Ana səhifə / Siyasət / Müəllimə məktəb direktorunu rüşvətxorluqda ittiham etdi

Müəllimə məktəb direktorunu rüşvətxorluqda ittiham etdi

Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin müəlliməsi məktəb direktorunu rüşvətxorluqda ittiham edib.

Məktəbin müəllimi Almas Nuriyeva bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, məktəbin direktoru Rəhim Hüseynov onu intihar həddinə çatdırıb.

Onun sözlərinə görə, R.Hüseynov məktəbə direktor təyin olunduğu gündən məktəb rüşvətxorluq mənbəyinə çevrilib: “Mən 1995-ci ildən 193 saylı tam orta məktəbdə öz ixtisasım üzrə ibtidai sinif müəllimi işləyirəm. Bu il mən I sinif götürməli olduğum halda mənim yerimə Rəhim Hüseynov Arzu İsayevaya sinif verir. Halbuki həmin müəllimə heç vaxt müstəqil bir müəllimə kimi tanınmayıb. 2012-2013-cü illərdə Rəhim müəllim Arzu İsayevaya fəaliyyət göstərməyən, heç bir şagirdi olmayan, yalnız jurnalı olan sinif açıb, həmin sinifə bir neçə müəllimin siniflərindən uşaqların adını yazıb. Lakin uşaqlar öz sinifində əyləşiblər. 2013-2014-cü illərdə Kifayət müəlliməyə həmin formada bir il müddətinə fəaliyyət göstərməyən sinif açıb. Ora isə Amilə, Sona, Yetər müəllimənin sinifindən uşaqların adlarını yazaraq sinif qurub. Direktor mənə deyir ki, məktəbdə sinif çatmır, yer yoxdur. Amma özü üçün hamam, istirahət otağı hazırlayır”.

Nuriyeva hazırlıq aparan bütün müəllimlərin R.Hüseynova hər ay 50 AZN pul ödədiyini bildirib. “Mən I sinif götürərkən Rəhim Hüseynova 600 manat pul verdim. Amma bu il Rəhim müəllim məndən 2000 manat tələb edib. Mən 27 şagird yığmışam. Rəhim Hüseynov uşaqları bir-bir sinifdən uzaqlaşdırıb, sinifdə 17 şagirdim qalıb. Rəhim Hüseynov bir-bir valideynlərin evlərinə zəng vuraraq mənə sinif açmayacağını deyir. 193 saylı tam orta məktəb dövlət məktəbi olduğu halda o, hər zaman “mənim məktəbimdir” deyə bildirir.

Məktəb çirkab yuvasına çevrilib, intriqalar baş alıb gedir. Mənim öz sinifim olduğu halda məktəbdən qovulmuşam. Rəhim Hüseynov direktor gələn il məktəbdə 73-75 sinif olub. İndi isə 50 sinif qalıb. Məktəbdə bu il Azərbaycan sektoruna 89 uşaq yığılıb. R. Hüseynov müəllimləri təhqir edir. Onun sayəsində müəllim kimi fəaliyyət göstərməyənlər sinif yığa bilir. Fəaliyyət göstərən təcrübəli savadlı bir müəllim isə sinif yığa bilmir. Bu necə olur?”.

A.Nuriyeva məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini bildirib.

M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru R.Hüseynov isə APA-ya açıqlamasında bildirib ki, A. Nuriyevanın iddiaları əsassızdır: “Almas xanım məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və başqa yerlərə şikayət edib, amma şikayətinin heç bir nəticəsi olmayıb. O deyir ki, məcburi şəkildə mənə sinif açın. Keçən ilə qədər uşaqlar məktəbi seçirdilər və direktor özü sinifləri formalaşdırırdı. Bu il seçim valideynindir. Valideyn həm məktəbi, həm də müəllimi seçir”.

Məktəb direktoru qeyd edib ki, bu gün məktəbdə birinci sinfə 81 nəfər uşaq yazılıb: “Bu isə o deməkdir ki, iki il əvvəl olsaydı, mən hər sinifə 20 uşaq qəbul edib 4 sinif aça bilərdim. Bu il Təhsil Nazirliyi seçimi verib valideynə ki, hansı müəllimi istəyirsinizsə, özünüz seçin. Bu il bir müəlliməyə 24, o birinə 22, üçüncüsünə 21, Almas xanıma isə 14 nəfər uşaq yazılıb. Sinfin açılmağı üçün isə qaydaya görə şagird sayı 20-dən artıq olmalıdır. Almas xanıma deyildi ki, 14 nəfərlə sənə sinif açıla bilməz. Ona görə də bu 14 nəfər uşaq yuxarıdakı üç sinif arasında bölünüb. Almas xanıma isə II sinifin boş qalan müəllim yeri təklif olundu. O, bu təklifi qəbul etmədi”.

R.Hüseynov A.Nuriyeva ilə aralarında pul söhbətinin olmasını da inkar edib: “Bəyəm mən pul yığanam?! Belə bir şey mümkün deyil”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın