Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Əsədin Ərdoğana qarşı gizli Suriya-İran-Rusiya sövdələşməsi…(?)

Əsədin Ərdoğana qarşı gizli Suriya-İran-Rusiya sövdələşməsi…(?)

Suriya hökuməti Türkiyənin ölkənin şimalındakı Afrin bölgəsində hərbi əməliyyata hazırlaşmasına münasibət bildirib. Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad dövlət televiziyasına müsahibəsində Türkiyənin Afrinə yönəlmiş hər hansı hərbi əməliyyatının ölkəyə hücum kimi qiymətləndiriləcəyini bildirib. “Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə, Suriya hava hücumundan müdafiə sistemi türk təyyarələrini yox etməyə hazırdır”, – deyə o söyləyib.

Xatırladaq ki, Türkiyə terror təşkilatı saydığı PYD-YPG-nin Afrindəki qüvvələrini zərərsizləşdirmək üçün hərbi əməliyyata hazırlaşır. Bu məsələni Rusiya ilə müzakirə etmək üçün Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan Moskvaya gediblər.

Məlumdur ki, Bəşər Əsədin hazırda ayaqda qalmasında Türkiyənin də rolu az olmayıb. Bəllidir ki, həmin konfliktin ən qızğın çağlarında İran-Rusiya və Türkiyə vahid mövqedən çıxış edirdilər. Hazırda Bəşər Əsədin Türkiyəni hədələməsi avtomatik olaraq bir sualı ortaya çıxarır: Suriya prezidenti bu gücü hardan alır? Ola bilərmi ki, hazırkı mərhələdə Əsədi buna gizli olaraq İran-Rusiya cütlüyü təhrik edir? Yəni Əsədlə İran-Rusiya cütlüyü arasında Türkiyəyə qarşı gizli razılaşmanın olması mümkündürmü?

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Əsədin belə cəsarətlənməsinin kökündə başqa amillərin durması aydın görünür: “Bəşər Əsəd Türkiyə hakimiyyəti tərəfindən “persona non qrant” edilən şəxsdir. Suriyada bir ara Türkiyənin də onun marağına uyğun davranması heç də Əsədə olan sevgidən qaynaqlanmırdı. Türkiyə və Rusiyanın Suriyadakı ümumi ortaq hədəflərinin gözlənilmədən ayrılması onları regionda öz təsir dairələri üçün genişmiqyaslı savaşa qoşulmağa məcbur edib. İdlibdəki partizanların taleyi və Rusiyanın YPG-yə sarsılmaz dəstəyi Türkiyə və Rusiya arasında əsas fikir ayrılığıdır. Məhz bu, Türkiyəni məcbur edir ki, YPG-yə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Mən bu baxımdan Türkiyənin mövqeyini haqlı sayıram. Çünki həmin YPG qüvvələrindən daha çox Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilir. Hazırkı vəziyyət elədir ki, Türkiyənin bölgədə sıxışdırılması hətta ABŞ-ın özünün də maraq dairəsindədir. Əsəd bunu görür və yaramış situasiyadan istifadə edərək belə cəsarətlənir. Suriya prezidentinin hədəsinin mahiyyətinə diqqət edək. Deyir ki, Türkiyə təyyarələrini vuracaq. Suriyanın belə imkanda olan hava hücumundan müdafiə qurğuları varmı? Təbii ki, yox”! Həmin qurğuları Rusiya yerləşdirib və Suriyanın hava məkanına da özü nəzarət edir. Deməli, Əsəd öz dililə deyil, Rusiyanın diqtəsi ilə danışır. Təbii ki, bu məsələ də İranla Rusiyanın marağına uyğundur. Ancaq Ərdoğanın davranışlarından hiss edilir ki, Türkiyə Suriya ərazisində cəmləşən kürd separatçılarına qarşı qətiyyətli mövqeyindən geri çəkilən deyil”.

Məhəmmədəli QƏRİBLI

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …