. Azərbaycan isə özünün regional və beynəlxalq əlaqələrini möhkəmlədir”.

Politoloqa görə, baş nazir Nikol Paşinyan hər dəfə eyni güzəştsiz bəyanatlar verirkən Türkiyə prezidenti Ərdoğan Azərbaycanla dost, qarşılıqlı faydalı əlaqələri gücləndirir. “Türkiyənin qazancı aydındır, nədən ki, o, həlledici qlobal oyunçuya çevrilir. Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasının mühüm bir hissəsi Rusiya prezidenti Vladimir Putinin Bakıya sentyabrın 25-də edəcəyi səfər olacaq. Özü də bu zaman Azərbaycanın daxili regional diplomatiyanın dinamikası çərçivəsində prezident İlham Əliyevin Rusiya lideri ilı görüşü də daxil, bütün bu addımlarına ayrı-ayrılıqda baxılmalıdır”, – deyə o qeyd edib.

Amerikalı politoloqun dəyərləndirməsinə görə, Dağlıq Qarabağ konfliktinin nizamlanmasında həlledici vasitəçilik rolu hələ də Rusiyaya məxsusdur. “Buna görə yeni İrəvanın aqressiv-təhqiredici ovqatdan konstruktiv məcraya qaytarılması yönündə addımları məhz Moskvadan gözləmək lazımdır. Rusiya erməni hökumətini öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa inandırmağa və beynəlxalq hüququn tələblərinə əməl eləməyə qadirdir”, – deyə analitik sonda əlavə edib.

Bəs Rusiya, Putin bunu edəcəkmi, nəhayət, əlində unikal şans ola-ola Qarabağla bağlı diplomatik həmlə üçün hərəkətə keçəcəkmi? Ümumiyyətlə, Dağlıq Qarabağa sülhü kim gətirəcək – Rusiya yoxsa Azərbaycan əsgəri?

Putinin Bakı və İrəvan səfərindən sonra bu suallara əhəmiyyətli dərəcədə aydınlıq gələcəyi gözlənilir. Necə deyərlər, “ümid axırıncı ölür”.

*****

Azərbaycan ordusu isə günü bu gün torpaqlarımızı düşmən tapdağından azad eləməyə hazırdır.

“Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün münbit şərait artıq yetişib”. Bu sözləri axar.az-a açıqlamasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Ermənistanda yeni hakimiyyət çox ağır durumdadır.

Eldar Namazov ile ilgili görsel sonucu

“Əslində Paşinyan hələ tam hakimiyyətə gələ bilməyib. Ölkənin parlamenti onun siyasi rəqiblərinin nəzarəti altındadır. Parlamentin dəstəyi olmadan hər hansı bir islahat paketini həyata keçirmək mümkün deyil. Paşinyan başa düşdü ki, artıq o, siyasi rəqibləri həbs edərək, korrupsiya, 1 mart hadisələri ilə bağlı məhkəmə proseslərini apararaq camaatın başını qata bilməyəcək. Ona görə də başqa bir yol seçib. Bunun üçün o, Qarabağ kartından maksimum səviyyədə istifadə etməyə başlayıb. Bu məsələ ilə bağlı çox sərt bəyanatlarla çıxış edir. Bu da dünyada tez-tez istifadə olunan üsuldur. Yəni Paşinyan xarici düşmən obrazını yaradıb xaricdən təhlükə olduğunu deyərək, cəmiyyəti daimi təzyiq altında saxlayaraq, modernizə etmək niyyətindədir”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu üsuldan əvvəlki erməni rəhbərləri də istifadə edib: “Ancaq onlar daha hiyləgər və təcrübəli idilər. Onlar beynəlxalq ictimaiyyəti 20 ilə yaxın aldada bilirdilər ki, guya sülh danışıqları aparırlar. Azərbaycana beynəlxalq ictimaiyyəti erməni yalanlarını ifşa etməsi üçün təqribən 20 il vaxt lazım oldu. 4-5 il öncə isə beynəlxalq ictimaiyyət artıq Ermənistanın apardığı siyasəti anlamağa başladı. Hələ Serj Sərkisyan dövründə Minsk Qrupunun həmsədrləri hər il bəyanatlarında qeyd edirdilər ki, status-kvonu dəyişmək lazımdır. Bununla onlar ermənilərə mesaj verirdilər ki, siz yolunuzdan əl çəkməsəniz, bunun axırı müharibə olacaq. Azərbaycanın güc tətbiq edərək, torpaqlarını azad etməsinə beynəlxalq hüquq prinsiplərinə uyğun tam haqqı çatır. BMT-nin Nizamnaməsində də, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də bu öz əksini tapır. Sadəcə belə qərar vermək üçün təkcə beynəlxalq hüquq normaları deyil, eyni zamanda, siyasi amillər də nəzərə alınır”.

E.Namazova görə, Paşinyan istəyir ki, Qarabağ mövzusunu ortalığa atıb vaxt qazansın: “Ancaq bunu o qədər təcrübəsiz edir ki, Ermənistanın özünü çox pis duruma salır. Əgər Sərkisyan və Köçəryan Qərbi sülh danışıqları apardıqlarına inandıra bilirdilərsə, Paşinyan bütün dünyaya bəyan edir ki, həmin işğal olunmuş 7 rayon da artıq Dağlıq Qarabağın ərazisindədir. Hətta Paşinyan öz çıxışlarında bildirir ki, Dağlıq Qarabağın gələcəyini Ermənistanın tərkibində görür. Bu, təkcə Azərbaycana qarşı deyil, eyni zamanda 20 ildən artıq Minsk Proseslərinə rəhbərlik edən həmsədrlərə, beynəlxalq qurumlara meydan oxumaqdır… Bundan sonra ağlı başında olan diplomat, beynəlxalq təşkilat rəhbəri Azərbaycana müharibə etməməsini deyə bilməyəcək. Artıq siyasi amillər də onu göstərir ki, Azərbaycan güc tətbiq etməklə torpaqlarını işğaldan azad edəcək. Bu missiyanı Paşinyan artıq öz üzərinə götürüb. O, bütün dünyanı inandırır ki, Azərbaycanın müharibə etməkdən başqa yolu yoxdur. Bunu da nəzərə almaq lazımdır ki, Ermənistan konflikt dövründə hələ indiyə qədər heç vaxt bu qədər zəif olmayıb. Azərbaycan Ordusunun gücü Aprel döyüşlərindən sonra sübuta yetirilib. Hesab edirəm ki, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə artıq çox yaxınıq. Burada orta, ya da uzun gələcəkdən söhbət getmir. Yaxın zamanlarda bu addımı Azərbaycan atmalıdır”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …