Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Cəmil Həsənli və Əli Kərimli Rüstəm İbrahimbəyovla bağlı susurlar – Milli Şuranın fəxri sədrinin müəmmalı taleyi…

Cəmil Həsənli və Əli Kərimli Rüstəm İbrahimbəyovla bağlı susurlar – Milli Şuranın fəxri sədrinin müəmmalı taleyi…

Azər Həsrət: “Əli Kərimli və Cəmil Həsənli Rüstəm İbrahimbəyov barədə susmağa məcburdurlar”

Tural Abbaslı: “Heç kəs öz kimliyini əvvəlki kimi uzun müddət gizli saxlaya bilməz”

Tanınmış kinodramaturq, xalq yazıçısı, 7 ildir Azərbaycana gələ bilməyən Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun günlər öncə qəfil Bakıda görünməsi ölkənin siyasi gündəmini silkələyib. Həm də Milli Şuranın fəxri sədri olan R.İbrahimbəyovu ölkə iqtidarının “əfv etməsi” və ona 80 illik yubileyini Bakıda keçirməyə icazə verməsi ilə bağlı ən müxtəlif müzakirələr gedir.

Onun gəlişi ilə əlaqədar əsas diqqətçəkən məsələ isə Milli Şura ətrafında oldu. Belə ki, qurumun sədri Cəmil Həsənli və qurumda faktiki söz sahibi olan AXCP sədri Əli Kərimli kinodramaturqu ictimaiyyətə Milli Şuranın fəxri sədri kimi təqdim etsələr də, məlum oldu ki, R.İbrahimbəyovun onlarla olan bağları tamamilə qopub. Bunu sübut edəcək bir sıra faktlar bir səfərlə üzə çıxdı. R.İbrahimbəyov özünə yaxın ziyalıları Bakı restoranlarının birinə topladı, ad günü keçirdi. Orada Milli Şuradan yalnız İbrahimbəyovun həmkarı olan Eldəniz Quliyev iştirak etdi. O da iştirakını dost kimi dəvət alması ilə əlaqələndirib. Həmkarının bir daha siyasətdə iştirak etməyəcəyini dilə gətirən E.Quliyev R.İbrahimbəyovun simvolik olaraq Milli Şuranın sədri olduğunu deyib.

Lap tutaq ki, belə olsun. O zaman bir sual da meydana çıxır. R.İbrahimbəyov nədən C.Həsənli və Ə.Kərimlini yubiley məclisinə dəvət etməyib yaxud onlar arasındakı münasibətlərin bu şəkildə bitməsinə səbəb nədir?

Təsadüfi deyil ki, xalq yazıçı 3 gün Bakıda olub, Milli Şura rəhbərliyindən heç kimlə görüşməyib. C.Həsənli və Ə.Kərimli başda olmaqla, heç bir Milli Şura funksioneri fəxri sədrlərinin Bakıya gəlişləri barədə bir cümlə belə sosial şəbəkələrdə status paylaşmayıblar, mətbuat vasitəsilə mövqe bildirməyiblər.

Bütün bunlardan əlavə, daha bir maraqlı detal var. Milli Şura fevralın 23-ə mitinq təyin edib. Rüstəm müəllim Bakıda olarkən verdiyi müsahibədə bu məsələyə ümumiyyətlə toxunmayıb. O, nə siyasətdə qaldığını, nə də getdiyini deyir. Milli Şuranın fəxri sədri olduğundan isə söz açmır. Görünən odur ki, qocaman dramaturq C.Həsənli və Ə.Kərimlidən qurtulmaq istəyir, lakin onlar kinodramaturqu tutub buraxmırlar…

Yaxın aylarda İbrahimbəyovun birdəfəlik Bakıya gəlişinin reallaşacağı gözlənilir. Çünki Azərbaycan hökumətinin bağışladığı xalq yazıçı bu ilin mayında Kinematoqrafçılar İttifaqının qurultayının keçiriləcəyini Bakıda verdiyi müsahibədə açıqlayıb.

R.İbrahimbəyovun gəlişi ilə bağlı ən müxtəlif mövqelər sərgilənir. Əsas diqqətçəkən status Hollandiyada yaşayan mühacir Orduxan Temirxana məxsusdur. O, öz facebook profilində bunları yazıb: “Rüstəm İbrahimbəyov, bu xalqın ümidlərini 2013 də qırdığı kimi, qırmağa gəlibsə, onun gəldiyi yol çatlayaydı, heç o gəlib çıxmayaydı bizim vətənimizə. Bunlar istədikləri vaxt gəlib-gedib keflərini çəkirlər, bizi də, interpola verirlər. Çatlayasan a dünya”.

Hazırda əsas suallar R.İbrahimbəyovun fəxri sədrliyinin qalıb-qalmayacağı yönündədir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət kinodramaturqun siyasət adamı olmadığını bildirdi: “Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi, ad gününü burada keçirməsi yaxud yaxın ətrafı ilə bir araya gəlməsi qeyri-adi hadisə deyil. O istənilən vaxt Azərbaycana gələ bilər. Onunla bağlı ciddi bir problem yoxdur. Sadəcə onun özü 2013-cü ildə buraxdığı səhvlər üzündən elə düşünürdü ki, Azərbaycana qayıtması problemli olacaq. Bununla bağlı Azərbaycan tərəfə rəsmi müraciət edib. Ona cavab verilib ki, gəlişinlə bağlı heç bir problem yoxdur. Digər tərəfdən onun Milli Şura ilə bağlı məsələsi aydınlığa qovuşmalıdır. Çünki o şəxs 2013-cü ildə Milli Şuranın prezidentliyə namizədi idi. Sonrakı mərhələdə qurumun fəxri sədri kimi qaldı. Amma göründüyü kimi uzun müddətdən sonra o Azərbaycana gəldi və normalda Milli Şuranın rəhbərləri ilə görüşməli, şəkil çəkdirməli, mətbuata açıqlamalar verməli idi. Bunların heç birini etmədi. Bu bir yana, hətta onun Milli Şuradan Cəmil Həsənli, Əli Kərimli və digərləri ilə ümumiyyətlə, təmas qurmadığı deyilir. Bu bir daha göstərir ki, 2013-cü ildə dediyimiz kimi Rüstəm İbrahimbəyov siyasət adamı deyil. Bu adam təsadüfən siyasətə atılmış bir adam idi, müxtəlif qruplar tərəfindən bəlli bir layihə çərçivəsində. Biz o vaxt bunları deyəndə Milli Şuranın indi rəhbərliyində olanlar və onların tərəfdarları bizim kimi insanları təhqir edirdilər ki, siz böhtan atırsınız və.s. Zaman göstərdi ki, biz böhtan filan atmamışıq. Rüstəm İbrahimbəyov siyasət adamı olmadığı üçün Milli Şuranın rəhbərliyi ilə heç bir təmas qurmur. Fevralın 23-ə təyin edilən mitinqlə bağlı da fikir bildirmir, onlara dəstək vermir. Bu bir daha onu göstərir ki, Azərbaycanda təsadüfi adamların siyasətin zirvəsinə iddia etmələri təsadüfdən başqa bir şey deyil. O cür adamların arxasında gizlənib siyasət qurmaq istəyənlər naşıdırlar. Əli Kərimlinin iflasa uğraması bunu bir daha sübut edir. Əli Kərimli və Cəmil Həsənli Rüstəm İbrahimbəyov barədə susmağa məcburdurlar. Çünki danışsalar deməlidirlər ki, gəlib bizimlə niyə görüşmədin yaxud ad gününə nə üçün bizi dəvət etmədin.  Yaxud da onu tənqid etməlidirlər. Hər iki halda arqumentsiz danışacaqlar. Susublar ki, vəziyyətdən necə çıxsınlar. Fəxri sədrlik formal bir şeydir. Onun Milli Şurada varlığı-yoxluğu onsuzda bilinmirdi. Ya onu fəxri sədrlikdən uzaqlaşdıracaqlar, ya da onun özü könüllü şəkildə bundan imtina edəcək. Siyasi iddiaları onun fəaliyyəti ilə bir yerə sığmırdı. Onunla bağlı danışanda onu kino sahəsinin tanınmış simalarından biri kimi təqdim edirdik. Düzdür, onun müəyyən səhvləri olub, bunlar öz yerində. Amma o kino sahəsində faydalar verə bilərdi. Rüstəm İbrahimbəyov özünü siyasətə bulaşdırmamalı idi. Bulaşdırdı və ciddi itkilər aldı. Bu baxımdan yaxın vaxtlarda o Milli Şura ilə əlaqələrini kəsdiyini açıqlayacaq”.

AĞ Partiya başqanı Tural Abbaslı burada bəzi qaranlıq məqamların olduğunu qeyd etdi: “Özünün də təsdiq etdiyi kimi özü hakimiyyətə müraciət edib və gəlməyi məsələsini razılaşdırıb. Bu barədə nə deməsindən asılı olmayaraq heç kəsə sirr deyil ki, o siyasi mövqelərindən güzəşt etməsəydi, onu Bakıya buraxmazdılar və hətta gəlsə belə böyük ehtimalla həbs edərdilər. Necə ki, bu günə qədər Bakıya gəlməkdən məhz bu səbəbdən imtina edirdi. Hətta 2013-cü ilin ən kritik məqamında Bakıya gələrək namizəd kimi Milli Şuranın başında durmaqdan imtina etdi. Səbəb kimi də təhlükəsizliyini və həbs ehtimalını göstərdi Ancaq bu gün Azərbaycana sədri olduğu Kinematoqrafçılar Birliyinə və onun əmlakına görə gələ bilir. Demək ki, bu adam Kinematoqrafçılar Birliyini və onun əmlakını siyasətdən və Milli Şuradan üstün tutur ki, belə edir. Mən hələ o zamanlar İbrahimbəyovun siyasətçi kimi uğursuz biri olduğunu qeyd etmişdim, bu gün də o fikirdəyəm. O, kinodramaturq, yazar və ziyalı kimi yaxşı ola bilər, ancaq bu o demək deyil ki, o siyasətçi kimi də bacarıqlı və uğurlu siyasətçidir. Bütün bunlardan fərqli olaraq məsələnin ikinci tərəfi də maraqlıdır. Belə ki, məşhur kinodramaturq hələ indi də fəxri sədri olduğu Milli Şura və onun heç bir üzvü ilə təmasa keçmədi və buna heç cəhd də etmədi. Bu da onu deməyə əsas verir ki, adam siyasətdən gedib. Zatən belə bir razılıq olmasaydı, o Bakıya gəlməyə cəsarət etməzdi. Necə ki. 2013-cü ildə minlərlə müxalifətçi insanın ümidlərini qıraraq Tiflisdən bu tərəfə keçə bilmədi. Mənim üçün bir başqa maraqlı cəhəd isə təbii ki, İbrahimbəyovun iqtidarla bu razılığına və səfərinə Milli Şurada cəmləşənlərin səssiz qalması oldu. Beləki, müxalifətçiləri, müxalifət arenasında özlərinə rəqib gördüklərini satqınlıqda ittiham edən, agentlikdə şərləyənlər Rüstəm müəllimin bu addımına bir söz belə demədilər. Hətta tam əksinə hiss olunmadan dəstək belə verdilər. Mən burada hansı qaranlıq məqamların və ya maddi maraqların olmasından danışmaq istəmirəm. Atalarımız demiş. xalqın gözü tərəzidir. Heç kəs öz kimliyini əvvəlki kimi uzun müddət gizli saxlaya bilməz. Qoy xalq kimin kim olduğunu görsün və baş verən hadisələrə özü lazımı reaksiyasını versin. Mənim özüm üçünsə bir çox mətləblər coxdan aydındır və zaman da bu fikirlərimdə doğru olduğumu hər gün təsdiq edir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …