Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Ağabəy Əskərov mənə dedi ki, Səyyad, biz tezliklə hakimiyyətə gələcəyik”

“Ağabəy Əskərov mənə dedi ki, Səyyad, biz tezliklə hakimiyyətə gələcəyik”

Azinforum.az teleqraf.com-a istinadən  Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aranla müsahibəni təqdim edir.

– Səyyad müəllim, siz əslən İmişlidənsiniz? Yoxsa hardansa köçüb gəlmisiniz?

– Bəli, mən İmişlidə doğulub boya-başa çatmışam. Bütün uşaqlığım və gəncliyim bu rayonda keçib. Evimiz isə rayonun düz mərkəzində yerləşir.

– Atanız nə işlə məşğul olub?

– Atam İmişlinin ilk ali təhsilli müəllimidir. 1949-cu ildə İmişlinin tarixində çox böyük yerlərdən birini tutan və rayonun abadlığında, quruculuğunda müstəsna xidmətlər göstərmiş Qadir İsmayılzadə ilə birlikdə Pedoqoji institutu qurtarıb rayona gəliblər. Amma Qadir müəllim maarifdə işə başlayıb, atam orta məktəbdə.

– Bildiyimizə görə böyük ailə olmusunuz…

– Bəli, 6 qardaş, 4 bacı olmuşuq. O vaxt müharibədə qırılan insanların əvəzinə yeni uşaqların doğulmasını həm dövlət istəyirdi, həm də millət. Biz də o böyük ailələrdən biri idik. Yaxın qonşuluğumuzda da ən azı 7-8 övladlı ailələr vardı. 3-4 uşağı olanlara sonsuz kimi baxırdılar.

– Bu qədər uşaq necə dolanırdı?

– Atamızın sadə müəllim maaşı ilə yaşamışıq. O dövrdə görünür, müəllim maaşı pis deyildi. 1950-ci illərin əvvəllərində yerdən evimiz var idi. Hətta bu maaşla təxminən 57-58-ci illərdə atam iki mərtəbəli ev də tikdi. Çox uşaq olduğumuza görə də iki mərtəbəli dörd göz otağın tikilməsi zəruri idi.

– O biri qardaşlarınız nə işlə məşğuldur?

– Müxtəlif sahələrdə çalışırlar. Sadə işlərdə işləyirlər.

– Siz İmişli rayon 1 nömrəli orta məktəbdə dərs də demisiniz, eləmi?

– Mən əvvəlcə təzə adı ilə desək, İmişlinin Aşağı Qaralılar kəndində dərs dedim. Cəmi bir il dərs deməyimə baxmayaraq çox yaddaqalan müəllim oldum. Kənddə ilk dəfə teatr göstərdim, tamaşa hazırladım. Kəndin voleybol komandasını rayon yarışında üçüncü yerə çıxartdım.

– Eyni zamanda bədii yaradıcılıqla da məşğul olurdunuz?

– Bəli… O zaman rayon və institutun “Gənc müəllim” qəzetində şeirlərim çap olunmuşdu. Bununla baxlı maraqlı bir xatirəm də var. Xalq yazıçısı Əli Vəliyev qızı Gültəkin xanımla Şuşa sanatoriyasında dincəlirdi. Mən isə pioner baş dəstə rəhbəri idim. Əli Vəliyevlə görüş keçirilirdi. Tədbiri filosof Tofiq Əkbərli aparırdı. Orda mən də iştirak elədim və Əli Vəliyev, eyni zamanda müasir ədəbiyyat haqqında müəyyən fikirlərimi söylədim. Bu da Əli Vəliyevin xoşuna gəldi. Həmin sanatoriyada atam da dincəlirdi. Atam Əli Vəliyevə yaxınlaşıb mən göstərdi, dedi, ki, oğlumdur. Əli Vəliyev də qayıtdı ki, maşallah, maşallah, nə yaxşı. Əli müəllim məndən soruşdu ki, yazıb eləyirsənmi? Mən də dinmədim, utandım, cavab verməkdə bir az ləngidim. Atam mənim əvəzimdən dedi ki, hərdən cızma-qara eləyir.

Əli Vəliyev mənə dedi ki, şeirlərini gətirərsən, mən səni Rəsul Rzaya tapşıraram. Rəhmətlik Rəsul Rza da Ensklopediyanın baş redaktoru idi. Doğrudan da, Rəsul Rzanın yanına gəldim. Şeilərimi oxudu. Heyif, min təəssüflər olsun ki, evdən-evə köçə-köçə Rəsul Razanın işarələri, qeydləri olan o əlyazmaları itirdim. Rəsul müəllim şeirlərimi bəyəndi, hətta iki şeirimin yanına nida işarəsi də qoymuşdu, bir-iki məsləhətvari sözlər dedi və bildirdi ki, bunları düzəlt gətir, sənə uğurlu yol yazacam. Mən isə elə bildim Rəsul Rza şeirlərimi bəyənmədi və mənə yaxşı yol dedi. Ona görə də getdim və qayıtmadım.

Atam nəticəsin soruşanda isə dedim ki, Rəsul Razanın yanına getdim, indi cavab gözləyirəm. Yəni yalan danışdım. Bir də soruşan atama dedim ki, Rəsul müəllim şeirlərimi bəyənmədi.

Növbəti ilin yayında atam yenə də Mərdəkan sanatoriyasında Əli Vəliyevlə görüşüb. O da atama deyib ki, sənin oğlun Rəsulun yanına niyə getmədi? Sən demə, Rəsul Rza neçə dəfə Əli Vəliyevə zəng eləyibmiş ki, Əli Qaraoğlu, o İmişlili balası gəlmədi, sonra demə ki, mən sənin tapşırığına diqqətsiz qaldım. Buna görə atam mənə çox möhkəm acıqlandı. Doğrudan da, mən Rəsul Rzanın “uğulu yol” sözünü “yaxşı yol” kimi başa düşməsəydin, bəlkə də poeziyada qalacaqdım və yaradıcılığımı bu istiqamətdə davam etdirəcəkdim.

– Bəs sonra nə oldu ki, deyirsiniz, bəlkə də poeziyada qalacaqdım və yaradıcılığımı bu istiqamətdə davam etdirəcəkdim?

– Müəllim kimi fəaliyyət göstərməyə başladım. Amma deyim ki, rayonun ən parlaq ədəbiyyat müəllimi idim. Raykomun məruzələrində həmişə beş yaxşı müəllimin adı çəkilirdi, onun biri əbədi olaraq mən idim. Qalan dörd nəfərin adı hər dəfə dəyişirdi, mənim adım dəyişmirdi. Mən 1975-ci il 20 martda İmişli rayon 1 nömrəli orta məktəbdə ilk dəfə ədəbiyyat gecəsi keçirdim. Bütün məktəblərdən adamlar axışırdı, oturmağa yer yox idi, uşaqlar klubun pəncərəsinə çıxıb tədbirimizə ordan baxırdılar. Bunun nəticəsi olaraq 1978-ci ilin sentyabrında mən Ümumittifaq komsomolunun “Ən yaxşı komsomolçu müəllim” döş nişanına layiq görüldüm. Maarif şöbəsi məni tez-tez təltif eləyirdi. Raykomda gənc mütəxəssislərin təltifi ilə bağlı siyahılarda mənim adım həmişə olurdu.

Sonra məktəbdə bir teatr qrupu yaratdım. Orda mənim uşaqlarımın göstərdiyi tamaşa o qədər gözəl oldu ki, Rayon İcra Hakimiyyətinin başçısı rəhmətlik Qadir İsmayılzadənin qonaqları gələndə, rayonda böyük tədbir olanda həmişə xəbər göndərirdi ki, Səyyada deyin, qızlarını hazırlasın. “Xosrov və Şirin”dən bir parça göstərirdilər, o bir parça bütün əsəri ifadə eləyirdi. Təbii şəkildə ağlayırdılar. Camaat sarsılırdı ki, bu uşaqlar necə ağlaya bilirlər.

Məhz bu mənada deyirəm ki, mənim müəllimliyim çox uğurlu oldu. Gizlətmirəm, repititorluqla da məşğul olurdum. Beləcə get-gedə təhsil sahəsində yüksək vəzifələrə qalxdım. Direktor müavini kimi də fəaliyyət göstərdim.

– Səyyad müəllim, siz müəllim kimi fəaliyyətinizdən və ədəbiyyatdan ürəklə danışırsınız, istər-istəməz sual yaranır: belə hesab eləmək olarmı ki, siyasət sizi təhsilimzdən və ədəbiyyatımızdan aldı?

– Belə demək olar. Amma mən siyasətə gəldiyimə görə peşiman deyiləm. Çünki siyasətdə də özümü sübut eləyə bildim. Bu gün də yolda görəndə kənardan mənə baxıb deyirlər ki, deputat gedir… Halbuki 10 ildən çoxdur deputat deyiləm. Sadəcə, camaatın yadında belə qalmışam.

Mən deputat olan zaman ölkənin ictimai-siyasi həyatında bir çox müxalifət nümayəndələri ilə debatlarda olmuşam. Çox məşhur, fəal deputat olmuşam. Hamı yaxşı bilir ki, necə aktiv idim.

– Bəs siyasi fəaliyyətə başlamağınız necə oldu? Bunun da maraqlı bir tarixçəsi varmı?

– Mən siyasi fəaliyyətə qəzetdən başlamışam. Ağabəy Əsgərov “Elm” qəzetində redaktor müavini idi, mən isə orada “Azərbaycan” şöbəsinin müdiri. Bir dəfə Ağabəy müəllim söhbət əsnasında dedi ki, bəlkə, bir yerə getdim, mənimlə gələrsən? Cavab verdim ki, səninlə dünyanın o başına da gedərəm. Gülümsədi, bir söz demədi. Sonra qəfildən mənə xəbər verdi ki, Səyyad, biz tezliklə hakimiyyətə gələcəyik. Dedim, necə? Nə təhər? Qayıtdı ki, Heydər Əliyev siyasi fəaliyyətini bərpa eləyib. Allah qoysa, yaxın vaxtlarda hakimiyyətə gələcək. Doğrudan da, Ağabəy Əsgərovun siyasi məsələlərdə öncəgörənliyi vardı.

Ayaz Mütəllibov istefa verib gedəndə sonra ölkədə qarışıqlıq oldu. “Elm” qəzetindən bizə dedilər ki, işçilər üç aylıq məzuniyyətə çıxmalıdır. Mən də İmişliyə qayıtdım. Bir aydan sonra isə arxamca teleqram gəldi: “Tez gəl. İmza: Ağabəy!”

Gəlib Ağabəylə görüşdüm. Dedi ki, mən “Səs” qəzetinə baş redaktor gedirəm, artıq razılaşdırılıb, amma demişəm ki, Səyyad Aran birinci müavin olsa, biz yaxşı işləyə bilərik. Bununla da “Səs” qəzetində mənim siyasi fəaliyyətim başladı.

– Maraqlıdır, Heydər Əliyevlə necə görüşdünüz?

– İşə başlayandan altı gün sonra mərhum deputat Məzdək Hüseynov, Fikrət İsmayılov, akademik Nadir Seyidov və mən – dördümüz Naxçıvana ulu öndəri ziyarətə getdik. 1992-ci ilin 26 iyununda Naxçıvanda Hedər Əliyevlə ilk dəfə görüşdüm. Bizim gedişimiz üçüncü gediş idi. Bizdən qabaq Əli Nağıyev, Murtuz Ələsgərov, Səfiyyar Musayev, Ağabəy Əsgərov, Rizvan Vahabov və daha bir neçə nəfər getmişdi. Sonra Sirus Təbrizli getdi və 38 gün orda qaldı.

– Səyyad müəllim, Naxçıvana getməkdə məqsədiniz nə idi?

– Məqsədimiz Heydər Əliyevlə görüşüb onu Azərbaycanda hakimiyyətə gəlməyə razı salmaq idi!.. Naxçıvanda bir çox hadisələr oldu və Sirus Təbrizli orda çox fəal mübarizə apardı. Burda isə Sirusun kölgəsini qılınclarıydılar ki, gələn kimi onu həbs edəcəyik. O vaxt Sirusun “Heydər bəyi biz çağırmalıyıq” adlı böyük bir intervüsü də çap olundu. “Səs” qəzetində dörd nömrə getdi. O intervünün ikinci hissəsi çap olunanda rəhmətlik Zahid Qaralovla mənim “Heydər dağına kölgə salmaq olmaz” adlı yenə də ard-arda dörd nömrə intervümüz çap olundu.

Bu məqalələr camaatı Heydər Əliyevin gəlişinə hazırladı. Belə yazılardan biri də yazıçı Azər Abdullanın “Respublika” qəzetində Heydər Əliyevlə intervüsü oldu. Azər o intervüdə Heydər Əliyevi tamam başqa rakursdan xalqa təqdim elədi. Çünki camaatın Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən xəbəri yox idi. İşıqlandıran isə ancaq “Səs” qəzeti idi.

– Heydər Əliyevlə ilk görüşünüzdə nə danışdınız?

– İlk görüşdə çox marqlı nüanslar oldu. Təbii ki, Fikrət İsmayılov ağsaqqal olduğuna görə o, Heydər Əliyevlə daha çox söhbət eləyirdi. Həm də biz o zaman Naxçıvana maddi yardım aparmışdıq. Bu maddi yardımın da əsasını Bakıda işləyən naxçıvanlı iş adamları, eyni zamanda bir sıra idarə və müəssisələrin rəhbərləri təşkil edirdi.

– Maddi yardımı kimə verdiniz?

– Naxçıvanda daim düşmən atəşi altında olan kəndlərə, xüsusən, Şərurun kəndlərinə verdik.

– Bu görüşə qədər Heydər Əliyev sizi tanımırdı?

– Şəxsən məni tanımırdı. Yadıma gəlir, ulu öndər akademik Nadir Seyidova dedi ki, sən mənə bir nəfəri xatırladırsan, amma bilmirəm, düzmü deyəcəm? De görüm, sən Samovar Qurbanın nəyisən? Nadir Seyidov da bir az utandı, dedi ki, nəvəsiyəm. Ulu öndər qayıtdı ki, deyirəm axı, ona oxşayırsan.

– Bəs sizə nə dedi?

– Mənə çatanda dedi ki, sən hardansan? Dedim, İmişdidən. Yenə soruşdu ki, hardan? Təzədən dedim, İmişdidən. Dedi, niyə İmişlidən yox, İmişdidən? Cavab verdim ki, müxtəlif versiyalar var. Deyirlər ki, bu, qədim türk tayfalarından İmaşın adı ilə bağlıdır. Sonra get-gedə fonetik dəyişikliklər baş verib, İmişdi olub. Yeri camaatın da 99 faizi İmişdi deyir. Məsələn, dünən hardaydın? İmişdidə. Sabah hara gedəcəksən? İmişdiyə. Hardansan? İmişdidən.

Ulu öndər güldü, dedi ki, pis quraşdırmadın. Mən də çiynimi çəkdim, daha bir söz demədim. Sonra soruşdu ki, mən Moskvaya gedəndə İmişlidə raykomun birinci katibi Qadir İsmayılzadə idi, o, indi hardadır? Dedim, yaxşıdır, sağ olun, muzeydə işləyir, canınıza dua eləyir. Qayıtdı ki, ürəyi ağrıyır, müalicə olunurdu, mən gedənə yaxın onda şəkər də tapdılar, indi necədir? Cavab verdim ki, çox sağ olun, salamatçılıqdır. Heydər Əliyev dedi ki, Qadir İsmayılzadə onun dövrünün ən yaxşı birinci katiblərindən olub.

Sonralar mən bunu Qadir İsmayılzadəyə deyəndə o, heyrət elədi. Təkrar-təkrar soruşdu ki, Heydər Əliyev elə beləcə də dedi? Dedim ki, Qadir müəllim, əlbəttə, belə dedi. Mən özümdən quraşdırmıram ki…

– Heydər Əliyevlə əlaqələriniz sonra necə davam elədi?

– Mən bundan sonra tez-tez Naxçıvana gedirdim, Naxçıvandan yazılar yazırdım. Məsələn, SSRİ-nin tərkibində qalıb-qalmamaq məsələsi ilə bağlı referendumda Naxçıvan iştirak eləmədi. Buna görə Mütəllibov hakimiyyəti Naxçıvana təzyiqlər edirdi. O zaman bir yazı yazdım: “Naxçıvan – ögey övlad?” Sonra belə bir yazım da oldu: “Günəşli diyarın soyuq günləri”.

Naxçıvan çox ağır blokada şəraitində yaşayırdı. Elektrik demək olar ki, çox az idi. Qızdırıcı sistemlər işləmirdi. Olduqca soyuq havaların hökm sürdüyü bir vaxtda belə bir yazı da yazmışdım: “Naxçıvan qış sessiyası ərəfəsində”. Sessiya sözü imtahana aid idi. Yəni Naxçıvan bu qışdan necə çıxacaq?

Belə bir vaxtda ulu öndər Naxçıvanın ayaq üstə qalması üçün Türkiyədən kredit almışdı. O kreditlə 1992-ci ilin axırı, 93-cü ilin qışından Naxçıvanı vəziyyətdən çıxardı. Xalq Cəbhəsi də Heydər Əliyevin uğurlu fəaliyyətinə maneçilik törədirdi. Məsələn, Siyavuş Mustafayevi Naxçıvanın Daxili İşlər naziri qoymaq istəyirdilər. Heydər Əliyev isə onun tamamilə bu sahədən kənar olduğunu əldə əsas tutaraq, nazir olmasına icazə vermirdi. Ona görə də o vaxtkı Xalq Cəbhəsi rəhbərliyi Heydər Əliyevin əlindən çox yanıqlı idi. Nəticədə də 24 oktyabrda Heydər Əliyevə qarşı bir hərəkat başladı, televiziyanı və bir sıra idarələri tutdular. Amma Naxçıvan, xüsusən, Nehrəm camaatı gəlib həmin adamları demək olar ki, süpürüb kənara atdı. Çevrilişə imkan vermədilər, xalq Heydər Əliyevi çox böyük əzimkarlıqla müdafiə elədi.

– Siz də “91-lər”dənsiniz?

– Mən konkret olaraq “91-lər”dən deyiləm. Müraciətə Ağabəy Əsgərov imza atmışdı, dedim ki, mənim də qol çəkməyimə ehtiyac varmı? Dedi, mən onsuz da bütün redaksiyanın adından imza çəkmişəm. Mənim imzama ehtiyac olmadı, amma o prosesin içində idim.

– Siz neçə çağırış deputat seçilmisiniz?

– İki dəfə…

– Bəs sonra niyə seçilmədiniz?

– Sonra seçilmədim və Yeni Azərbaycan Partiyasında işimi davam elədim.

– İstanbulda Baş konsul da oldunuz…

– Bəli, dörd il də Baş konsul işlədim. Daha sonra bir qədər boş qaldım. Bir müddət Milli Məclisdə çalışdım. Sonra Dini Komitəyə birinci müavin vəzifəsinə göndərildim.

– Demək olarmı ki, xidmətləriniz unudulmadı, hər zaman diqqətdə oldunuz?

– Allah min rəhmət eləsin, Heydər Əliyevin yolunda, Yeni Azərbaycan Partiyasının qurulmasında, fəaliyyətində xırdaca əməyi olan adamların heç biri ulu öndər tərəfindən unudulmadı.

Bir məsələni də qeyd edim. Təsəvvür eləyin, 1992-ci ilin 21 noyabrında – Yeni Azərbaycan Partiyasının təsis konfransı günü Naxçıvan Ali Məclisində Siyasi Şuranın yeni seçilmiş 51 nəfərdən ibarət üzvləri ilə görüş keçirildi. Ulu öndər orada hamımızı xəyallara daldıran, hamımızın qəlbində böyük ümid çırağı yandıran tarixi bir nitq söylədi. Dedi ki, siz hamınız gələcəkdə böyük insanlar olacaqsınız. Amma insanlara qarşı diqqətli olun. Qəbulunuza gələn adamlarla heç vaxt öz xidməti stolunuzun arxasında oturub danışmayın. Gələn adamı mütləq gözəl, allı-güllü, geniş, işıqlı kabinetizin ortasında qarşılayın. Yerinizdə oturub həmin adamın sizə yaxınlaşmasını gözləməyin. Onu yarı yolda qarşılayın və masanızın qabağında balaca stol olacaq, orda o adamla üzbə-üzə oturun. Dərhal çay gətizdirin. Əlinizi birinci qəndə atmayın, şokolada uzadın. Bəlkə yanınıza gələn adam neçə vaxtdır şokalad yeməyib. Ola bilər ki, yanınıza gələnlərin hamısının istəyini yerinə yetirə bilməyəcəksiniz.

Təbiidir, bəzən elə xahişlər olacaq ki, onu yerinə yetirmək sizin üçün çətinlik yaradacaq. Çünki bir çox şeylər sizdən asılı olmaya bilər. Lakin onu elə yola salın ki, o adam sizdən narazı getməsin. Mütləq onu qapıya qədər, katibənizin otağından çıxana kimi ötürün. Ona ümidli sözlər deyin. Çalışın ki, onun qəlbini qırmayasınız. İnsanları yola verməyi öyrənin. Rəhbərin ən mühüm kefiyyətlərindən biri də insanları yola vermək bacarığıdır. “Yox”u da elə deyin ki, onun qəlbi qırılmasın. O, bilsin ki, bu iş həqiqətən də sizin imkanlarınız xaricindədir. Özünüzü çəkməyin. Sadə olun, mehriban olun. Və heç vaxt unutmayın ki, siz də həmin adamlar kimi qəbula gedərsiniz, uzun müddət gözləyərsiniz və onda başa düşərsiniz ki, qəbullarda gözləmək nə deməkdir.

Adamları çox gözlətməyin, bacardığınız qədər onları tez qəbul edin və mümkün qədər yaxşı yola salın. Rahat yola salın.

– Səyyad müəllim, yaxınlarda “Sazaq” adlı bir nəsr kitabınız çap olundu. Bu, sizin neçənci kitabınızdır?

– Beşinci kitabımdır. Povest və hekayələrdən ibarətdir.

– O biri kitablarınız da nəsrdir?

– Bəli…

– Romanınız yoxdur?

– Belə qərara gəldim ki, əvvəlcə hekayələr və poveslər kitabımı çap eləyim. İnşallah, romanlarımın çapı isə yəqin ki, yaxınlarda baş tutacaq. Üç hazır romanım var, amma yekunlaşma işləri qalıb. Sadəcə, vaxtım olmur ki, oturub onları rahat işləyim. Mən deputat vaxtı da kitablar çap etdirməyə utandım ki, deyərlər vəzifəsindən sui-istifadə eləyir. Ümumiyyətlə, deputat vaxtı çox adamlar çox işlər gördü. Amma mən heç nə eləmədim.

– Peşimansınız?

– Peşiman deyiləm. Sadəcə, xarakterim belədir. Bütün dövrlərdə müəllimlik ruhu məni tərk eləmədi. Hətta haqqım çatan şeylər var ki, onları dilimə gətirməyə utanıram. Mənim heç cındır bir budkam da olmadı. Çünki həmişə müxalifət nümayəndələri ilə debatlarda olurdum, istəmirdim mənə desinlər ki, nə təmizlikdən, ədalətdən dəm vurursan, filan kafelər, filan restoranlar sənin deyilmi? Bunun dərdindən mən belə şeylərlə məşğul olmadım.

– Dini Komiteyə sizin sədr gəlmək söhbətiniz vardı. Amma sonra Mübariz Qurbanlı oldu. Özünüz bu barədə nəsə bilirdinizmi?

– Qətiyyən! Mənə Mübariz Qurbanlının gəlişini digər müavin xəbər verdi. Qəzetlər dərhal bu barədə fikrimi soruşdular. Mən də söylədim ki, bura sədr gəlmək üçün yüz variant vardı. Onun 99-u səhv idi. Yalnız biri düz idi. Xoşbəxtlikdən həmin düz variant oldu.

Mənim bura sədr gəlmək söhbətim isə mətbuatın irəli atdığı iddia idi. Halbuki qəti belə bir fikrim olmayıb. Hesab edirəm ki, bizim necə işləməyimiz, məqsədyönümlü fəaliyyətimiz bütün respublikada danışılır, deyilir. Hamı da bunu görür, bilir…

Kəramət, mən belə bir adamam ki, harda işləyirəmsə, işimə xəyanət eləyə bilmirəm. İşimi sevərək görürəm. Müəllimlikdə də belə oldum, direktorun birinci müavini olanda da, deputat və Baş konsul olanda da… İndi də beləyəm. Çexov deyirdi ki, həkimlik mənim arvadımdır, yazıçılıq isə məşuqəm. Təbii, mən Çexov deyiləm. Sadəcə, vəziyyətimi izah eləmək üçün bu sözü dedim.

Bir də ömür boyu nəyə əməl elədiyim bir şeyi həmişə gənclərə məsləhət kimi deyirəm. Çin məsəlidir: “Başını aşağı salıb, öz işinlə yaxşı məşğul ol, səni görəcəklər”. Mən bu ali fikrin təsdiqini öz həyatımda görmüşəm. Ona görə də bütün işlədiyim dövrlərdə məni özümdən xəbərsiz vəzifəyə çəkiblər. Həmişə vəzifədə olmuşam.


Müəllif: Kəramət Böyükçöl

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …