Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Mən ”seçki olarsa iştirak edəcəyəm” sözünü qətiyyətlə demirəm” – Keçmiş baş nazir

“Mən ”seçki olarsa iştirak edəcəyəm” sözünü qətiyyətlə demirəm” – Keçmiş baş nazir

“Əsas məsələ iqtidar və müxalifət daxilindəki münasibətlərdə həll olunur. Əsas aktual olan ikinci məsələ isə iqtidar daxili məsələlərdir”. Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”ın müxalifət daxilində gedən son proseslər barədə sorğusuna cavabında bildirib.

P.Hüseynin qeyd edib ki, müxalifətin öz daxilində münasibətlər hal-hazırda o qədər də mühüm əhəmiyyət kəsb etmir. Lakin son bir neçə ayda yuxarıda deyilən proseslərlə, həmçinin regionda gedən proseslərlə yanaşı Azərbaycan müxalifətinin mütəşəkkil hissəsində və onun siyasi partiyalarında, birliklərində, həm də onun elektoratı içərisində çox əhəmiyyətli bir canlanma, hərəkətlənmə də müşahidə olunur.

AXP sədrinin sözlərinə görə, bura həm keçirilmiş kütləvi aksiyalar, o cümlədən 19 yanvar aksiyası, bir sıra müxalifət qüvvələrinin yeni bir Hərəkat təsis eləmələri və başqa təşəbbüslər, addımlar daxildir: “Fevralın 9-da ADP-nin parlament seçkiləri mövzusunda siyasi partiyaların tədbirini təşkil etməsi nəzərdə tutulub. Artıq həmin tədbirə dəvət olunmuşuq. Bu kimi addımlar, ayrı-ayrı müxalifət xadimlərinin məsləhətləşmələri, birlik bloklaşma cəhdləri bayaq dediyimiz obyektiv fəallaşmanın təzahürləridir. O baxımdan da ölkənin ciddi siyasi dəyişimlər içərisində olduğunu söyləməyə imkan var. Bunun bir neçə ssenari ilə inkişaf eləməsi mümkündür. Azərbaycan demokratik müxalifətinin də çalışdığı və yönləndirmək istədiyi məsələ ölkədə fundamental islahatlara nail olmaq, normal demokratik parlament seçkiləri keçirmək, bir sıra ciddi məsələlərin təcili qaydada həll olunmasıdır. Hesab edirəm ki, bu istiqamətdə əsas təşəbbüslər, həm imkan, həm də maneə iqtidarın əlindədir. Baş verənlər hələ ki, iqtidarın mövqeyində ciddi dəyişiklik olmadığını göstərir. Halbu ki, ciddi dəyişikliklərə ehtiyac var. Mən istənilən halda bu prosesin davamlı olacağını və bunun Azərbaycanda müəyyən əhəmiyyətli dəyişikliklərlə sonuclanacağı qənaətindəyəm”.

Növbədənkənar seçkilər keçiriləcəyi halda müxalifətin iştirak edib-etməyəcəyinə gəlincə, P.Hüseyn bu barədə fikirlərini 9 fevralda ADP-də parlament seçkiləri mövzusunda müzakirələrdə nitqində bəyan edəcək: “Orada digər partiyaların sədrlərinin də mövqeyi hər halda bəlli olacaq. Şəxsən mənim bu gün üçün mövqeyimə gəldikdə, ilk dəfədir ki, mən ”seçki olarsa iştirak edəcəyəm” sözünü qətiyyətlə demirəm”.

“İsgəndər Həmidovun təşəbbüsü ilə Azərbaycan Xalq Hərəkatı yaradılıb, ADP sədri Sərdar Cəlaloğlu da orada təmsil olunur. Sizcə, nədən parlament seçkiləri mövzusunda müzakirəni həmin Hərəkatın tədbiri olaraq keçirmək yox, ayrıca keçirmək təşəbbüsü ortaya atıldı?” sualına P.Hüseyn belə cavab verdi: “Hər kəsin özünün mövqeyi var. Burada qeyri-adi nə isə yoxdur. Həmişə belə olub, proseslərdə müxtəlif mövqelər, hətta ziddiyyətlər olub, sonda hansısa nəticə ilə qurtarıb. Mən güman edirəm bu dəfə yaxşı qurtaracaq”.

Qarabağ Komitəsinin 16 fevral mitinqinə ciddi hazırlaşdığından danışan AXP sədri bildirdi ki, hələ Bakı Şəhər İcra Hakimiyyətindən mitinqlə bağlı müraciətə rəsmi cavab yoxdur: “Əlbəttə ki, bütün daxili məsələlərdə nə baş verir versin prioritet məsələ Qarabağ məsələsidir. Çox ciddi proseslər baş verir. Heç cür yol vermək olmaz ki, müəyyən cari məsələlər ətrafında Qarabağ məsələsi diqqətdən yayınsın. Qarabağ Komitəsi də bu məsələdə səfərbər edici bir fəaliyyət göstərir. Nəzərdə tutduğumuz mitinq də bu fəaliyyətə aiddir. Ən ciddi şəkildə mitinqə hazırlıq gedir. Əgər Bakı Şəhər İcra Hakimiyyəti mitinqə razılıq verəcəksə ciddi bir Qarabağ mitinqi keçiriləcək. Təəssüf ki, bu gün Qarabağ məsələsinə də müxalif fəaliyyətlər var. Hətta bizim bəzi tanıdığımız şəxslərin, Qarabağ müharibəsində iştirak eləmiş şəxslərin də Qarabağ Komitəsinə qarşı hansısa səbəbdən qaynaqlanan hücumları diqqəti cəlb edir. Amma bunlar o qədər də böyük diqqət ayrılası nüans deyil. Fevralın 6-da Qarabağ Komitəsinin toplantısı olacaq və mitinqə hazırlığın gedişi əsas məsələ kimi müzakirə ediləcək”.

0

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …