Ana səhifə / Siyasət / Hələ də gözünü meydandan çəkməyənlər və Elçibəylə son danışığım… – Aydın QULİYEV yazır

Hələ də gözünü meydandan çəkməyənlər və Elçibəylə son danışığım… – Aydın QULİYEV yazır

Əli Həsənovun “Müxalifət missiyası və Azərbaycanın milli maraqları” məqaləsini oxuyandan sonra təsəvvürümə gələn ilk mülahizə bu oldu:”İndi məlum çevrələr deyəcəklər ki, Əli Həsənov Prezidentin köməkçisi, bu hakimiyyətin əsas ideoloqlarından biri olduğu üçün elə bu cür danışmalı və yazmalıdır, başqa nə deyə bilər ki?!” Yox, məsələnin daha dərin mətləbləri var.

Məsələ burasındadır ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavatın cəmi bir illik hakimiyyətlərinin acı və rüsvayçı nəticələri o qədər yaxın tarixdir ki, onu insanların qəbul etdiyi dil və tərzdə təhlil etmək üçün bugünkü hakimiyyətdə hansısa vəzifəni tutub-tutmamaq vacib deyil. Sadəcə obyektiv, dürüst və ədalətli siyasi düşüncə tərzinə malik bir insan olmaq kifayətdir. Belə düşüncəyə malik olanlar üçün Xalq Cəbhəsi hakimiyyətinin iflasa uğramasının səbəblərini, bu hakimiyyətin sahibi, mərhum Əbülfəz Elçibəyin əslində kim olmasını, onun öz hakimiyyət komandasının üzvləri ilə hansı münasibətlərdə olmasını təhlil və təsvir etmək çətin deyil.

Mərhum Elçibəyin öz komanda yoldaşları ilə münasibətlərinin təhlili bu gün də aktualdır. Çünki həmin şəxslərin bəziləri bu gün də radikal siyasi davranışlardan əl çəkməyərək meydanlarda görünmək idddiasındadır, 80-ci illərin sonlarına xas radikal kütləvi aksiyalarla siyasi məqsədlərin fəth oluna biləcəyinə hələ inanır, belə aksiyalarla hakimiyyət orqanlarının fəaliyyətini iflic etmək və bütün ölkənin meydanlardan idarə edildiyi köhnə vəziyyəti qaytarmaq istəyirlər. Həmin şəxslər radikal aksiyaların təşkil edilməsi sahəsində də yalnız ötən əsrin 80-ci illərində özünü doğrultmuş və bu gün kəsərdən düşmüş taktikanı dəyişməyiblər. Baxmayaraq ki, üstündən 30 ilə yaxın vaxt keçir. Taktikanın mahiyyəti budur – meydanlara gələn insanların sayını mitinqdən-mitinqə tədricən artırmaq, bu gün meydandakı min-iki min adamı müəyyən sayda aksiyadan sonra yüz minlərə çatdırmaq. İndi real insanlar üçün xülya kimi görünən bu taktika ötən əsrin 80-ci illərinin sonlarında özünü doğrultmuşdu. Çünki o zaman xalq bu oyanışa dəstək verirdi, müzakirə mövzusu Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq idi, xalqla əlaqə tellərini əzəldən qırmış və vətənpərvərliyi hakim sovetizm ideologiyasına sədaqət kimi qavrayan bir hakimiyyət var idi. İndi şəraiti xarakterizə edən ən azı bu üç motivin hər biri 180 dərəcə əksinə dönüb. Yəni xalq küçə-meydanlardan gözünü çəkməyən radikallara dəstək vermir, Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yoxdur, xalqla bağlılığa və dövlət müstəqilliyinə dəyər kimi baxaraq azərbaycançılıq ideologiyası ilə silahlanmış bir hakimiyyət var. Göründüyü kimi, ötən 30 ildə elə dəyişikliklər baş verib ki, iki dövrün, hətta formal da olsa, müqayisəsinə əsas qalmayıb.

Dəyişməyənlər isə bəzi personalardır. Siyasi ambisiyalara fanatikcəsinə əsir olmaq üzündən reallıq hissini tam itirdikləri üçün bu gün də meydanlara can atır, bir dəfə mitinqə çıxmış 1500-2000 adamı hakimiyyəti yıxacaq milyonların müjdəçiləri kimi qəbul edir, 23 fevral aksiyasına icra orqanlarının icazə verməməsi ilə razılaşmayaraq planlar cızır, icazəsiz aksiyalar keçirmək haqqında düşünür, toplaşmaq azadlığının guya pozulduğu barədə “boğuq səslərlə” etiraz çıxışları edirlər. Özlərini hələ də mərhum Əbülfəz Elçibəyin davamçıları kimi aparır və qələmə verirlər, Əbülfəz bəyin tək fiziki yox, ruhən, qəlbən və ideoloji olaraq onlardan çox-çox uzaqlarda olduğunun sanki fərqinə varmayanlar kimi davranırlar. Əslində isə…

Onların reallıq hissini itirməsinin də, hələ meydanlara qayıtmaq üçün nəticəsiz çabalar göstərməsinin də, həm forma, həm də məzmunca dəyişməmələrinin də səbəbi buradadır – Elçibəyin siyasi-ideoloji irsindən uzaq düşmək, ona ehtiram etməmək…

Əbülfəz bəy özünü əsir etdiyi ideallar naminə həyatını da qurban verməyə hazır idi, Azərbaycanın müstəqilliyinə qədər sadiq qaldığı idealları ilə birgə yürüdü. Bu yolda gəncliyini, şəxsi həyatını itirdi, hər kəsin bir dəfə gəldiyi dünyadan kam alıb yaşamaq imkanlarına göz yumdu…

Təəssüf ki, bu sözləri onunla birgə yox, onun kölgəsi altında gələnlərin hamısı haqqında demək olmur. Bu insanlar onun kimi müstəqillikdən, dövlətçilikdən, azərbaycançılıqdan başqa hər şeyi qurban verməyə hazır ola bilmədilər. Əksinə, şəxsi və bir qrupun maraqlarına bağlılıqdan doğan məsuliyyətsiz davranışlarla Elçibəyin hakimiyyətini addım-addım süquta doğru apardılar. Onlar Elçibəyin kölgəsində, onun çətiri altında hakimiyyətə gəlmişdilər. Elçibəyin uğurlarının az qala yarıdan xeyli artığına sahib olmaq iddiasını gizlətmir, lakin bu hakimiyyətin pis sonluğu və yıxılması üçün özlərini zərrə qədər məsul hiss etməz dərəcədə arxayın davranırdılar. Açıq deməsələr də, niyyyət və psixologiyaları bu idi: “hər şeyin sorumlusu Əbülfəz Elçibəydir”.

Deyəsən, Əbülfəz bəy özü də bunların psixoloji aləminin mahiyyətini anlamışdı, hakimiyyətdən düşməyinə o qədər də heyfsilənmirdi, ətrafının qeyri-sadiq düşüncə tərzinə layiqli cavab olan belə bir siyasi ovqat içində idi:”Bir halda ki, bu hakimiyyətin ləzzətini məndən çox onlar çəkdi, mən niyə onlardan artıq hakimiyyət xiffəti çəkməliyəm?!”

Həqiqətən də bəy, onlardan fərqli olaraq, öz gələcək planları naminə komandadaxili gizli ssenarilər oynamadı, oynatmadı, qohum-əqrəbasına vəzifə, mal-mülk paylamadı, dar gününə “yatırım etmədi”, gizli xartiya və ya partiya içində qruplaşma yaratmadı…

Maraqlıdır ki, Elçibəy yenidən hakimiyyətə qayıtmaq üçün də bunlar qədər yanğı və təşnəlik göstərmədi. 1993-cü ilin iyununda hakimiyyətdən və Bakıdan Kələkiyə getdi, bir də 1998-ci ildə qayıtdı…

Heç düşünmüsünüzmü ki, Elçibəy, hərdən “Azadlıq” qəzetinə və Azadlıq Radiosuna verdiyi kiçik müsahibələr nəzərə alınmasa, niyə düz beş il Kələkidə sakit oturdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdiyinə görə peşmançılıq hissi yaşamadı, hakimiyyətə yenidən qayıtmaq üçün ətrafındakıların üçdə biri qədər səy göstərmədi? Halbuki, onun çevrəsindəkilər Elçibəyə qarşı “hakimiyyəti niyə Heydər Əliyevə verdin” kimi ittiham tonunda açıq tələblər səsləndirməyə başlamışdılar.

Ondan başlayaq ki, Elçibəy Kələkidən Bakıya niyə 5 ildən sonra qayıtdı. Sualı bugünkü radikallara versəniz, fərqli cavab alacaqsız. Mən isə daha real olduğuna inandığım belə bir cavab üzərində təkid edirəm – Heydər Əliyevin hakimiyyətinin yıxılmaz dərəcəyədək möhkəmləənməsinə və öz komandasının yenidən hakimiyyətə qayıdışının mümkünsüzlüyünə hamıda qəti inam hasil olmasına qədər gözlədi. O vaxta qədər gözlədi ki, Heydər Əliyevin hakimiyyətinin yıxılması və Elçibəyin iflas etmiş yan-yörəsinin yenidən qayıdışı mümkünsüz olmuşdu. 

Bu sətirlərin müəllifi olaraq, şəxsən şahidi olduğum yaxın tarixin bəzi hadisələrinə qayıdıram. O zaman, təbii ki, Elçibəy hakimiyyətinin açıq müxaliflərindən biri idim. 1994-cü ildə Naxçıvan Ali Məclisində sədrin müşaviri işləyirdim. Kələki kəndi məlum təhlükəsizlik səbəblərilə nəzarətdə olduğu üçün oraya hər kəsin istədiyi vaxt gedib-gəlməsi çətin idi. Bakıdan gəlib onun yanına gedən şəxslər olurdu. Bir dəfə mən də getdim. İlk dəfə görüşdük. Təbii ki, çox şeylər barədə fikir mübadiləsi etmək imkanım olmadı. Tək bunu dedi:”Hakimiyyətimiz və siyasətimiz haqda ən obyektiv tənqidləri cənin yazılarından və çıxışlarından alıram, nəinki öz komandamdan”. Şəxsi tanışlığımızın davamı 2001-ci ilə təsadüf etdi. Ağır xəstə olduğu üçün Türkiyəyə aparılmaq ərəfəsində Novxanıda yaşadığı bağda görüşdük. İllərdən bəri məni düşündürən məsələlərdən söz açmaq imkanım oldu. Söhbətimizin tam məzmununu açmaq bugünkü mətləblərlə əlaqəli deyil. Hərəkat və idarəçilik komandasında olmuş şəxslərlə bağlı soruşdum. Biri haqqında belə dedi:

-O, baş prokuror olmaq istəyirdi.

-Niyə təyin etmədiniz?

-Mənim özümə də sanksiya imzalayacaq qədər avantürist idi.

-Bəs İxtiyar Şirinov da imzaladı axı?

Bu sualın cavabına toxunmuram.

-Filankəsə XİN-də müavinlik təklif etdim, istəmədi.

-Niyə?

-Çünki xarici işlər naziri olmaq istəyirdi.

-Niyə qoymadınız?

-Azərbaycana düşmən kəsilməyən dövlət qalmazdı (gülə-gülə dedi).

Öz ətrafından və keçmiş hərəkatdan altı nəfər şəxsin adını çəkdi və “bu adamlara heç vaxt inanmadım” dedi. Bu onun mənimlə son danışığı oldu.

Rəhmətliklə son görüşümüzdən sonra onun kimlərlə işlədiyini və kimlərlə qayıtmaq (!) istədiyini bir daha götür-qoy etdim. Belə qənaətə gəldim ki, o, hakimiyyətə qayıtmaq cəhdlərini sadəcə imitasiya edirmiş, əslində bir daha qayıtmaq istəmədiyini bu üsulla pərdələməyə çalışırmış… Yadıma düşür ki, 2011-ci ildə Tunisin hakimiyyyətdən getmiş prezidenti Bin Əli sonralar öz həyat yoldaşına işarə edərək, “məni onun qohumları yıxdı” demişdi. Onu arvad qohumları, bunu isə tərəfdarları… Demək istəyirəm ki, rəhmətlik Əbülfəz bəy öz səriştəsizliyi, görməmişliyi, ambisiozluğu və avantürizmi ilə onun hakimiyyətinin yıxılmasına səbəb olmuş şəxslərlə bir daha hakimiyyətə qayıtmaq istəmədi. Ağıllı adam idi. Bilirdi ki, qayıtsa, ən yaxşı halda, bir ildən sonra ya yenə devriləcək, ya da bu dəfə bir az intriqa təcrübəsi toplamış “çaldır-çuldur dəstəsi”nin əlində müvəqqəti  oyuncaq prezidentə çevriləcəkdi. Bəy bu perspektivlərin heç birini özünə sığışdırmadı və əslində hakimiyyətdən də, bu gün radikal və dağıdıcı ovqatla meydanlara dartınan keçmiş “silahdaşlarından” da həmişəlik imtina etdi…

Əbülfəz Elçibəyin özlüyündə xoflandığı həmin adamların bir çoxu və adını mənə söylədiyi 6 nəfərin bir neçəsi yenə də ortalıqdadır. “Meydanlardadırlar” demirəm, çünki bir vaxtlar meydan onların idi, indi kiçik meydançaların bir küncünü də doldura bilməyəcək qədər qeyri-“Məhsul”dar olublar. Çünki dəyişməyi, müdrikləşməyi, öz liderlərinə sadiq qalmağı bacarmadılar. Əvvəlcə yıxılmasına bais oldular, ardınca onu kiçik bir qisasçı dəstənin iradəsiz lideri kimi qabağa vermək planları üzərində işlədilər. İndi düşdükləri müşkül vəziyyətin təkbaşına “hakimlərinə” çevrilsələr də, siyasi perspektivi həmişəlik itiriblər… Bu da axırı…

Çünki 2003-cü ildən başlayan yeni reallıqları əldən buraxaraq küçə-bacada təpikləşməyi özlərinə sənət etdilər. Üstəlik, artıq başlarında Elçibəy kimi şəxsiyyət də yoxdu. 2003-cü ildə İlham Əliyev prezident seçiləndə ona inanmayanların biri də bu sətirlərin müəllifi idi. İndi radikal meydan psixologiyasının vurğunu olanlar da inanmırdılar, lakin onlar təkcə inamsızlar deyildilər, üstəlik, İlham Əliyevin hansı platforma və ideyalarla gəldiyini də sonadək görə bilmədilər. Ona sadəcə, atasından sonra yerinə gəldiyi hakimiyyəti çox tezliklə itirməyə doğru gedən təcrübəsiz gənc siyasətçi kimi baxırdılar.

Beləcə, bir çoxları, o cümlədən meydandan ev-eşiyə yığışmayanlar illər boyu onun hakimiyyət finişinə yetişəcəyini həsrətlə gözləyə-gözləyə “papağı günə yandırdılar”. O isə günbəgün özünü cəmiyyətə qəbul etdirə-etdirə milyonların gözü qarşısında xarizmatik liderə çevrildi…

Aydın QULİYEV

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …