Ana səhifə / Siyasət / “Köçəryanın Azərbaycan barədə dedikləri doğrudur, bunu bilməyən yoxdur”

“Köçəryanın Azərbaycan barədə dedikləri doğrudur, bunu bilməyən yoxdur”

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın azad olunduğu Apelyasiya Məhkəməsində Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun 1993-cü ildə AXC iqtidarına qarşı qaldırdığı qiyama toxunması gündəmdən düşmür. Qaniçən erməni lideri ittiham olunduğu 2008-ci il martın 1-də ölkəsində baş verən hadisə ilə bağlı ifadə verərkən bu barədə danışıb.

O, 10 il öncəki hadisələr zamanı silahlı qüvvələrin siyasətə müdaxiləsinin olduğunu və bunu aradan qaldırmaq üçün elə bir əmir verdiyini bildirib. Bu zaman Köçəryan Ermənistandakı 2008-ci il hadisələrini 1993-cü ildə Azərbaycanda yaşananlarla müqayisə edərək özünə bu cür haqq qazandırmağa çalışıb: “Bizim əlimizdə təcrübə var, bizim təcrübə yox, düşmənimizin təcrübəsi. Bu hansı təcrübədir? Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış hansısa hərbi xadim-Surət Hüseynov var idi, hansı ki silahlı qüvvələrdə müəyyən avtoritetə malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu, ordunu hakim rejimə qarşı çevirdi. Qoşun Gəncədən Bakıya yollandı. Köçəryan dedi ki, biz bunun necə baş verdiyini görmüşük. Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi. İndi Robert Köçəryan dedi ki, belə vəziyyəti 2008-ci ildə özünə rəva görə bilməzdi. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, fevralın 23-nə və 0038 saylı məxfi əmrə aid idi”.

Köçəryanın müqayisəsini qüsurlu sayanlar kifayət qədər çoxdur. Amma bununla belə, AXC hakimiyyətinin S.Hüseynovun qiyamı qarşısında qətiyyətsiz mövqe sərgiləməsi bir daha gündəmə gəlib.

Əbülfəz Elçibəy hakimiyyətində baş prokuror işləmiş İxtiyar Şirin “Yeni Müsavat”a açıqlamasında Ermənistandakı 2008-ci il hadisələrinin nədən baş verdiyi barədə kifayət qədər məlumatlarının olmadığını bildirdi:

“1993-cü il qiyamında və bunun nəticəsində rayonların təhvil verilməsində Surət Hüseynovla yanaşı o dövrdəki siyasi müxalifətin də böyük rolu var. O zamankı siyasi müxalifət, yəni hakimiyyətə gəlmək istəyən qüvvələr həmin qiyamçı qüvvələrlə birləşib torpaqlarımızın ermənilər tərəfindən işğalına səbəb oldular. Bunu hər kəs bilir. Köçəryan əslində bunu demək istəyib, yəni biz buna yol verə bilməzdik. Təəssüflər olsun ki, o qüvvələr Azərbaycanı viran gününə qoydular. O zaman bizə qarşı demək olar bütün qüvvələr birləşmişdi. Amma 2008-ci ildə Ermənistanda eyni vəziyyət yox idi. Yalnız ortada Levon Ter-Petrosyan var idi. Başqa qüvvələrin heç biri onlarla birlikdə deyildi. Elçibəy hakimiyyəti həm qiyamçı qüvvələr, həm də onlarla birlikdə olan siyasi müxalifət tərəfindən təklənmişdi. Hakimiyyətə gəlmək üçün ölkəni dağıtmaq, vətəndaş müharibəsi yaratmaq və torpaqları düşmən vermək niyyətləri var idi və buna da nail oldular. Qiyamçılarla danışıqların aparılması üçün komissiyanın göndərilməsi ilə bağlı prosesdə olmamışam. Yalnız onu deyə bilərəm ki, Elçibəyi devirib hakimiyyətə gəlmək istəyən qüvvələr Azərbaycanı viran edib, torpaqlarımızı ermənilərə verməyi göz altına almışdılar. Bu baxımdan Köçəryanın bu barədə dedikləri doğrudur. Bunu bilməyən yoxdur”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

AXC İcraiyyə Komitəsinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Köçəryanın dediklərini daim dilə gətirdiklərini qeyd etdi: “Daim bildirmişik ki, ölkənin daxilində müəyyən gərginliklər yarandığı zaman düşmən dövlətlər bundan dərhal istifadə edə bilərlər. Problemlərimizi elə formada həll etməliyik ki, düşmənlər bundan yararlanmasınlar. Qiyamdan əvvəlki 9 fevral bəyanatı ilə biz Surət Hüseynovun etdiklərinə qiymət vermişəm. Sadəcə indi onlar təsdiq edirlər ki, biz hadisələrdən istifadə etdik. Rusiyadan tapşırıq almaq məsələsi ortada idi. Düşünürəm ki, həm Ermənistanın tapşırıq almaq məsələsi, həm də Surət Hüseynov qiyamı birbaşa Rusiyadan qaynaqlanmışdı. Biz o zaman qiyamçılarla döyüşəndə 30-a qədər muzdlu tutmuşduq. Onlar rus ordusunun zabitləri idilər. Çox təəssüflər olsun ki, biz onları Bakıya təhvil verəndən sonra hələ də mənə məlum olmayan qüvvələr tərəfindən azad edilmişdilər. O zamankı hadisələrdə açıq-aşkar Rusiyanın iştirakı var idi. Köçəryanın ifadələrində əslində bunlar öz təsdiqini tapır. O zaman mövqeyimi açıq şəkildə ortaya qoymuşam və qətiyyətli mövqe sərgiləməyi vacib bilmişəm. Hər kəs məni mövqeyimə görə yaxşı tanıyır. Rəhmətlik Əbülfəz Elçibəy müsahibələrinin birində-”Meydan 4 il, 4 ay” kitabında da göstərilib- o bildirib ki, Fərəc Quliyevin təklifləri ilə biz davransaydıq, vəziyyət fərqli olardı, hakimiyyəti qoruyub saxlaya bilərdik. O zaman sərt davranışın tərəfdarı idim, bu gün də eyni düşüncədəyəm.

Azərbaycan daxilində kimin hakimiyyətdə olmasından asılı olmayaraq dövlətə qarşı təhlükələr varsa, dərhal qarşısı sərt şəkildə alınmalıdır. Çünki dövlət maraqlarından üstün heç nə yoxdur. 3 rayon deyilsə də, çevrilişdən sonra çoxsaylı rayonlarımız işğal altına düşdü. Bunun fəsadlarını bu gün də yaşayırıq. Çox yaxın zamanda Gəncədə baş verən hadisələrə qiymət verərkən bildirdim ki, bu məsələnin kökünü kəsmək lazımdır. Hesab edirəm ki, o zaman siyasətimizdə müəyyən qədər yumşaq hallar oldu. Sərt davransaydıq belə bir faktı deyim ki, Rusiya və İran o zaman çevrilişə dəstək verirdi. Hətta İran səfiri Gəncəyə gedib çevrilişçilərə Quran bağışlamışdı.

Başqa dəstəklərdən də xəbərimiz var idi. Köçəryanın dediklərindən və bizim indiyə qədər dediklərimizdən çox şeylər öz təsdiqini tapır. 1993-cü il Azərbaycanda və 2008-ci il Ermənistanda baş verən hadisələri müqayisə etmək olmaz. Unutmaq olmaz ki, o zaman Azərbaycan Rusiyaya qarşı dövlət idi. Özüm şəxsən Kəlbəcərdə döyüşlərdə olmuşam. Orada “Vişka” deyilən yer var idi və orada üzərimizə gələn ruslar idi. Şəxsən mən onlarla döyüşmüşəm. Meyitlərdən döyüşənlərin ruslar olduğu açıq görünürdü. Belə faktlar onu sübut edir ki, torpaqlarımızı ruslar işğal ediblər. Ona görə də, Rusiyanın əyaləti olan yerdəki çevriliş cəhdi ilə Azərbaycandakı hadisələri müqayisə etmək qüsurludur. Hətta deyərdim ki, biz başqa tədbirlər görsəydik, burada vəziyyət daha fərqli olardı. Elçibəyin əsas fikirləri o idi ki, hakimiyyətdə kim olursa olsun, bircə vətəndaş müharibəsi olmasın. Bu müharibənin də olmaması üçün tərəflərdən biri olan Əbülfəz Elçibəy geriyə çəkildi və ölkənin bir yerindən başqa yerinə getdi”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …