Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Gürcüstanda azərbaycanlı siyasətçilər bir-birilərini ittiham ediblər

Gürcüstanda azərbaycanlı siyasətçilər bir-birilərini ittiham ediblər

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və müxalif “Avropalı Gürcüstan” Partiyasının nümayəndəsi Əhməd İmamquliyev qarşılıqlı ittihamlar səsləndiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, R.Hacıyev Ə.İmamquliyevin ali məktəblərə qəbul olmayan azərbaycanlı gənclərdən prezident seçkiləri öncəsi öz siyasi məqsədləri üçün istifadə etdiyini deyib.

Deputat azərbaycanlı abituriyentləri təxribatlara uymamağa və siyasi oyunlarda iştirak etməməyə çağırıb: “Ali məktəbə qəbul ola bilməyən azərbaycanlı abituriyentlərin heç biri bu günə qədər mənə müraciət etməyib. Şəxsən özüm bir neçə abituriyentə müraciət edərək, məsələni müzakirə etməyə dəvət etmişəm”.

R.Hacıyev azərbaycanlı abituriyentlərlə görüşə və onları narahat edən məsələnin həlli yollarını müzakirə etməyə hazır olduğunu qeyd edib.

Ə.İmamquliyev öz növbəsində deyib ki, R.Hacıyev parlamentin Təhsil komitəsinin üzvü kimi azərbaycanlı abituriyentlərin məsələsi ilə maraqlanmalıdır: “Parlamentin azərbaycanlı deputatları gənclərə dəstək olmalıdırlar. Abituriyentlərin keçirdiyi aksiyalar heç bir siyasi xarakter daşımır. Ruslan Hacıyevin dediyi kimi, əgər oyun qurulubsa, özü də gəlib oyun xətrinə gənclərə dəstək olsun. Əsas məqsədimiz odur ki, Gürcüstanda azərbaycanlı gənclərə təhsillərini davam etdirməyə imkan yaradılsın”.

Qeyd edək ki, bu gün Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısında bu il tələbə adını qazana bilməyən azərbaycanlı abituriyentlər aksiya keçirib. Aksiyaya Ə.İmamquliyev və ali məktəblərin azərbaycanlı tələbələri də dəstək verib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …