Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycan indiki durumda KTMT-yə üzv ola bilərmi? – ŞƏRH

Azərbaycan indiki durumda KTMT-yə üzv ola bilərmi? – ŞƏRH

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması ilə bağlı məsələ yenidən gündəmdədir. Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Milli Məclisin hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli hesab edir ki, Azərbaycanın KTMT-də iştirakına baxılması məqsədəuyğun olardı.
Bəs Azərbaycan bu təşkilata qoşula bilərmi və bu qoşulma hansı şərtlər daxilində mümkündür?

Politoloq Sahil İskəndərov AzVision.az-a bildirib ki, KTMT-ya üzvülük çox incə və təhlil tələb edən məsələdir. Onun fikrincə, hazırki durumda bu məsələnin ortaya çıxması reallıqların bu istiqamətdə inkişaf etməsinə güclü zəmin yaradır:

“Son vaxtlar rəsmi Moskva və Bakı, Azərbaycan və Rusiya prezidentləri arasında şəxsi münasibətlərin sıxlaşması, müsbət məcrada inkişat tendensiyası sözsüz ki, iki ölkənin post-Sovet məkanındakı layihələrdə birgə iştirakına, həmin layihələr çərçivəsində birgə sıx əməkdaşlığına güclü zəmin yaradır. Bu baxımdan dünyada təhdidlərin güclənməsi, post-Sovet məkanında, Cənubi Qafqaz regionunda bəlli münaqişlərin həlli məsələsində yeni təhdidlərin yaranmasına yol verməmək üçün hərbi sahədə əməkdaşlığa böyük ehtiyac duyulur. Yaddan çıxarmayaq ki, son bir neçə ildə Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə, müasir silahların alışı-satışı sahəsində çox böyük bağlılıqlar var. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması və həm Rusiya, həm də digər dövlətlərlə əlaqələrin genişləndirilməsinə müsbət baxmaq olar”.

Politoloq qeyd edib ki, Azərbaycanın Rusiya ilə texniki sahədə əməkdaşlığı çox güclüdür: “Həmçinin orada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Qazaxıstan və Belarus kimi müttəfiqləri var. Bu baxımdan Azərbaycanın həmin təşkilat daxilində bu ölkələrlə əlaqlərini, xüsusən təhlükəsizliyin təminatı sahəsində daha da dərinləşdirməsi müsbət məqamdır. Azərbaycan bütün dövlətlərlə əlaqələr qurarkən konkret olaraq bəyan edir ki, həm ikitərəfli, həm də KTMT kimi çoxtərfli müqavilə təşkilatlarında əsas məqsədi öz milli maraqlarını, digər dövlətlərin maraqlarının ziddinə və əksinə olmayaraq qorumaqdır”.

S,İskəndərov xatırladıb ki, 90-cı illərdə, ulu öndər Heydər Əliyevin vaxtında Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olub. Sonradan Azərbaycanın qoyduğu şərtlərə həmin müqavilə təşkilatında əməl olunmaması səbəbindən oradan uzaqlaşıb.

“Bu təşkilata üzv olarkən ulu öndər Heydər Əliyev düşünürdü ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərə bilər. Təəssüflər olsun ki, 90-cı illər Rusiyasının siyasi-hərbi rəhbərliyinin Ermənistanın lehinə mövqe tutması KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir töhfə vermədiyini göstərdi. Ona görə də Azərbaycan bu təşkilatdan uzaqlaşdı. Amma indi geosiyasi vəziyyət başqadır. Hazırda bir növ Moskvanın xarici siyasət kursunda Azərbaycanı tam qane edən olmasa da, müəyyən mənada maraqlarımıza hörmətlə yanaşma prinsipi nəzərə çarpır”, – S.İskəndərov bildirib.

KTMT-də Azərbaycanın təmsil olunmasında Rusiyanın özü də maraqlıdır 

Politoloqun sözlərinə görə, son zamanlar Ermənistanda gedən proseslər Rusiya rəhbərliyinə, cəmiyyətinə göstərdi ki, bu ölkdə heç vaxt Rusiyanın strateji müttəfiqi olmayıb, olmayacaq da: “Sadəcə Ermənistan bu ad altında Rusiyanın imkanlarından istifadə edərək, özünün məkrli planlarını həyata keçirməyə çalışıb. Bunu Rusiya rəhbərliyi konkret şəkildə görür. İndiki Ermənistan rəhbərliyi bunu birmənalı şəkildə ortaya qoyur. Ona görə Rusiya üçün Azərbaycanla müttəfiqlik daha yaxşdır, nəinki arxadan zərbə endirən Ermənistanla. Hesab edirəm ki, KTMT-də Azərbaycanın təmsil olunmasında Rusiyanın özü də maraqlıdır. Dəyişmiş geosiyasi reallıqda hadisələr öz yerində dayanmır. Artıq Rusiya Azərbaycanın əhəmiyyətini gözəl başa düşür. Amma Azərbaycanın şərti öz yerində qalır.

Düşünürəm ki, indiki şəraitdə rəsmi Bakı zərgər dəqiqliyi ilə KTMT məsələsində incə gedişlərlə həm ora üzv olmaq, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində verəcəyi bəhrələri ərsəyə gətirə bilər. Ermənistan da bu təşkilatın üzvüdür və Azərbaycana təcavüz edərək ərazilərini işğal edib. Ona görə də bu təşkilat Ermənistana sərt təzyiq etməlidir. Bu kontekstdə KTMT Azərbaycan üçün maraqlı ola bilər. Amma rəsmi Bakı bu addımı atarsa, əvvəlcədən bu şərtləri təşkilatda əsas söz sahibi olan Rusiya qarşısında qoyacaq. Amma nəzərə alaq ki, təşkilata üzv olan digər dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu məsələ çox incə və təhlil tələb edən məsələdir. Şöhbətin ortaya çıxması reallıqların bu istiqamətdə inkişaf etməsinə güclü zəmin yaradır. Amma, rəsmi Bakıbunu hansısa şəkildə götür-qoy edəcək. Hansı qaydada təşkilata daxil ola biləcəyini, ya Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa önəmli addımların atılmasından sonra, ya da elə təminatlar verilir ki, sonradan Moskva ondan geri dura bilməsin”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …