Ana səhifə / Siyasət / İllərdən bəri sədrsiz işləyən müxalifət partiyası – AMİP…

İllərdən bəri sədrsiz işləyən müxalifət partiyası – AMİP…

Azərbaycanın ilk yaranan siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası 2011-ci ildən indiyə kimi sədrsiz fəaliyyət göstərir. Partiyanın son sədri Yusif Bağırzadə olub. Onun istefasından sonra bu siyasi təşkilat özünə ya sədr seçə bilmir, ya da seçmək istəmir. Hər halda, sədrsiz fəaliyyətin uzun dönəmi əhatə etdiyi bizi AMİP funksionerlərinin bu məsələyə münasibətini öyrənməyə vadar etdi. 

Partiyanın funksioneri Əli Orucov ”Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sədrin olmamasının birinci səbəbi qurultayın keçirilməməsidir: “2011-ci ildən AMİP qurultay keçirmir. Bu, təbii ki, AMİP-in fəaliyyətinə heç bir maneçilik törətmir. Çünki nizamnaməyə görə, qurumun cari fəaliyyətini baş katiblik institutu tənzimləyir. İstənilən halda, partiyanın sədrsiz fəaliyyəti o qədər da ürəkaçan deyil. Yəqin ki, partiyanın müvafiq qurumları bununla bağlı konkret qərarını verəcək. Qurultayı bizdə Mərkəzi Şura çağırır. Mərkəzi Şuranın yaxınlarda toplanacağı ilə bağlı Siyasi Şuranın qərarı var. Orada bir sıra məsələnin müzakirəsi gözlənir. Yeni təkliflərin olacağı istisna edilmir”.

Partiya funksionerinin sözlərinə görə, AMİP-in daxilndə də sədrin seçilməsi ilə bağlı təkliflər eşidilir: “Biz bunu partiyanın sıravi üzvlərindən də eşidirik, bəzi funksionerlərdən də. Biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Partiyanın qurultayı yalnız sədri seçmir. Eyni zamanda, çox vacib məsələlərlə də bağlı qərarlar qəbul edir. Belə qərarların qəbul edilməsinə AMİP-in doğrudan da ehtiyacı var. Qurultayın keçirilməməsinin heç bir siyasi səbəbi yoxdur. Bu, sırf texniki məsələlərlə əlaqəlidir. Artıq qurultay nümayəndələri də hazırdır. Texniki məsələlərin də həllinin kökündə maliyyə problemi durur. Bilirsiniz ki, müxalif partiyaların maddi vəziyyəti o qədər də ürəkaçan deyil. Bu məsələlər həllini tapan kimi qurultay keçiriləcək”.

Doğrudan da qəribə bir mənzərə yaranıb. Bir partiya maddi çətinliyi əsas gətirərək 8 ildir  qurultay keçirmir və bunun da müqabilində sədrsiz fəaliyyətə üstünlük verir. Amma bu səbəb o qədər də inandırıcı görünmür. Çünki müasir texnologiyaların inkişafı imkan verir ki, istənilən qurum hətta onlayn qaydada özünə qurultay keçirsin, bu da heç bir xərc tələb etmir. Yetər ki, AMİP-in sədrli fəaliyyət göstərmək istəyi olsun. Hələlik isə belə bir niyyətin olduğunu biz sezə bilmədik…

Məhəmmədəli QƏRİBLİ  

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …