Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Mehriban düşmənlər”in pul savaşı: Əbədi və əzəli “mübarizə” predmeti

“Mehriban düşmənlər”in pul savaşı: Əbədi və əzəli “mübarizə” predmeti

“Yurd” sədri Əli Kərimli və araşdırmaçı jurnalist Xədicə İsmayıl yenə üz-üzə gəlib. Bu dəfə Əli Kərimli ilə Xədicə İsmayılı üz-üzə qoyan səbəb mövsümi mitinqlər mövzusu olub. Belə ki, Xədicə İsmayıl Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinqləri tənqid edib və bildirib ki, liderlər qorxduqları üçün onlara icazə verilən məkandan kənara çıxmaq istəmirlər. “Məncə “Məhsul”dan kənara çıxmamanın bir səbəbi də var.

Liderlər çıxmır (yəqin ki, qorxudan) o razılaşdırılmamış aksiyalara. Ən son nə zaman gördüyümü xatırlamıram hər halda. Onlara rahat tribunalı yer lazımdır. Polis icazə vermədiyi üçün istefa şüarını da özləri demir, ancaq kütlə qışqırır”,-deyə Xədicə İsmayıl Əli Kərimlinin Milli Şuranın adından keçirdiyi mitinqləri ifşa edib.

Xədicə İsmayıl bir daha təsdiq edib ki, keçirilən mitinqlərin heç bir siyasi əhəmiyyəti yoxdur, bu aksiyalar əslində şou xarakterlidir. Bu haqda dəfələrlə deyilib, yazılıb. Bu baxımdan “Yurd” sədrinin faktiki idarə etdiyi Milli Şuranın keçirdiyi mitinqlərin nəyə hesablandığı hər kəsə bəllidir.

Ümumiyyətlə isə Xədicə İsmayıl Əli Kərimli ilə tez-tez üzə gəlir. Bir müddət əvvəl də siyasi məhbus siyahısının hazırlanmasında bu iki şəxsin sözü bir-birinin boğazından keçməmişdi. Qeyd edək ki, həmin vaxt Milli Şura siyasi məhbus siyahısına 166 nəfərin adını salmış və həmin siyahını Qərb dövlətlərinə, beynəlxalq təşkilatlara göndərmişdi. Xədicə İsmayıl isə həmin siyahıya etiraz edərək, orada yer alan 45 nəfərin həbsdən öncəki fəaliyyətinin araşdırılmasına ehtiyac olduğunu demişdi. Maraqlıdır ki, Əli Kərimlinin təqdim etdiyi 166 nəfərlik siyahıda adı yazılan 120 nəfər Nardaran hadisələrinə görə həbs olunmuş şəxslər idi. Tərəflər arasında narazılıq yaradan da elə bu məsələ oldu.

Bundan əlavə tərəflər dəfələrlə “qrant müharibəsi”nə çıxıblar. Bu ilin may ayında Xədicə İsmayılla Əli Kərimli Amerika Birləşmiş Ştatlarının (ABŞ) bir sıra təşkilatlarından ayrılan qranta sahib çıxmaq üçün mübarizəyə başlamışdılar. Hələ o zaman, daha dəqiq desək mayın 9-da ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrə Əli Kərimlinin (və ya onu təmsil edə bilən adamın) deyil, Avropada yaşayan “Meydan” televiziyasının qurucusu Emin Millinin dəvət alması “Yurd” sədrinin adının üstündən xətt çəkilməsi kimi izah edilirdi. Həmin vaxt Emin Milli və Əli Kərimli bir-birinə qarşılıqlı ittihamlar səsləndirirdi. “Yurd”çular da öz liderlərinə dəstək vermək üçün sosial şəbəkədə “söyüş maşını”nı həmişəki kimi işə salmışdılar. Hətta bu mübarizəyə Milli Şuranın sədri Cəmil Həsənlini də qoşmuşdular. “Yurd” sədrinin tərəfdarlarının hətta saxta profillərdən yazdıqları status və şərhlərdə “əbədi lider”lərini müdafiə etmək üçün tutarlı dəlil tapmasalar da, təhqirdən yan keçmirdilər. Əslində təəccüblü də görünmürdü, siyasi mübarizənin təhqir və söyüş dili çoxdan bu qrupun üslubuna çevrilib.

Belə bir fonda Əli Kərimlinin Konqresdəki dinləmələrdən kənar qalması Emin Millinin qələbəsi kimi təqdim edilirdi. Maraqlıdır ki, həmin vaxt da Xədicə İsmayıl Əli Kərimlinin yanında yer almadı. Hətta Xədicə İsmayıl status yazaraq Əli Kərimlini, Cəmil Həsənlini Emin Millidən üzr istəməyə çağırdı.

Sonradan bu məsələ nisbətən səngidi. Ancaq görünən odur ki, mübarizə səngimiş kimi görünsə də əslində davam edir. Xədicə İsmayıl “Yurd” sədri Əli Kərimli ifşa etməyə davam edir. Son baş verən mitinq qalmaqalı da bunun bir nümunəsidir.

Maraqlı məqam ondan barətdir ki, Xədicə İsmayılın “Məhsul”da keçirilən mitinqlərə etiraz etməsinə “yurd”çulardan başqa heç kim irad bildirmədi. Hətta bir çox müxalif düşüncəli şəxsdən X.İsmayıla dəstək gəldi. Budəfəki qarşıdurmanın səbəbi nədirsə, bu haqda hələlik heç kim danışmır. Amma iddia olunur ki, bütün zamanlarda olduğu kimi bu dəfə də Xədicə İsmayılla Əli Kərimlinin mübarizəsi “pul davası”dır. Əzəli və əbədi mübarizə predmeti…

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …