Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Belə qənaət yaranır ki, erməni lobbisi malik olduğu geniş əlaqələrdən istifadə edərək alman məhkəməsini ələ alıb” – Samir Adıgözəlli

“Belə qənaət yaranır ki, erməni lobbisi malik olduğu geniş əlaqələrdən istifadə edərək alman məhkəməsini ələ alıb” – Samir Adıgözəlli

Məlum olduğu kimi, Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair bu ölkənin MDR televiziyası sənədli film hazırlayıb. Noyabrın 7-də efirə verilməli olan “Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb.

Həmin filmdə Almaniyada erməni mafiyasının fəaliyyəti və bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırmalarına dair məlumat verilir, məsələyə dair MDR televiziyası və “Der Spiegel” jurnalının birgə jurnalist araşdırması apardığı diqqətə çatdırılır. Qeyd edilir ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə boyu səpələnib. Erməni cinayətkar qruplaşmalarına “avtoritetlər” rəhbərlik edir, onlar da, öz növbəsində, “qanuni oğrular”a tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni “qanuni oğrular”ın sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadığı vurğulanır. Almaniyadakı erməni kriminal ünsürlərin Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanla əlaqələrinin olduğunun üzə çıxdığı barədə məlumat var. Bildirilir ki, BND-nin (Almaniya kəşfiyyat orqanı) hələ 2008-ci ildə hazırladığı xidməti arayışda o zamanlar səfirliyin adi əməkdaşı olan Smbatyanın Almaniyaya miqrantların gətirilməsi biznesində iştirak etdiyi, onun özünün “qanuni oğru” olduğu və İrəvanda cinayətkar aləmdə ad çıxardığı qeyd edilir.

Göründüyü kimi, kifayət qədər mötəbər ciddi orqanların bununla bağlı məlumatları var. Ancaq Almaniya məhkəməsi bunları nəzərə almayaraq, sənədli filmin efirə getməsinin qarşısını alıb. Belə çıxır ki, erməni lobbisi öz əlaqələrindən istifadə edərək alman məhkəməsini əla alıb. Çünki məlum qərar, ən azından, BND kimi orqanın fəaliyyətinə, verdiyi məlumatlara kölgə salır. O baxımdan bunun qarşısını almaq üçün nə etmək lazımdır? Diaspor qurumları hansı işləri görməlidirlər?

Məsələyə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, zaman-zaman bəzi Avropa ölkələrində müəyyən qüvvələr erməni cinayətkar dairələrin fəaliyyətinə göz yumublar: “Hakimiyyətdə olan bəzi partiyalar da bu və ya digər dərəcədə ermənilərə dəstək veriblər. Almaniya Avropanın ciddi dövlətlərindən biri hesab olunur. Belə bir ölkədə ortada əsaslı və tutarlı faktların olmasına rəğmən, “Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmin nümayişinin məhkəmə tərəfindən qadağan olunması heç bir məntiqə sığmır. Alman məhkəməsinin belə bir qərar verməsi Almaniyanın imicinə zərbədir. Nəzərə almaq lazımdır ki, bununla bağlı Almaniyanın müvafiq rəsmi orqanlarının araşdırması var. Əllərində müəyyən danılmaz faktlar var. Yəni bu araşdırma təkcə MDR televiziyası və “Der Spiegel” jurnalının birgə jurnalist araşdırmasının məhsulu deyil. Sözügedən KİV-lər müvafiq dövlət qurumlarının da məlumatlarına əsaslanıblar. Bütün bunları məhkəmənin görməzdən gəlməsi və ermənilərin xeyrinə qərar çıxarması anlaşılan deyil. Belə qənaət yaranır ki, erməni lobbisi malik olduğu geniş əlaqələrdən istifadə edərək alman məhkəməsini ələ alıb. Yoxsa, köklü dövlətçiliyi, ciddi sistemi olan Almaniyada məhkəmənin belə bir qərar verməsi heç cür anlaşılan deyil. Bu bir daha erməni diasporunun Almaniya məhkəməsinə təsir etmək gücünə malik olduğunu göstərir. Bu gün Almaniyada həmin məhkəmə strukturları tərəfindən belə bir qərar qəbul olunursa, o zaman sözügedən məhkəmələrin tərəfsizliyindən danışmaq olmaz. Bu gün korrupsiya və rüşvətxorluğa qarşı mübarizə barədə Azərbaycana dərs keçən Avropa təsisatları nədənsə bu biabırçılığı görmək istəmirlər. Hansı ki, fakt ortadadır. Belə halların qarşısının alınmasında Azərbaycanın diaspor təşkilatları və diplomatik korpusları birgə fəaliyyət göstərməlidirlər. Yəni işlərini əlaqələndirərək səylərini artırmalıdırlar. Yalnız o halda belə xoşagəlməz halları neytrallaşdırmaq mümkündür. Çox təəssüf ki, biz xaricdə kifayət qədər informasiya resursları formalaşdıra bilməmişik. Xarici ölkələrdə bizim informasiya resurslarımız olmalı və bu məsələnin üzərinə getməlidirlər. Alman ictimaiyyətinin bu istiqamətdə məlumatlandırılması çox vacibdir. Mümkün olan qədər bu məsələni gündəmdə saxlamaq lazımdır. Alman ictimaiyyətinə göstərmək lazımdır ki, erməni diasporu bu gün ən çirkin işlərlə məşğuldur və bəzən yerli məhkəmələr buna alət olur. Hesab edirəm ki, səylərimizi hərtərəfli artırmalıyıq”. (Bakı-Xəbər”)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …