Amma düşünürük ki, bu konteksdə daha çox maraq doğuran üç məsələ var. Birincisi budur ki, Rusiya KİV-ləri elə bu yaxınlarda B.Əsəd rejiminin Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıması xəbərini yaydılar. Beləliklə, Suriya bu iki axmaq rejimi tanıyan beşinci “dövlət” oldu. Burada dırnaq işarəsindən ona görə istifadə etdik ki, Əsəd rejiminin özünü İrandan və Rusiyadan savayı kimsə tanımır…

Elə buna görə də gürcülər Kremlin növbəti fitnəsinə ciddi reaksiya vermədilər. Əksinə, bir daha belə məlum oldu ki, Moskvanın kobud siyasi addımları Tiflisin avro-atlantika həvəsini bir az da artırır. Artıq gürcülər ölkələrinin NATO-ya qoşulacağı tarixi dilə gətirməkdən belə çəkinmir və siyasi kurslarını açıq-aydın bəyan edirlər.

Üçüçncü məsələ təbii ki, Ermənistanın Gürcüstan səmtində çox fəallıq göstərməsi, Paşinyanın bu ölkəyə səfərləridir.

Bunun da səbəbləri var və ilk növbədə qeyd etmək lazım gəlir ki, ən birinci səbəb Tiflisin Azərbaycanın təhrikilə İrəvan ətrafındakı həlqəni daralda bilməsi ehtimalıdır ki, haylar bundan çox çəkinirlər. Çünki onda İrəvan elə sözün lap birbaşa mənasında, çökər.

Həm də bunlar Tiflis səmtində Rusiya ilə əlaqələri bir az da genişləndirməyə cəhd edirlər. Çoxdandır ki, bu istiqamətdə Gürcüstanla iş aparırlar. Amma bizə elə gəlir ki, Moskvanın Abxaziya ilə bağlı fitnə-fəsadları buna qəti imkan verməyəcək.

Amma bütün hallarda Gürcüstan istiqamətini diqqətdə saxlamaq lazımdır. Gürcülər bir tərəfdən Cavaxetiya məsələsinə görə İrəvanla çox ehtiyatla davranırlar; çünki sabah Kremldən göstəriş gəlsə, ermənilər heç düşünmədən burada da bir münaqişə ocağı yaradacaqlar. Elə çox maraqlı detallardan biri də budur ki, Paşinyan həzrətləri Gürcüstana son səfərini də Cavaxetiyaya baş çəkməklə tamamlayıb.

Amma Gürcüstanın başqa “dərdi” də var: bəlkə də bunlar xristian olduqları üçün istər-istəməz Ermənistana meyl edirlər. Olsun, öz işləridir, amma unutmasınlar ki, ermənilər onların kilsələrinə belə iddia edirlər…

Gürcülərin başqa bir “dərdi” isə budur ki, bunlar müsəlmanların, xüsusən də türklərin əhatəsində özlərini rahat hiss etmirlər, guya onların “demoqrafik təcavüz”ünə məruz qalacaqlarından ehtiyatlanırlar.

Nə demək olar? Biz qonşularımızın əsassız şübhələrini və ya tərəddüdlərini aradan götürmək üçün çox şey etmişik və indi də edirik. Amma məsəl var, deyir ki, xain xoflu olar…
Həm də düşünürük ki, indi vacib olan başqa məqamdır. Ötən dəfələrdə də qeyd etmişdik ki, bölgədə Atlantika küləkləri duyulur. Ruslar Tiflisin NATO ilə bağlı səylərindən yazmaqla kifayətlənmirlər, Ermənistanın da bu istiqamətə yönələcəyindən bəhs edirlər. Görünür, Paşinyanın vədləri “üzü üzlər görmüş” Kreml əhlini inandıra bilmir.

Paşinyan da düşünür ki, Qərblə Rusiyanı balanslaşdıra biləcək. Amma Kremlə daha bir “balanslaşdırcı siyasət” aparan qonşu lazımdırmı? Ona daha bir Gürcüstan və yaxud da Azərbaycan lazımdırmı?

Üstəlik, indicə qeyd etdiyimiz iki ölkəyə bu siyasəti aparmaq çox böyük məhrumiyyətlər hesabına müyəssər olubdur, onlar illərlə Kremlin çeşidli təzyiqlərinə dözüblər. Ermənistan buna hazırdırmı?

Düşünmürük, ən azı ona görə ki, İrəvan hələ Kremlin təzyiqinin nə olduğundan xəbərsizdir və belə təzyiqə duruş gətirmək üçün resursları yoxdur. Üstəlik, Kreml bu vaxta qədər başqa Ermənistan görməyə alışıbdır və çətin ki, erməniləri başqa bir rolda qəbul etməyə razılıq verə.

Lakin N.Paşinyanın başqa yolu da yoxdur. Bir tərəfdən onun hakimiyyətə gəldiyi siyasi trayektoriya, digər tərəfdən daxili erməni auditoriyası, o biri tərəfdən də Ermənistanın Qərbin yardımına ehtiyacı – bütün bunlar ölkəni biristiqmətli, sırf rusiyayönümlü siyasətə korrektələr etməyə vadar edir. Hələlik çabaları Gürcüstan istiqamətinə yönəlibdir və çalışır ki, özünün Türkiyə və Azərbaycanla bağlı siyasətini dəyişmədən bölgədki mövqelərini bir az bərkidə bilsin. Amma heç nəyi dəyişmədən “böyük dəyişikliklər” vəd etmək kimi axmaq və gülünc siyasət ola bilməz…

Hüseynbala Səlimov