Ana səhifə / Siyasət / Mir Şahin prezident seçkilərini şərh etdi: “Bu şadlığına şitlik etməyənlərin səbəbidir”

Mir Şahin prezident seçkilərini şərh etdi: “Bu şadlığına şitlik etməyənlərin səbəbidir”

“Məni bu saat qətiyyən maraqlandırmır ki, kim harada və kiminlə hansı səsi necə sayır”

Azərbaycan İlham Əliyevi yenidən seçdi. Təkcə ona görə yox ki, namizədlər arasında ən layiqlisi o idi, seçkidən əvvəl də heç kim möcüzə gözləmirdi və s. Həm də ona görə ki, İlham Əliyevin seçilmək istəyi ilə seçicilərin onu seçmək istəyi üzvi şəkildə bir-birini tamamlayırdı.
Əlbəttə, burada demokratiyadan, şəffaflıqdan, səsvermə prosesinin kifayət qədər mütəşəkkilliyindən, seçici fəallığından danışa bilərdim. Amma bunları mənsiz də edənlər olacaq. Mən isə ilk dəfə olaraq bütün klişelərin əleyhinə bir fikir ifadə etmək istəyirəm.
Azərbaycan seçicisi Prezident seçkisini özünə məxsus, öz taleyinin, dövlətinin müqəddəratının tələb etdiyi, ayrı-ayrı vətəndaşların yox, ortaq vətəndaşın, bütün xalqın maraq və mənafeyi üçün həyati vacib olan bir tərzdə keçirdi.
Məni bu saat qətiyyən maraqlandırmır ki, kim bu saat nəyə və kimə hansı gözlə baxır, kim harada və kiminlə hansı səsi necə sayır, kim nəyə necə qiymət verir?! Demokratiya, beynəlxalq camaat və s. kimi xoş sözlər ilk dəfədir ki, məndən ötrü arxa plandadır. Baxmayaraq ki, seçkidə saxtakarlıq etməyə, hansısa namizədin üstünlüyündən qorxaraq qaranlıq əməllərə əl atmağa doğrudan da ehtiyac yox idi.
İlkin nəticələr fərqin kifayət qədər böyük olduğunu göstərir. Və bu fərq təkcə riyazı deyil, həm də siyasidir. Hövzə, məhəlli, maksimum region cızığlı iddiaçılar üzərində geniş miqyaslı düşüncə sahibinin üstünlüyü böyük hesablı idi.
Bütün bunlar öz yerində. Amma mən indi tam ciddiyyətlə bir fikir ifadə edəcəm: Azərbaycan vətəndaşını bu gün nə hansısa qərb-mərb yalançı-doğruçu piar standartları, nə “Amerika bizə nə deyər?!” kimi kompleks doğurucu riyakar maska-niqab sintezi yönləndirdi. Azərbaycan seçicisi seçki qutusundan – öz minillik xalq, millət tarixinin, bütün təhdid və təhlükələrə təbii, bioloji müqavimət instinktinin formalaşdırdığı təhtəlşüuru ilə cari şüurunun qanunauyğun qatqısını çıxardı. Azərbaycan seçicisi öz dövlətinin taleyində həlledici rol oynamaq üçün seçki məntəqəsindəydi. İlk baxışda vətəndaş bu seçkiyə çox sakit, soyuqqanlı bir görkəmdə gedirdi. Narahat olmağa ən cüzi bir risk ehtimalını belə yaxın buraxmadan. Razılar da var idi, narazılar da. Razıların öz razılıqlarını, narazıların öz narazılıqlarını ifadə etmək üçün bütün imkanlar yaradılmışdı. Namizədliyini vermək istəyən verdi: tam azad, verməyən də baykot etdi: yenə də tam azad.
Rəsmi namizədlər debatlara, baykot qrupları isə öz yaşıl meydanında məhsul tədarükünə getdi. Yenə də tam azad şəkildə. Yəni, 11 aprel seçkisi ilk baxışda adi bir seçim işi idi. Amma yalnız ilk baxışda. Əslində isə Azərbaycan vətəndaşı bu seçkiyə yəqin ki, öz Dövlətinin və Xalqının varlığını qorumaq imkanı kimi yanaşmalıydı. Sosial şəbəkələrdə seçki ilində xüsusilə əndazədən çıxan, kin-küdurət püskürən bəzi qara-quraların neqativi İlham Əliyevin Azərbaycanının pozitivini qapamağa kifayət etməsə də hər halda var idi.
Sabit və dinc, rahat və xoş Azərbaycanda növbəti müsəlman ocağı qalamaq istəyən odabaşı-kombinatorların əlində kösöv olduğunu anlaya bilməyəcək qədər cahil ideoloji qaçaqmalçılar açıq oynayırdılar. Seçkilərə müdaxilə edirdilər. Əvvəllər altdan-altdan işləyən, öz aləmində guya demokratiya-demokratiya oynayan Amerikanın Səsi kimi rəsmi ruporlar belə Hakim Partiyanın namizədinin opponentlərinə həvəslə tribuna verirdilər.
Bütün bunların şahidi olan və öz gələcəyi, dövləti üçün narahat olan orta seçicini həm də Prezidentin məruz qaldığı təhdid və təzyiq sürətlə dəyişdi. Əvvəl hansısa problemdən narazı olan vətəndaş birdən gördü ki, onu mükəmməl naxışlarla bəzənmiş payəndazla cəhənnəmə itələyirlər. Bax İlham Əliyev bu zaman qalib gəldi. Əslində bu gün yox, xeyli əvvəl. Prezidenti təkləmək istəyən qüvvələrin üzərinə kütləvi yürüş zamanı. Seçici Prezidentliyə namizədin fəaliyyətindən hətta narazı qaldığı cəhətləri də unudaraq İlham Əliyevə səs verdi.
Çünki o gördü ki, dövlət öz başçısının timsalında təhdid edilir və nə olur-olsun onun yanında olmaq lazımdır. Beləliklə, bu da nəticə! Xalq Azərbaycanın idarəçiliyini daha 7 il üçün İlham Əliyevə etibar etdi. Hər kəsin seçim səbəbi var və bu səbəb özünəməxsusdur. Mənim də öz səbəbim var. Heç vaxt heç bir seçkidə kimə səs verdiyimi elan etməmişəm. Amma bu gün bunu edəcəyəm. Mən İlham Əliyevə səs verdim. Ona görə səs verdim ki, özümü azad, dinc, təhlükəsiz hiss edəcəyəm. Azad informasiya mühitində normal çalışacam. Hər kəsin, o cümlədən, hər bir dövlət məmurunun mətbuat qarşısında şəffaf dayandığını görəcəm. İnformasiya qapıları üzümə açıq olacaq. Tutduğu postdan asılı olmayaraq hamıdan soruşa biləcəm, sual verə biləcəm. Nazirli, müəllimli, həkimli, Baş nazirli, deputatlı, polisli, sahibkarlı, hakimli hər bir kəsin fəaliyyətindəki qüsurları göstərəcəm.
Başlıcası isə Azərbaycan dövlətinə bacardığım işlə xidmət göstərə biləcəm. Bu bir jurnalist olaraq mənim səbəblərimdir. Bir vətəndaş olaraq, öz təhlükəsizliyimi, gələcəyimi etibar etdiyim, regional Azərbaycanını dünya Azərbaycanına çevirən Dövlət Başçısına səs verdin. Əminəm ki, İlham Əliyevə səs verən hər kəsin səbəbi eksklüzivdir, özünəməxsusdur, amma həm də ümumidir. Şadlığına şitlik etməyənlərin, ağzı isti yerdə olmayanların, boyundan artıq tullanmaq istəməyənlərin səbəbidir. Azərbaycansayağıdır. Əlbəttə, gözü dördlər, ağzı göyçəklər mütləq nəsə axtaracaqlar, bəlkə nəsə tapacaqlar da. Amma əsas odur ki, bizim dövlətimiz var və ona Dövlət başçısı seçmək kimi böyük imtiyazımız var. Mən Azərbaycan xalqını və Azərbaycan Prezidentini təbrik edirəm! Hər birimizə güclü və haqlı Azərbaycan arzulayıram!  Azərbaycanlı olaq, Azərbaycanla olaq! (Real TV)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …