Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Pənah Hüseyn: “Mənə namizədliyimi vermək təklifini etdilər”

Pənah Hüseyn: “Mənə namizədliyimi vermək təklifini etdilər”

Pənah Hüseyn: “Artıq reallıqla, vəziyyətlə hesablaşmaq lazım gəlir”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn növbədənkənar prezident seçkisi, müxalifət partiyalarının seçkiyə münasibəti və digər məsələlər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Pənah bəy, artıq əksər partiyaların seçki ilə bağlı mövqeləri ifadə olunub. Bir sıra müxalifət partiyaları seçkidə iştirak qərarını veriblər və namizədlərini irəli sürüblər, bəziləri seçkidə iştirak etməmək, bəziləri isə boykot qərarını elan ediblər. Sizin bu məsələyə münasibətiniz necədir? AXP-nin son qərarı nə zaman olacaq?

– Seçkidə iştirak etmək və ya etməmək hər bir siyasi təşkilatın suveren hüququdur. Mən onların hüquqlarına müdaxilə etməyin tərəfdarı deyiləm. Mənim şəxsi mövqeyim əvvəllər belə ifadə olunmuşdu ki, əgər İsa Qəmbər seçkidə namizəd olacaqsa, ona dəstək verilməsinin tərəfdarıydım. Bizim partiyanın ötən ilin dekabrında keçirilən qurultayının seçkidə iştirak etmək haqqında qərarı var idi. Lakin son qəti mövqenin müəyyənləşdirilməsi müxalifətin birliyi məsələsi prioritet götürülməklə, partiyanın Siyasi Şurasına və sədrinə həvalə edilmişdi. Bu həftə baş verən məsələləri, partiyaların da mövqelərini dəyərləndirərək yekun qərarı verəcəyik. Ümumiyyətlə, növbədənkənar seçkiyə bizim mövqeyimiz ötən həftə KXCP qərargahında 9 siyasi partiyanın iştirak elədiyi görüşdə ifadə olunan açıqlama ilə üst-üstə düşür. Həmin partiyaların bəzilərinin hətta seçkidə öz namizədi ilə iştirak etmək haqqında qərarları var idi və bəziləri namizəd də irəli sürüb. Belə qısa müddət ərzində növbədənkənar seçki elan edilməsi hakimiyyətin namizədinin öz potensial rəqiblərini qeyri-bərabər vəziyyətə salmaq motivasiyasını ortalığa qoydu. Çoxdandır müxalifət müxtəlif seçki islahatları aparılmasını tələb edirdi. Bu istiqamətdə hər hansı bir addım atılmadı. Bu həftə ərzində Xalq Partiyasının da seçki məsələsində mövqeyi elan ediləcək. Hər halda, seçkidə iştirak etməmək qərarının verilməsi gözləniləndir. Partiyanın səlahiyyətli orqanının üzvlərinin bu məsələdə fikirləri nəzərə alınacaq. Mənim şəxsən özümün namizəd kimi iştirak etməyəcəyimi yəqinliklə söyləmək mümkündür.

– Partiyalarda seçkidə iştirak edib-etməmək, hətta iştirak etməmək məsələsində fikir ayrılığı ortadadır. Seçkiyə getməyənlərin bəziləri boykot qərarı veriblər, bəziləri isə sadəcə olaraq, seçkidə iştirak etməyəcəklərini bəyanatlarında elan ediblər. Boykotla seçkidə iştirak etməmək fərqlidir, yoxsa eyni anlama gəlir?

– Bu məsələnin hüquqi məzmunu bir qədər fərqlidir. Hətta ümumiyyətlə, seçkini boykot etmək çağırışının qeyri-qanuni olması barədə də bəzi rəylər zaman-zaman meydana gəlir. Amma burada hüquqi cəhətdən qadağanedici hansısa bir müddəalar yoxdur. Seçkini boykot etməklə iştirak etməməyin məzmununda fərqlər də var.

– Təcrübə göstərir ki, boykot taktikası Azərbaycanda effekt vermir və bu qərarı verənlərin özlərinin zərərinə olur. Belə bir təcrübələr ortada ola-ola yenə də boykot qərarına gedilməsinin mənası qalırmı? Boykotun hansısa effekti olasıdır?

– Əslində cəmiyyətdə son dövrdə yaranmış ümumi siyasi situasiya iqtidarın apardığı siyasətin nəticəsidir. Əksər vətəndaşlarda, ümumiyyətlə, seçkiyə qarşı bir laqeydlik xeyli vaxtdır var. Vətəndaşların böyük bir hissəsi demək olar ki, heç bir seçkidə iştirak etmir, seçki proseslərinə passiv münasibət sərgiləyir. Yəni hətta hansısa təşkilatlar boykot qərarı verməsələr də, bu istiqamətdə təbliğat aparılmasa da vəziyyət belədir. Təcrübə göstərir ki, əhalinin üçdən ikisi seçkiyə laqeydlik göstərir, səsverməyə gəlmir. O baxımdan da boykot çağırışı indiki məqamda bu və ya digər təşkilatın, sadəcə, siyasi mövqeyini ifadə eləmək baxımından əhəmiyyətə malikdir. Hazırda seçkilərə münasibətdə kütləvi siyasi fəallığın əmələ gəlməsi problemi Azərbaycan ictimai-siyasi həyatının ən ciddi problemlərindən biridir. Azərbaycan müxalifətinin də strateji vəzifələrindən biri kütləvi siyasi fəallığa nail olmaqdır.

– Seçkidə xalqın aktivləşdirilməsi və prosesə kütləvi cəlb olunmasının ən məntiqli yolu siyasi qüvvələrin seçkidə iştirak etməsi deyilmi?

“Seçkini boykot etməklə iştirak etməməyin məzmununda fərqlər də var”

– Siyasi qüvvələr, siyasətçilər vəziyyəti götür-qoy edərək, ölçüb-biçərək qərarlarını qəbul ediblər və məlum nəticələrə gəliblər. Şəxsən mən aparıcı siyasi müxalifət partiyalarının “onlar seçkidə iştirak etsəydi, düzgün qərar qəbul ediblər, iştirak etməsəydilər, müxalifətin, demokratiyanın maraq və mənafelərinə zidd olardı” mövqeyində deyiləm. Boykotun da seçicilərin siyasi aktivliyinin yaranmasının əleyhinə olduğu kimi təqdim edilməsinin əleyhinəyəm. İndi hansısa bir qüvvənin bu qədər qısa müddət ərzində, seytnot vəziyyətində prezident seçkisi kimi böyük miqyaslı bir kampaniyanı aparıb seçicilərin siyasi fəallığına nail olacağı da gözlənilən və ağlabatan deyil. Ona görə də artıq reallıqla, vəziyyətlə hesablaşmaq lazım gəlir. Sizə açığını deyim; bizim partiyanın bəzi üzvləri Müsavat Partiyasının Məclisi seçkidə iştirak etməmək qərarını verdikdən sonra mənə müraciət etdilər ki, bəlkə seçkidə iştirak edək və namizədimiz də AXP sədri olaraq siz olun. Mənə namizədliyimi vermək təklifini etdilər. Lakin mənim əvvəldən belə bir niyyətim olmayıb və indi də yoxdur. İndiki vəziyyətdə mənim mövqeyim ondan ibarətdir ki, hazırda prioritet və aktual olan seçki məsələsində mümkün qədər siyasi müxalifətin ümumi birlik, ümumi mövqe ortaya qoymasından ibarət olmalıdır.

– 30 ildir aktiv siyasətdəsiniz, çoxlu sayda seçki kampaniyalarında təşkilatçılıq işlərinə rəhbərlik eləmisiniz. Yəni seçki təcrübəniz kifayət qədərdir. O zaman nədən indiyə qədər heç vaxt prezidentliyə namizədliyinizi vermirsiniz?

– Prezident seçkilərində, xüsusən müxalifətin hakimiyyətə gəlmək şansı olan prezident seçkilərində – 1990-cı illərin sonlarında Əbülfəz Elçibəyin seçkidə iştirak etməsi məsələsi, 2003-cü il prezident seçkisində İsa Qəmbərin namizədliyi olub. Mən onlara dəstək vermişəm. Hesab edirəm ki, düzgün etmişik. Hazırda da İsa Qəmbər və Müsavat Partiyası seçkidə iştirak etsəydi, bu, başqa bir situasiya olardı. Lakin artıq Milli Şura, AXCP, Müsavat və digər partiyalar məlum qərarları qəbul etdikdən sonra bu situasiyada Pənah Hüseynin seçkidə namizədliyini verməsi nə siyasi fəallığa nail olmaq baxımından, nə də, ümumiyyətlə, Azərbaycanda demokratiya uğrunda mübarizənin maraq və mənafeləri baxımından hansısa bir müsbət nəticələrə səbəb olmaz. Əksinə, xeyli dərəcədə müəyyən zərərli fəsadları da olar. Bu, təkcə mənə aid deyil, bir neçə bu cür siyasətçidən danışmaq mümkündür. O baxımdan mənim rəyim bütün bu məsələləri götür-qoy edərək formalaşıb. Mən realist siyasətçiyəm. Yəqin ki, yaxın günlərdə yerdə qalan digər partiyaların da mövqeləri müəyyənləşəcək. KXCP-nin də son mövqeyi hələ müəyyənləşməyib. Mən fevralın 11-də Mirmahmud Mirəlioğlu ilə də bunlar barədə telefonda müzakirə apardım. Yalnız qərarlar verildi və bununla hər şey qurtardı kimi mövqeyindən davam eləmək olmaz. Ciddi bir şəkildə indiki siyasi vəziyyəti, o cümlədən müxalifətin bundan sonra nə edəcəyi məsələləri barədə istər hamı bir yerdə, istər ayrı-ayrılıqda müəyyən dəyərləndirmələr aparmaq, həm taktiki, həm də strateji bəzi məsələlər istiqamətində vəziyyətə yenidən baxmaq lazım gələcək. Bu, müxalifət üçün ciddi problemdir. Güman edirəm ki, bu həftə yaxud gələn həftənin əvvəllərində KXCP-nin qərargahında olmuş müzakirələrdə iştirak eləyən partiyaların yeni qüvvələr də əlavə olunmaqla, növbəti görüşü, müzakirəsi olacaq. Azərbaycanda indiki dövrdə, istərsə də yaxın gələcəkdə olan inkişaf tendensiyalarını nəzərə alaraq müxalifətin özünün ümumi siyasi mövqelərini müəyyənləşdirməsi üçün hansısa bir nəticələr əldə olunması və yaxud bu prosesin başlanması üçün bir iş görüləcək.

– Sizin qeyd etdiyiniz 9 partiyanın bəziləri seçkidə iştirak etmək qərarındadır. Fikir ayrılığının olduğu buradan aydın görünür. Belə bir durumda keçiriləcək toplantının nəticəsi necə ola bilər?

– Keçiriləcək görüşdə seçkidə iştirak edib-etməmək məsələsi artıq müzakirə olunmayacaq. Artıq bu məsələ əksər siyasi qüvvələr üçün əhəmiyyətli dərəcədə yekunlaşıb. Bir neçə təşkilat var ki, yəqin onların da qəti mövqeləri bu həftə aydınlaşacaq. Hər halda, seçkidə iştirak etmək qərarı vermiş, amma özünün müxalifət mövqeyində olduğunu elan eləyən qüvvələrin də (hərçənd ki, belə qüvvələr demək olar yoxdur, uzağı bir-iki belə qüvvənin adını çəkmək mümkündür) mövqeyi dinlənilməlidir. Bundan sonra nə etməli və nə ediləcək, “bu status-kvo qalacaqmı, yoxsa hansısa dəyişiklik etmək lazımdırmı” kimi suallara da cavab vermək lazım gələcək. Müzakirələrin, məsləhətləşmələrin aparılmasını vacib sayıram. Hər halda, müxalifət vəziyyəti götür-qoy edib cəmiyyətə özünün bu situasiyadan çıxış yolları haqqında baxışlarını, planlarını təqdim eləməlidir. Qeyri-müəyyənliyin aradan qalxmasına nail olmalıdır.

– Milli Şura elan edib ki, mart ayından mitinqlərə start verəcəklər. Seçkidə iştirak etməyən bütün qüvvələrlə, boykot qərarı verənlərin birgə mitinq keçirməsi gözləniləndir, yoxsa mümkün görünmür?

– Milli Şuranın mitinq məsələsi bir detaldır. Bundan öncə daha ümumi xarakterli məsələlərin aydınlaşdırılmasına, razılaşdırılmasına ehtiyac var. Konkret olaraq bu və ya digər aksiyada iştirak eləyib eləməmək məsələsi isə bir qədər fərqli məsələdir. Məsələn, Milli Şuranın bundan əvvəl də elan elədiyi bir sıra mitinqlərdə, digər siyasi partiyaların aksiyalarında  mitinq qərarının konkret təmsil elədiyi təşkilatda olub-olmamasından asılı olmayaraq iştirak eləyən siyasətçilər və onların tərəfdarları var. Mən məsələni bir qədər daha böyük çərçivədə təsvir eləmək istədim. Antidemokratik seçkilərlə bağlı kütləvi aksiyaların keçirilməsi isə başqa bir məsələdir. Bu, vətəndaşların da, siyasi partiyaların da hüququdur. Hər bir vətəndaşın və siyasi təşkilatların seçkidə təşviqat aparmaq hüququ var. Təşviqat isə lehinə olmaya da bilər. Bunun özü də hər kəsin hüququdur.

– Seçki apreldə deyil, 6 ay sonra – oktyabrda keçirilsəydi, müxalifət üçün nə isə dəyişəcəkdimi?

– Sizin dediyinizə kontr-sualla cavab vermək daha məqsədəuyğundur. Əgər apreldə seçkiyə getməklə, oktyabrda seçki olması arasında fərq yoxdursa, onda nədən 6 ay öncəyə – növbədənkənar seçki qərarı verdi? Oktyabrda seçki olsaydı, o zamana qədər müəyyən hazırlıqlar gedəcəkdi. Hətta aprelə növbədənkənar seçki heç olmasa ötən ilin oktyabr-noyabr ayında verilə bilərdi ki, siyasi qüvvələrin hazırlıq üçün vaxtı olsun. Bu da olmadı. Müxalifətin etirazı nə üçün növbədənkənar seçki elan edilməsindən daha çox, təyin olunan seçkinin kampaniyasının başlanmasına cəmi 3-4 qalmış elan olunmasınadır.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …