Ana səhifə / Siyasət / Həqiqətən də Heydər Əliyev o vaxt hakimiyyətdə olsaydı…

Həqiqətən də Heydər Əliyev o vaxt hakimiyyətdə olsaydı…

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə görüşündə çıxışı zamanı Azərbaycanın keçmiş tarixinə aid olan maraqlı fikirlər səsləndirib. Prezident bildirib ki, o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi.

Dövlətimizin başçısı qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşüb: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, – mən bunu dəfələrlə demişəm, – əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

Prezidentin qeyd etdiyi kimi, 90-cı illərin əvvəlində ölkəyə Heydər Əliyev başçılıq etsəydi, hazırkı Azərbaycan daha hansı üstünlükləri əldə etmiş olardı?

Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində dövlət müşaviri işləmiş, professor Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun xatirində mərhum ölkə başçısı fenomenal bir siyasətçi kimi qalıb: “Onunla birlikdə işləyərkən və həmin zamandan əvvələ təsadüf edən şəxsi tanışlığım dövründə həmin dövlət xadimindəki qeyri-adi keyfiyyətləri kəşf etmiş olmuşam. O, sözün əsl mənasında, böyük bir dövlət adamı idi. İdarəetmənin bütün sirlərini dərindən bilirdi. Ən başlıcası isə, Azərbaycanın regionlarını, bölgələrinin xüsusiyyətlərini ən kiçicik detallarına qədər tanıyırdı, onlara dərindən bələd idi. Belə təəssürat yaranırdı ki, sanki Azərbaycanın idarə edilməsi onun ovcunun içinə qoyulmuş bir mexanizm idi. Mən əminəm ki, 90-cı illərin əvvəlində o, ölkənin başında dayansaydı, nəinki Dağlıq Qarabağ problemi indiki vəziyyətə gəlib çıxmazdı, eyni zamanda, biz hələ o vaxtdan bölgənin superdövlətinə çevrilmiş olardıq. Bununla yanaşı, dünyadakı aktivliyimiz daha əvvəlki zamandan start götürərdi. Heydər Əliyevin siyasətdə mahir adam olduğunu birmənalı şəkildə qəbul etmək lazımdır. O, hakimiyyətə gəldikdən sonra necə qısa bir müddətdə ölkənin problemlərini əlinə yığmaqla bunu sübut etdi. Bu mənada cəsarətlə deyə bilərəm ki, bu unikal siyasətçi həqiqətən də Azərbaycan dövlətçiliyi üçün xüsusi xidmətlər göstərib. Amma cənab İlham Əliyev doğru olaraq qeyd edir ki, həmin dahi siyasətçinin lazımi məqamda ölkəyə rəhbərlik edə bilməməsi bizdə bu gün də təəssüf doğurur. Ən azı biz hazırda heç bir dərin problemi olmayan bir ölkə kimi daha da inkişaf edirdik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …