Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Fazil Mustafadan Zahid Orucun sensasion fikirlərinə ilginc reaksiyalar

Fazil Mustafadan Zahid Orucun sensasion fikirlərinə ilginc reaksiyalar

Deputat Zahid Oruc Musavat.com-a son müsahibəsində olduqca marqlı fikirlər söyləyib, sensasion məqamlara toxunub. Müsahibənin tam mətni saytımızda dərc olunub və kifayət qədər oxucu auditoriyası qazanıb.

Z.Orucun fikrincə, sistemdənkənar prosesləri inzibati yollarla deyil, Heydər Əliyevin vaxtilə qurduğu arxitektura üzərindən yönləndirmək daha böyük faydalar verər. Deputat bildirib ki, iqtidar içərisindən müxalifətə yardım göstərilməsi versiyası köhnə söhbətdir: “Hətta Rəsul Quliyevin parlament sədri olduğu dövrdən o haqda miflər geniş yayılmağa başlayıb. Özünü və varını qorumağa çalışanların belə etdiyini kimsə inkar edə bilməz”.

Deputat deyib ki, hər halda, keçmiş nomenklaturanın cinayət törədən bir sıra üzvlərinin taleyi göstərir ki, iddia olunduğu kimi “yeni komanda üzvləri sələflərinin taleyini görüb bütün potensialları ilə işə yanaşmırlar” iddiası tamamilə absurddur”.

Müxalif düşərgəni sərf-nəzər edən Z.Oruc deyib ki, Əli Kərimli ilə əl-Bağdadini birləşdirən çoxlu xarakterik cizgilər var: “Hər ikisi mübarizəyə cihad kimi baxır və onunla razılaşmayanları fiziki cəhətdən ortadan götürməyə hazırdılar. Di gəl, bizim işidçilərin tankı və topu yoxdur”. Deputat ardınca bildirib: “Elə buradaca, xüsusi vurğulayaq ki, müxalifdə İsa Qəmbərin arxa plana keçməsini kompensasiya etmək üçün parlament müxalifətinin meydanını siyasi vasitələrlə gücləndirmək ən yaxşı yollardan biridir”.

Deputat hesab edir ki, ən böyük məsələ Milli Məclisin özünü hakimiyyət platformasında hiss edən hər bir nəfərinin bu gün İlham Əliyev düşmənlərinə açıq və kəskin cavab vermələridir: “Məgər onların əqidə borcu və vəzifə öhdəliyi bundan ibarət deyil?! Axı, keçmiş kommunistlərin gözləmə mövqeyi sonunda çox böyük təhlükələrə yol açdı. Boz bir mandatlı kastanı daha güclü və mübarizə instinktləri iti olan insanlarla əvəz etmək lazımdır. Siyasi məkan bərpa olunmalıdır. Onda fəal diskussiyalar meydanı parlamentə keçəcək və xalqı təzədən ekran qarşısına qaytarmaq mümkün olacaq. Hakimiyyətə qanunverici orqanda və məhkəmə sistemində yük olanlardan üzülüşmək islahatların nəticəsini daha çox millətin maraqlarına bağlayacaq. Heç nəyə reaksiya verməyən və inkişaf işartılarından məhrum partiyalar, şəxslər və institutlardan qurtulmaq əslində kimisə küsdürmək, yaxud uzaqlaşdırmaq anlamına gələ bilməz. İlham Əliyev bu dövlətə zərrə qədər xidmət edən hər kəsin mükafatını onqat artıqlığı ilə verib. Ona görə də “yığcam, çevik və məqsədyönlü” şüarını dövlətçilik fəlsəfəsinə çevirmək lazımdır. Hakimiyyət partiyası da, qanunverici, icraedici və məhkəmə orqanları da İlham Əliyevin yeni kursuna uyğunlaşdırlmalıdır”.

Deputat Milli Şuranın növbəti mitinqinə icazə verilməməsini maraqlı bir arqumentlə əsaslandırmağa çalışıb: “Aksiyaya icazə verilməməsi bir-iki gəncin qanı üzərindən Tunis inqilabı etmək istəyənlərin ssenarisini pozmaq qərarı idi”.

Bir sıra ekspertlər hesab edir ki, hakimiyyət “mətbəx”indən kifayət qədər məlumatlı olan deputatın bu fikirləri yalnız təhlil deyil, həm də islahat anonsu kimi də qəbul olunur. Onların fikrincə, hər halda prezidentin atdığı addımlar bu gözləntinin əbəs olmadığı qənaətini yaradır.

BQP başqanı, deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında dedi ki, həmkarının fikirlərinə ciddi yanaşır: “Əlbəttə, dəfələrlə vurğulamışam ki, deputat həmkarım Zahid Oruc analitik düşüncəsinin məhsulu olan məqalələr, müsahibələr və çıxışlarla yaxınlarda ləğv olunmuş prezedent yanında Strateji Araşdırmalar Mərkəzinin məcmu fəaliyyətindən daha effektli işlər görür. Onun hansısa fikirləri ilə razılaşıb-razılaşmamaq olar, ancaq məntiqi yetərincə diqqətəlayiqdir. Buradakı fikirlərdə də əsas rasionallıq islahatların bütün qurumları əhatə etməsinin zəruriliyinə diqqət yönəltməkdir. Siyasəti bir tərəfə buraxın, ölkədə əməlli-başlı məhkəmə xaosu hökm sürür. Mülki məsələlərdə ötür-ötür o dərəcədir ki, insanlar artıq haqlı olsalar belə məhkəməyə müraciət etməyi əzablı bir proses kimi görürlər. Demək ki, ölkədə narazılığın doğru mənbələrini tapmaq lazım”.

Hakimiyyətə də sərf-nəzər edən, parlamentarların fəaliyyətinə toxunan Z.Oruc qeyd edib ki, siyasi və ideoloji işin intensivliyi birə-beş qat artırılmalıdır: “Ağır artilleriyanı işə salmaq elan olunmuş kursun uğurunu təmin etməyin mühüm şərtlərindən biridir. Necə deyərlər, korrupsiya və bürokratizmin ləğvi üçün dövlət başçısının xalqla aralarında formalaşmış möhkəm bağların hər birisi bizə görə qiymətli olmalıdır. Ondan ötrü mən deyirəm ki, parlament seçkilərinin tarixi deyil, gələcək tərkibi əhəmiyyətli müzakirələr mövzusudur. Əgər mandat daşıyan hər kəs bu gün Ulu Öndərin ruhuna qarşı yönələn “Səlib yürüşü”nə sinəsini vermirsə, onları gələcək Məclisdən kənarlaşdırmaq lazımdır”.

F.Mustafa da hesab edir ki, ölkədə islahatlar dərininə getməlidir və burada da öncüllüyü parlament götürməlidir:“Xüsusilə də parlamentdə rasional müzakirə mühiti yaradılmalıdır ki, hamıya bəlli olan problemlər daha səviyyəli və soyuqqanlı şəkildə müzakirə olunsun. Sosial narazılığı siyasi varlığının dirçəliş həbi kimi görənləri materialsız qoyanda, ölkədə Pobespyerlərin də tribunaya şığımasına imkan yaranmır. Tribuna monoloqunun alternativi açıq televiziya diskussiyalarıdır və bu həm hakimiyyətin, həm də xaosa qarşı olan müxalifətin arsenalından gələn fikirlərin cəmiyyətə təsirini gücləndirə bilər”.

F.Mustafa bir məqamı da xüsusi vurğuladı: “Parlament müxalifətinin parlament idarəçiliyində təmsilçiliyi demək olar ki, yoxdur. Komitələrdə müavinlər səviyyəsində belə təmsilçilik məqbul sayılmır. Fraksiya yaratmaq imkanı da yoxdur. Hətta qanunvericilik təşəbbüsü hüququ da faktiki olaraq qanunveriçilikdə yer almır. Bu isə parlament müxalifətini daha çox sosial şəbəkədə fəaliyyət göstərməyə məcbur edir. Halbuki çıxış və fikirlərlə ölkədə islahatlara daha çox fayda vermək olar. Doğrudur, parlament rəhbərliyi fərdi qaydada fikirlərimizin səslənməsinə imkan yaradır, ancaq parlament müxalifətinin bir institut olaraq, bir siyasi sistemin mühüm elementi olaraq dövlətimizə və onun vacib qolu olan parlamentə öz çalışmaları ilə töfhə verməsi imkanları yetərli deyil”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …