Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycan üçün yeni təhlükəsizlik “yastığı” – bizi Qərbə bağlayan dəyər

Azərbaycan üçün yeni təhlükəsizlik “yastığı” – bizi Qərbə bağlayan dəyər

Bu həftənin mühüm geosiyasi hadisələrindən biri də şəksiz ki, Cənub Qaz Dəhlizinin (CQD) açılışı oldu. Açılış Azərbaycanda edildi, tarixi prosesə yenə Azərbaycan start verdi, “düyməyə” yenə Azərbaycan basdı. 

Hadisənin dəqiq qiymətini yəqin ki, əlahəzrət zaman verəcək. Ancaq indidən aydındır ki, bu – göründüyündən də böyük hadisədir. Ona görə yox ki, “Şahdəniz -2” qazı, Azərbaycan qazı ilk dəfə dünyanın ən nəhəng bazarına yön almış oldu – bu, öz yerində. Qat-qat önəmlisi odur ki, CDQ regionun enerji xəritəsini, təhlükəsizlik xəritəsini xeyrimizə dəyişə biləcək, müstəqilliyimizi möhkəmlədəcək bir layihədir. Elə Avropanın özü də uduşda və daha böyük güvəndə olacaq – Rusiyaya və onun qaz şantajına qarşı…

CDQ əksər təhlilçilərin vurğuladığı kimi, yalnızca iqtisadi əhəmiyyət daşımır. Bu, təkcə Azərbaycan büdcəsinə milyardlar gətirməklə uzun müddətə xalqın rifahına, iqtisadiyyatımızın sağlamlaşdırılmasına xidmət edəcək proje də deyil – bunlar da öz yerində. Bütövlükdə o, ölkəmizin strateji maraqlarına işləyən geosiyasi layihədir.

Onun hesabına Azərbaycan olduqca narahat və qəliz bölgədə əlavə və çox vacib təhlükəsizlik kəməri, təzə güvənlik “yastığı” əldə etmiş olacaq. Azərbaycan ayağını yerə daha möhkəm basa biləcək. Çünki Xəzərdən Avropaya mavi yanacaq axacaqsa, əks istiqamətdə də, obrazlı desək, sabitlik və güvənlik “axacaq”. Azərbaycan Qərbə, Qərb Azərbaycana yeni və möhkəm bir tellə bağlanacaq. Yəni, yaxşı mənada qarşılıqlı asılılıq məsələsi.

Bu isə o anlama gəlir ki, Azərbaycanı qarışdırmaqla bağlı istər şimalda, istərsə də elə Qərbin ermənilərə bağlı müəyyən çevrələrində hazırlanacaq məkrli planlar kağız üzərindəcə qala bilər. Bu baxımdan orta perspektivdə Azərbaycan qazı, bir növ, ölkəni Qərblə birləşdirən müştərək (təbii) dəyərə, mühüm təhlükəsizlik faktoruna çevriləcək.

Eyni zamanda bu dəyər digər (qeyri-maddi) universal dəyərlərə ortaq şəkildə tapınmağı asanlaşdıra, bunu imperativə çevirə bilər. Zira, aydındır ki, Azərbaycanın çiçəklənməsi, iqtisadi-demokratik inkişafı, həmçinin, Dağlıq Qarabağ məsələsinin ədalətli həlli, hətta hərbi yolla həlli ən çox Avropa ilə, Qərblə əlaqələrə bağlıdır – istəsək də, istəməsək də.

Bu mənada düşmən nəfəsi kəsən belə meqa-layihələr özündə qarşılıqlı etimad atmosferini gücləndirmək potensialı da daşıyır. Qarşılıqlı inam və etimad olan yerdə isə istənilən mübahisəli məsələnin həlli sadələşir, daha konstruktiv məzmun qazanır…

Gözlənilir ki, kəmərin ötürücülük gücü Orta Asiya, İran və hətta İsrail qazı hesabına tədricən artacaq. Bu da bizim üçün iqtisadi qazanclarla yanaşı, geosiyasi və təhlükəsizlik dividendlərini adekvat şəkildə artıracaq. Azərbaycanın tranzit ölkə kimi roluna əlavə sanbal, Qərblə münasibətlərinə məxsusi ilıqlıq gətirəcək.

O sırada CDQ-nin əsas siyasi və mənəvi sponsoru olan ABŞ-la münasibətlər əhəmiyyətli etibarlılıq qazanacaq. Bunu Amerika prezidenti D.Trampın bu günlərdə azərbaycanlı həmkarı İlham Əliyevə ard-arda göndərdiyi 3 məktubdan aydınca görmək olar. Bir sözlə, Azərbaycanın Qərbdən daha hörmətli yanaşma gözləməsinə əsas var.

Bundan başqa, CQD sözsüz ki, əsas strateji müttəfiqimiz qardaş Türkiyənin də regionda siyasi çəkisini və önəmini artıracaq, təhlükəsizliyini gücləndirəcək, onun Rusiyadan qaz asılılığını azaldacaq, Türkiyəni Avropa qaz nəqlində vazkeçilməz “xab”a çevirəcək. Dost-müttəfiqlərimizin güclənməsi isə bizim güclənməyimiz, gücümüzə güc qatılması deməkdir. Bütövlükdə CDQ dost, tərəfdaş ölkələrin hamısının, eləcə də qonşu Gürcüstanın gücünə güc qatacaq – Azərbaycanın hesabına.

Paralel surətdə işğalçı Ermənistan Nikol Paşinyanın “demokratiya” çabalarına rəğmən, bir az da “izqoy” (“tullantı”) ölkəyə çevirəcək, işğalçı ətrafında izolyasiya qatı artacaq. Düşmən ölkə Qərbin gözündə özünü nə qədər önəmli göstərməyə də, strateji dəyəri Azərbaycan qədər olmayacaq.

Image result for əli həsənov

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov da CDQ-nin ölkə və region üçün önəminə toxunub. Ə.Həsənov özünün facebook statusunda yazıb: “Cənub Qaz Dəhlizi qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq. Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Ölkəmizin təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq. Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək. Region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq. Bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusu qazanacaq”.
Əli Həsənov əmindir ki, bu kəmər dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək: “Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir”.

Əlavə edək ki, bütün bunlar heç də o anlama gəlmir ki, belə uğurlu meqa-projelər Azərbaycanda eyforiya və arxayınlıq yaradacaq, daxildə təməl insan haqlarına, iqtisadi siyasi islahatlar məsələsinə diqqəti azaldacaq. Əksinə, artıq vurğulandığı, kimi qarşılıqlı asılılığın qarşılıqlı etimad atmosferini gücləndirməsi hesabına sadalanan məsələlər daha səmərəli müzakirə müstəvisinə keçə və beləliklə də onların həlli sürətlənə bilər… (Musavat.com)

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …