Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Paşinyan Milli Şuranı qohum-əqrəba parlamentinə çevirdi

Paşinyan Milli Şuranı qohum-əqrəba parlamentinə çevirdi

Samir Adıgözəlli: “Paşinyanın öz yaxın ətrafını deputat etməsi və digər addımları göstərir ki, o, əsl avtoritar adamdır və belə idarəetmə üsuluna üstünlük verəcək”

Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsində biabırçı mənzərə ortaya çıxıb.  Seçkilərin saxtalaşdırılması ilə yanaşı, məlum olub ki, Paşinyan öz partiyası ilə bərabər yaxın dostları və qohumlarını da yeni seçilən parlamentə doldurub.

Verilən məlumata görə, Ermənistanda keçirilmiş parlament seçkiləri nəticəsində Nikol Paşinyanın qohumları deputat mandatı əldə ediblər. Mandat alanların sırasında N.Paşinyanın qardaşı oğlu Sipan Paşinyan və qaynı Qraç Akopyan da parlamentdə təmsil olunacaq. Hətta bildirilir ki, Paşinyanın şəxsi bərbəri də mandat qazananlar sırasındadır. Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, ölkənin baş naziri vəzifəsini icra edən N.Paşinyanın “Mənim addımım” bloku 70,44 faiz səs toplayıb.

Paşinyanın öz dostları və yaxın qohumlarını parlamentdə seçdirməsi necə qiymətləndirilə bilər?

Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, Ermənistandakı son seçkilər Paşinyanın iç üzünü bir daha açmış oldu: “Çoxlarının nəzərində Paşinyan bir demokrat idi. Hətta onu bəzi siyasi liderlərlə müqayisə etmək kimi uğursuz cəhdlər də oldu. Ermənistan xalqı da elə zənn etdi ki, avtoritar idaretməni yıxıb yerində demokratiya qurdu. Bu, Paşinyanın öz xalqı qarşısında verdiyi ilk imtahan oldu. Nəticəni görürsünüz… Qısa müddət ərzində Paşinyan hörmətini o dərəcədə itirdi ki, hətta seçicilər seçkiyə belə qatılmadı. Paşinyan həmin seçkini inzibati resursların hesabına keçirdi. Nəticələrə diqqət edəndə məlum olur ki, o, siyasi opponentlərini parlamentin həndəvərinə belə buraxmayıb. Bundan sonra tək partiyadan ibarət hökumət formalaşdıracaq. Bu azmış kimi, o, yaxın qohumlarını deputat edib. Həmin adamları indiyə kimi heç kim tanımayıb. Sosial şəbəkələrin ermənilərə aid olan seqmentində qeyd edilir ki, Paşinyan hətta öz bərbəri və sürücüsünü də parlamentdə təmsil olunanların siyahısına salıb. Bunu etmək Paşinyan üçün ona görə asan olub ki, proporsional seçki siyahısı üzrə kimlərin adlarını istəyibsə, daxil edib. Partiyanın da “yığdığı” səs faizinə uyğun olaraq, parlamentdə təmsil olunanların sayı məlum olub. Paşinyanın öz yaxın ətrafını deputat etməsi və digər addımları göstərir ki, o, əsl avtoritar adamdır və belə idarəetmə üsuluna üstünlük verəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanı yaxınlarda daha ağır aqibət gözləyir. Paşinyanın təşkil edəcəyi tayfa hakimiyyəti yalnız öz maraqlarını düşünəcək. Onun bu böhrandan çıxmaq üçün yeganə yolu Dağlıq Qarabağ mövzusunda konstruktiv olmaqdır. Amma addımlarından görünür ki, bunu da gözləmək yersizdir. Bir sözlə, Ermənistan yeni bir qohumbaz, avtoritar liderlə gələcəyə davam deyir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …