Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Azərbaycan silahları Parisdə nümayiş etdirildi – FOTOLAR

Azərbaycan silahları Parisdə nümayiş etdirildi – FOTOLAR

İyunun 11-də Parisdəki “Villepinte” sərgi mərkəzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) də təmsil olunduğu “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.
Sərgidə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə MSN-in müəssisələrində istehsal edilən 270 addan çox silah sistemləri, müxtəlif çaplı döyüş sursatları, “Tufan”, “Matador”, “Marauder” kimi zirehli və mina əleyhinə nəqliyyat vasıtələri, “Gürzə” patrul maşını nümayiş olunur.

NATO standartlarına tam cavab verən “Yalquzaq” (7,62 mm) və “Vaşaq“ (8,6 mm) snayperləri, hücum pulemyotu (62 mm, HP-7,62), eləcə də məsafədən idarə olunan döyüş modulu sərgi iştirakçılarının və ziyarətçilərin diqqətini xüsusilə cəlb edib. Silahla (12,7 mm) təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu və “NST-14,5” iriçaplı snayper tüfəngi ilk dəfə bu sərgidə nümayiş etdirilir. “EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan MSN-in nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərginin birinci günündə Baş nazirin birinci müavini Yaqub Eyyubovun və müdafiə sənayesi naziri Yavər Camalovun Fransanın “Thales” şirkətlər qrupunun regional direktoru ilə görüşü olub. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin nazir Yavər Camalovun Fransanın “Nexter” şirkətinin nümayəndə heyəti ilə görüşündə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.

Eyni zamanda, Yavər Camalov Almaniyanın “Rheinmetall” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Görüşlərdə Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı namizədliyinin dəstəklənməsi barədə geniş müzakirələr aparılıb.

Sərgidə iştirak edən şirkətlər Azərbaycanın stendinə və ölkəmizin hərbi təyinatlı məhsullarına böyük maraq göstəriblər.

“EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-dək davam edəcək. (AzərTAc)

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …