Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Gürcüstan yeni inqilab ərəfəsində

Gürcüstan yeni inqilab ərəfəsində

Ölkədə siyasi vəziyyətin gərginləşməsi Saakaşvilinin qayıtmaq şansını artırır

Tranzit əhəmiyyəti Azərbaycan üçün vacib olan Gürcüstanda siyasi vəziyyət yenidən gərgin mərhələyə qədəm qoymaqdadır. Hətta baş verənlərin ölkədə yeni rəngli inqilabla nəticələnəcəyini deyənlər də az deyil. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Gürcüstanda maraqlı dövlətlərin geosiyasi maraqları da toqquşur. Bu isə gələn il keçiriləcək parlament seçkilərinin yaxınlaşması fonunda Gürcüstana kənar müdaxilələri daha da intensiv hala gətirir.
Belə bir vaxtda ən çox diqqət çəkən məqamlardan biri də Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin lider olduğu “Vahid Milli Hərəkat” Partiyasının altı ofisinə basqın edilməsidir. Hadisəyə görə bir nəfər saxlanıb.

Zərərçəkənlər haqqında informasiya yoxdur. Hadisə “Vahid Milli Hərəkat” Partiyasının Kutaisi, Qori, Batumi və Ozurqeti şəhərlərindəki ofislərində baş verib. Oktyabrın 20-də isə partiyanın Poti şəhərindəki ofisinə təxminən 10 nəfər hücum edib. Ofis binasının üstünə yumurtalar və pomidorlar atılıb. Ofisdən polisə zəng vurulsa da, hadisəyə görə heç kəs saxlanmayıb. Qeyd edək ki, Mixeil Saakaşvilinin tərəfdarlarını birləşdirən partiya 2012-ci ilin oktyabrına qədər iqtidarda idi. “Gürcü arzusu” koalisiyası parlament seçkilərində qalib gələrək Saakaşvilinin təxminən 10 illik iqtidarına son qoyub. Baş nazir İrakli Qaribaşvili isə baş verənləri siyasiləşdirməyin əleyhinə olduğunu bildirib. O, burada müəyyən təxribatçı qüvvələrinin də əlinin olmasını istisna etmir. Bu isə ölkə prezidenti Georgi Merqvelaşvilinin də narazılığına səbəb olub. Prezident özünün fövqəladə bəyanatında məsələyə geniş toxunub: “Konstitusiyanı müdafiə etmək hər bir vətəndaşın, ilk növbədə Gürcüstan hakimiyyətinin borcudur. Təəssüf ki, baş nazirin çıxışı gərginliyi azaltmaqdansa, ölkədəki onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırıb.
Eyni zamanda baş nazirin “Rustavi 2” telekanalının bağlanmasının tərəfdarı olması da Merqvelaşvilinin narazılığına səbəb olub: “Vətəndaş sülhünü qorumaq üçün sərt hərəkətlərdən, emosional davranışlardan çəkinməyə, məhkəməni isə vəziyyəti çətinləşdirəcək tələsik və sərt qərar qəbul etməməyə çağırıram”. Qeyd edək ki, müstəqil “Rustavi 2″ telekanalının bağlanması ilə bağlı məhkəmə prosesi gedir. Kanalın bağlanmasına etiraz olaraq aksiyalar keçirilir. Məhkəmə qarşısına toplaşan sakinlər, o cümlədən də müxalif partiyalar telekanalın bağlanmasının və əmlakına həbs qoyulmasının siyasi motivli olduğunu iddia edir. Xatırladaq ki, kanalın rəhbərinin qaldırdığı iddiaya əsasən baş tutan məhkəmə prosesində televiziyanın iddiaçıya verilməsinin gündəmə gəlməsi vəziyyəti daha da pisləşdirir. Kanalın indiki baş direktoru Nika Qvaramiya bildirib ki, onu ailəsi ilə şantaj edirlər”:Mənim barəmdə deyilib ki, Qvaramiya unutmasın ki, ailə üzvləri hələ də Gürcüstandadır, onları Amerikaya göndərə bilmədi. Üstəlik, mənim Saakaşvili ilə baş tutan telefon danışıqlarımı və digər videoyazıları da əleyhimə istifadə edəcəklərini deyiblər”.
Ekspertlər yaranmış durumda gürcü müxalifəti ilə hökumət arasında ciddi toqquşmaların olacağını proqnozlaşdırır. Bu isə Gürcüstan üçün faciə ilə nəticələnə bilər. Ölkəsindəki vəziyyəti dəyərləndirən Saakaşvili isə bu günlərdə belə bir iddia ilə çıxış edib ki, Bidzina İvanişvili komandası parlament seçkilərinin keçiriləcəyi 2016-cı ilə qədər hakimiyyətdə qalmayacaq. Sabiq prezident Gürcüstan rəhbərliyini Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək göstərməməkdə ittiham edib: “Bu, çox təəccüblüdür. Çünki Gürcüstan və Ukraynanın bir ümumi düşməni var. Bu düşmən Rusiyadır. Halbuki, Ukrayna 2008-ci ilin avqustundakı müharibədə Gürcüstana kömək edirdi”. Ekspert dairələrində də sabiq prezidentin Gürcüstana qayıtması barədə vədi diqqətdən kənarda qalmayıb. Onların fikrincə, bunun üçün Gürcüstanda ciddi dəyişikliklərin həyata keçirilməsi lazımdır.
Belə ki, Saakaşvili indi qayıtmağa qərar verərsə, qayıdan kimi dəmir barmaqlıqlar arxasında olacaq. Amma ölkədə vəziyyət qarışarsa, sabiq prezidentin bura dönməsi istisna deyil. Hələlik isə Rusiyanın Gürcüstan üzərində artan təsiri Saakaşvilini bu istəyindən məhrum edir.
Nahid SALAYEV

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın