Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Ermənipərəst siyasi kurs Gürcüstanda Zurabişvilinin prezidentlik yolunu bağlayır

Ermənipərəst siyasi kurs Gürcüstanda Zurabişvilinin prezidentlik yolunu bağlayır

“Xanım namizədin bu cür məğlubiyyətə uğramasını şərtləndirən başlıca amil onun ermənipərəst mövqe sərgiləməsidir”

Məlum olduğu kimi, Gürcüstanda oktyabrın 28-də keçirilmiş prezident seçkilərində favorit namizədlərdən heç biri tələb olunan ilk turda qələbəni təmin edəcək qədər səs toplaya bilməyib. Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin birinci turunun nəticələrinə dair açıqladığı rəqəmlər ikinci tura keçmiş iddialıların qazandığı səslər arasında ciddi fərq olmadığını göstərir. MSK-nın məlumatına görə, hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili 38,6, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Daha bir müxalifətçi namizəd David Bakradze isə 11 faiz səs yığaraq mübarizəni dayandırıb. Bununla belə, müstəqil mənbələr MSK-nın açıqladığı bu rəqəmləri şübhə altına alan nəticələr təqdim etməkdədirlər. Məsələn, “Azad seçkilər” qeyri-hökumət təşkilatının məlumatına görə, 28 oktyabr seçkilərində seçici fəallığı 46,6 faiz təşkil edib. “Azad seçkilər”in açıqladığı nəticəyə əsasən, Qriqol Vaşadze 38,5, Salome Zurabişvili isə 37,6 faiz səs yığıb. İlk üçlüyü isə 11 faiz səslə Bakradze tamamlayır. Qeyd olunur ki, Gürcüstanda prezident seçkilərinin 2-ci turu dekabrın 1-də keçiriləcək. Ekspertlərin əksəriyyəti bu fikirdədir ki, “Gürcü arzusu” partiyası dəstəklədiyi namizədin qələbəsi üçün xeyli əziyyət çəkməli olacaq. Çünki Bakradzenin elektoratının mütləq hissəsinin Vaşadzeyə səs verəcəyi şübhə doğurmur. Bu amil Vaşadzenin seçkilərin 2-ci turuna təqribən 50 faiz səslə qatıldığını söyləməyə əsas verir.

Hakimiyyətin namizədi olan Zurabişvilinin qələbədən məhrum olması və gələcəkdə məğlubiyyətlə üzləşə biləcəyini bir sıra faktorlarla izah edirlər. Onlardan ən başlıcası isə xanım namizədin ermənipərəst mövqe ortaya qoyması ilə izah olunur. Yəni seçkiqabağı kampaniyada Zurabişvilinin açıq şəkildə nümayiş etdirdiyi ermənipərəst mövqeyi onun məğlubiyyətini şərtləndirən başlıca faktor olaraq qabardılır. Daha çox səslənən bu versiyanı nə dərəcədə əsaslı saya bilərik?

Dünya Azərbaycanlıları Konqresi Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, deyilən amil çox inandırıcıdır: “Bilirsiniz ki, Gürcüstanda  sayı 100 minlərlə ölçülən azərbaycanlı yaşayır. Bu, Gürcüstanda seçkinin nəticəsini həll etmək üçün əhəmiyyətli saydır. Özü də son seçkidəki vəziyyəti nəzərə alsaq, onda soydaşlarımızın səsinin nə dərəcədə böyük rol oynadığını təxmin etmək olar. Çünki son prezident seçkilərində favoritlər arasında toplanan səslərin faizi arasında cüzi fərq nəzərə çarpıb. Bu, çox cüzi rəqəm edir. Yəni soydaşlarımız arasında olan seçici sayının az bir hissəsinin hakimiyyət namizədinə səs verməsi seçkinin taleyini həll edə bilərdi. Amma təhlillər göstərir ki, Gürcüstanda yaşayan soydaşlarımızın böyük əksəriyyəti Zurabişviliyə səs verməyib, bu da onun qalib gələ bilməməsini şərtləndirib. Sual oluna bilər: qonşu respublikada yaşayan azərbaycanlıları hakimiyyətin dəstəklədiyi namizəddən incik salan nəsə olubmu? Təbii ki, xanım namizədin yürütdüyü ermənipərəst təbliğat onun bu vəziyyətə düşməsinə səbəb olan amillərdən biri, hətta mən deyərdim ki, ən başlıcasıdır. Seçkiqabağı təbliğat zamanı Zurabişvili çox səhvlər buraxdı.  Məsələn, o, müsahibələrinin birində Rusiya-Gürcüstan müharibəsinin başlamasının səbəbini Saakaşvilidə gördüyünü dedi. Gürcüstan 10 ildir dünyaya Rusiyanın 2008-ci ildə Gürcüstana hücum etdiyini sübut etməyə çalışır. Zurabişvilinin sözlərindən isə belə çıxdı ki, müharibənin səbəbkarı Gürcüstandır. Bu açıqlama Gürcüstanın beynəlxalq aləmdə imicinə də zərbə vura bilərdi. Sonra isə Zurabişvili Gürcüstanda yaşayan ermənilərlə görüşdə Azərbaycan və Türkiyənin ünvanına xoş olmayan açıqlamalar verdi. Həmin açıqlama Gürcüstan azərbaycanlılarının qəzəbinə səbəb oldu. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti I turda Vaşadze və Bakradzeyə səs verdilər və onların səsi həlledici oldu. Azərbaycanlıların əksəriyyəti Zurabişviliyə səs versəydi, o, elə ilk turda prezident seçilərdi”.

Ekspertin sözlərinə görə, Vaşadzenin II turda prezident seçilməsi şansı yüksəkdir: “Çünki prezidentliyə bütün müxalifət namizədlər II turda tərəfdarlarını Vaşadzeyə dəstək verməyə çağırıblar. Üçüncü yeri tutan Bakradze I turda 11 faizə yaxın səs topladı. Bu səslərin bir hissəsi II turda Vaşadzeyə verilsə, onun prezident seçilməsi təmin olunacaq. Biz seçkiqabağı görüşlərdə də görürdük ki, azərbaycanlılar Vaşadzeyə necə rəğbətlə yanaşırlar. Hesab edirəm ki, xanım namizədin bu cür məğlubiyyətə uğramasını şərtləndirən başlıca amil onun ermənipərəst mövqe sərgiləməsidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …